Məhkəmə qərarları › İş №2(103)-6393/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6393/2022

24.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6393/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı ”müqavilənin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(003)- 1659/2022 saylı işi üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m olan fərdi yaşayış evinin Cavabdeh1 Nurəddin qızına bağışlanmasına dair 30 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində bağlanmış daşımaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh1 məhkəməyə iddia tələbinə dair etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, hazırki iddia tələbi ilə bağlı müddət ötürüldüyü üçün həmin tələbin təmin edilməməsini xahiş etmişdir.

3. İşə baxmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(003)- 1659/2022 saylı işi üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə; 29-cü maddəsinə; Mülki Məcəlləsinin 6, 152.1, 152.5, 666.1, 666.2, 667.1, 668.1.1, 674; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.1, 218.3, 372, 373.4, 673.3-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarına; İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1 -ci maddəsinə istinadən) İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı "30 oktyabr 2019-cu il tarixdə bağlanmış daşımaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” barədə iddiasının rədd edilməsi,məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yarımçı sahəsi 47,8 kv/m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə ona məxsus hissəsini qızı Cavabdeh1 Nurəddin qızına bağışlamışdır; -Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətini tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışa əsasən Cavabdeh1 Nurəddin qızı xx.xx.1982-ci ildə doğulmuşdur. X1, anası İddiaçıdır; - X12, X9, X4, X6, X13 tərəfindən verilmiş ərizələrə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən əmlakın ona məxsus olan hissəsini Cavabdeh1 Nurəddin qızına bağışlanmasına etiraz etməmişlər; -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122,1 kv/m olan fərdi yaşayış evi Cavabdeh1 Nurəddin qızının mülkiyyətindədir (iş.səh.9,11, 22, 23-36). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Mülki Məcəllənin 421- 424,673-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı həmin evi qızına bağışlamaqda məqsəd onun təkidi olmuşdur. Belə ki, qızı, eyni zamanda cavabdeh ona ünvan 2 ünvanında olan mənzilini ona inandıraraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m olan fərdi yaşayış evinə köçmək gərəkdiyini bildirmişdir. O da ana olaraq qızının könlü xoş olsun deyə adı çəkilən evini satmış və Buzovnada olan həmin evə köçmüşdür. Həmin evin təmirinə də 50000 manatdan çox pul xərcləmişdir. Qeyd olunan evə təmir xərcləri üçün ona məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 17,1 kv.m olan qeyri yaşayış sahəsini satışından əldə olunmuş vəsaitdən istifadə etmişdir. Daha sonra cavabdeh həmin evi ona bağışlamağı xahiş etmiş, onsuz da ondan sonra ona qalacağını, yenə də o , onun övladı yəni nəvə ilə birlikdə yaşadığı, kimin adında olmasının nə fərqi var deyərək indidən rahat olması üçün bağışlamağını təkid etmişdir. O da heç bir tərəddüd etmədən buna razılaşmış, adı çəkilən fərdi evi qızına bağışlamışdır. Lakin daha sonra cavabdehin ona, qardaşına olan münasibətləri dəyişməyə başladı. Bir müddət sonra onu ümumiyyətlə evə buraxmadı və hazırda da buraxmır, o, məcbur olaraq evin birinci mərtəbəsində, təmirsiz otaqda yaşayır. Bütün əşyları da yuxarı mərtəbədə qalmış, istifadə edə bilmir. Hətta onu evə qeydiyyata salmır, belə ki, o yuxarıda qeyd etdiyi ünvanda, satdığı mənzildə hələ də qeydiyyatdadır. Bütün bunlardan sonra o başa düşdü ki, övladı da olsa onun tərəfindən aldadılmışdır. Bir neçə dəfə xahiş etdi ki, onu qeydiyyata salsın, hər dəfəsində müxtəlif bəhanələr gətirdi, daha sonra pandemiya düşdü, ondan sonra isə ümumiyyətlə münasibətlər gərginləşərək onu evə buraxmamağa başladı.

6. Cavabdeh apellyasiya şikayətinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən qeyd etdiyi halların doğru olmadığını, iddiaçının özünün münasibətləri gərginləşdirməyə çalışdığını, yaranan mübahisənin səbəbinin əslində mübahisə predmeti olan evi cavabdehdən alıb oğlu Rəhman Şabanova verməkdən ibarət olduğunu, bundan əlavə iddiaçının iddia müddətini ötürdüyünü qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, bağışlama müqaviləsinin etibarsızlığının əsasının qızının onu aldatmağı olduğunu, evi bağışladıqdan sonra qızının ona olan münasibətinin dəyişdiyini, bağışlanma müqaviləsinə dəyişiklik edilməsini, o öldükdən sonra ifadəsinin müqaviləyə əlavə edilməsini, bu mümkün olmazsa evə çəkilmiş kombi xərci olan 5000 manatın cavabdehdən alınıb ona verilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə Fiqumə xanımın evi alıb oğluna vermək istədiyi üçün cavabdehlə aralarında narazıçılıq olduğunu, mübahisənin barışıqla həll edilməsinin müzakirəsi zamanı iddiaçı tərəfin sözügedən evin yenidən onun adına keçirilməsi və lazım olarsa sonradan yenidən qızının adına keçirəcəyini bildirdiyini, lakin bu təklifin cavabdeh tərəfindən qəbul edilmədiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası MMnin 337, 339, 347, 354, 375, 666-674; Azərbaycan Respublikası MPM-in 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Qeyd edilməlidir ki, əqdin bağlanması zamanı münasibətlərin etibarlılığı müqavilənin etibarsızlığına dəlalət etmir və bağışlamaqdan imtina üçün qanunvericiliklə müəyyən edilmiş normaların dispozitiv şərtlərinə uyğun iddiaçının sonradan aldanılmasını görərək yanlış addım atmasının dərk etməsi əqdin ləğvinə yönəlik tələbin irəli sürülməsi üçün əsas ola bilsə belə, iddiaçı iddia edilən halların təsdiq edilməsinə dair müvafiq sübutları təsdiq etməmişdir. Münasibətlərin mahiyyəti bağışlamaqdan imtina hüququnun həyata keçirilməsi məsələlərinə toxunur. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir və qanunvericiliklə müəyyən edilmiş halların sübuta yetirilməsi bağışlamanı ləğv etmək barədə iddia tələbinin irəli sürülməsini mümkün edir.

11. Hazırki mübahisəli münasibətlər üzrə cavabdeh müddətin tətbiqi üzrə ərizə ilə müraciət etmiş, iddiaçı isə müddətin ötürülməməsi (hüququnun pozulduğunun bildiyi zamana dair) və ya üzrlü səbəbdən ötürülməsi barədə fərqli mövqe sərgiləməmişdir.

12. Mülki Məcəllənin 669-cu maddəsinə əsasən Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər.

13. Mülki Məcəllənin 673-cu maddəsinə əsasən Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

14. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 15.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(003)-1659/2022 saylı işi üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar