Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6391/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(006)-3183/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Quba Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(027)-12/2022 nömrəli hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə, onun 10 avqust 2021-ci il tarixdən 11 avqust 2021-ci il tarixədək həbsdə olduğu 01 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla isə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2022-ci il tarixli, 1(105)-291/2022 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 09 mart 2022-ci hökmü ləğv edilmiş, İddiaçı CM-nin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirmədiyinə görə bəraət verilmiş, onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası bəraət almış şəxsə izah edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli, 1(102)-376/2023 nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı istintaqa (10 avqust 2021 - 05 avqust 2022) cəlb edilmiş, barəsində tutulma, polisin nəzarəti altına vermə, sonra həbs qətimkan tədbiri seçilərək, hüquqları məhdudlaşdırılmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş mənəvi ziyana görə 15000 manat məbləğində pulun cavabdeh vasitəsilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(027)-12/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Həbsdə olduğu 10 avqust 2021-ci il tarixdən 11 avqust 2021-ci ilədək olan müddət 1 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkməsinin 05 avqust 2022-ci il tarixli hökmü ilə Quba rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ləğv edilmiş, təqsirin sübula yetməməsi əsası ilə ona bəraət verilmişdir. Həmin hökmdən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli, 1(102)-376/2023 nömrəli qərarı ilə təmin edilməmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, barəsində bəraət verilməsi barədə qərar qəbul edilmiş və qüvvəyə minmişdir. Barəsində qanunsuz olaraq cinayət işi başlanmış, həbs qətimkan tədbiri seçilməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. Bu müddət ərzində mənəvi, psixi və fiziki iztirablar çəkmişdir. Belə ki, ən dəhşətli sarsıntı və iztirab azadlığının əlindən alınmasıdır. Barəsində seçilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində azadlıq hüququ əlindən alınmışdır. Belə ki, uzun müddət polisin nəzarəti altında olmuşdur. Məhkəmənin hökmü ilə uzun müddət azadlıqdan məhrum edilmişdir. Təbii ki, dünyada azadlıqdan qiymətli və dəyərli hər hansı anlayış yoxdur. Hüquq mühafizə orqanlarının təqsiri üzündən azadlığını itirmişdir. Bütün ömrü boyu vicdanla yaşamış və fəaliyyət göstərmişdir. Ətrafda olanlar və onu tanıyanlar, qohumları onu vicdanlı bir şəxs kimi tanımışdır. Barəsində cinayət işinin başlanması və həbs qətimkan tədbiri seçilməsi və ittihamedici hökm qəbul edilməsi cəmiyyətdə olan imicinə mənfi təsir göstərmişdir. Cəmiyyətdə hamı onu bir cinayətkar kimi qəbul etmişdir. Əvvəlki vəziyyətin bərpa edilməsi mümkün deyil və bütün ömrü boyu “cinayətkar” damğası altında yaşayacaqdır. Ona vurulan mənəvi sarsıntılardan biri də səhv etmiş hüquq mühafizə orqanları əməkdaşlarının yol verdiyi səhvlərə görə heç kəsin məsuliyyətə cəlb edilməməsi, ondan bir zərər çəkən şəxs kimi üzr istənilməməsidir. Keçirdiyi mənəvi sarsıntıları heç bir pulla ölçmək mümkün deyil. Lakin, mövcud qanunvericiliyin tələblərinə əsasən mənəvi sarsıntılar, iztirablar maddiləşdirilməlidir. Ona vurulan mənəvi sarsıntıları və digər məhrumiyyətləri 15000 manat həcmində dəyərləndirir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(006)- 3183/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 8500 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının xeyrinə ədalətli həddə, yəni şübhəli şəxs qismində tutulma müddəti (10 avqust 2021 - 11 avqust 2021), polisin nəzarəti altına vermə müddəti (11 avqust 2021 - 09 mart 2022) üzrə 3500 manat (7 ay x 500 manat) və həbs müddəti (09 mart 2022 - 05 avqust 2022) üzrə 5000 manat (5 ay x 1000 manat) olmaqla, ümumilikdə 8500 (səkkiz min beş yüz) manat məbləğində mənəvi ziyan tutulmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56, 57, 58, Mülki Məcəllənin 21, 23, 1101.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə görə, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 8500 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 8500 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
16. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 57.2. Vurulmuş ziyan aşağıdakı andan hesablanır: 57.2.1. Bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilən şəxslərə - cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra; Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; Maddə 63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
17. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunu: Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda yaranır.
Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamə bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş mənəvi zərərin məbləği dəyişdirilməlidir.
23. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin halları üzrə mənəvi zərərin tutulmalı olması ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətlərin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
24. Belə ki, cavabdehin şikayətin dəlilləri əsasən, Maliyyə Nazirliyinin hazırkı iddiaya cavab verməli olan orqan olmaması, Nazirliyin ümumiyyətlə bu kateqoriya işlər üzrə qətnaməni icra etmək səlahiyyətinin olmaması ilə bağlıdır.
25. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
26. Göründüyü kimi, Maliyyə Nazirliyi dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət büdcəsinin vəsaiti əsasında ödənilməsi isə birbaşa qanunun tələbi olduğundan Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh olması doğru olmuşdur.
27. Cavabdehin digər şikayət dəlili - məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməməsi barədə dəlil də əsassızdır ona görə, bu tələb hazırkı mübahisənin predmeti deyildir və cavabdehin göstərdiyi təqsirli şəxslər də hazırkı icraat çərçivəsində müəyyənləşdirilə bilməz.
28. Cavabdehin mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəalarının nəzərə alınması barədə dəlili də əsassızdır.
29. CPM-in sözügedən 190-cı maddəsi zərər çəkmiş şəxsə verilən kompensasiyanın miqdarını müəyyənləşdirir. Bu maddənin məğzi zərər çəkmiş hər bir şəxsin onların təhlükəsizliyinin təmin edilə bilməməsinə görə kompensasiya almaq hüquqlarının təmin edilməsindən ibarətdir.
30. Hazırkı iş üzrə iddiaçı isə bəraət almış təqsirləndirilən şəxsdir və cinayət prosessual qanunvericilikdə bu kateqoriya şəxslərə vurulmuş ziyanın ödənilməsi qaydası və şərtləri Məcəllənin 56-63-cü maddələri ilə tənzimlənir. Məcəllənin 58.2-ci maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs də daxil olmaqla vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslərə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
31. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği dəyişdirilməlidir.
32. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin tətbiq edildiyi müddət üçün hər ay 500 manat olmaqla cəmi 3500 manat mənəvi zərər məbləği hesablanmışdır. Kollegiya hesab edir ki, polisin nəzarəti altına vermə nisbətən yüngül qətimkan tədbiri olduğu, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabların da müqayisədə daha az olduğu üçün, bu tədbirin tətbiq olunduğu hər ay üçün mənəvi zərərin məbləği 300 manat müəyyən edilməklə, buna uyğun hesablama aparılmalıdır.
33. Belə bir qayda ilə hesablama nəticəsində isə cavabdehdən tutulmalı olan mənəvi zərərin məbləği 7100 manat məbləğdə müəyyən edilir.
34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə mənəvi zərərin məbləği hissədə düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(006)- 3183/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(006)- 3183/2023 nömrəli qətnaməsi zərərin məbləği hissədə dəyişdirilsin. 7100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev