Məhkəmə qərarları › İş №2(103)-6397/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6397/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6397/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı “xxxxxxxxx” ASC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair işə baxılmasının ərazi aidiyyətinin mübahisələndirilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan yanacaqdoldurma məntəqəsinə xx.xx.2020-ci il tarixdə güclü külək əsməsi nəticəsində maddi ziyan dəydiyini, həmin ziyanın ödənilməsi məqsədilə əmlakını sığortalamış olan “xxxxxxxxx” ASC-nə müraciət ünvanladığını, lakin cavabdehin sığorta ödənişi verməkdən imtina etdiyini bildirmiş, buna görə də “xxxxxxxxx” ASC-dən 5241 manat sığorta ödənişinin (maddi ziyanın əvəzinin), 1500 manat mənəvi ziyanın əvəzinin və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, xx xxx 2020-ci il tarixdə keçirilən hazırlıq iclasında isə işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi özünün xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsi öz qənaətinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə istinad etmiş, iddia tələbinin Binəqədi rayonunun ərazsində yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğunu vurğulamaqla, müstəsna aidiyyat qaydalarına uyğun olaraq işə əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalı olması nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, Yasamal Rayon Məhkəməsi işi Binəqədi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır - çünkü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə görə isə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; həmin Məcəllənin 39.1-ci maddəsinə görə isə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia tələbindən aydın olur ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqaviləyə istinad etməklə xeyrinə sığorta ödənişinin tutulmasını tələb etmişdir və bu tələbin MPM-nin 39.1-ci maddəsində sadalanmış hallarla heç bir əlaqəsi mövcud deyildir. Qeyd olunmalıdır ki, “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ” və “şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasının yolverilməzliyi” konstitusion prinsiplərdir (Konstitusiyanın 62-ci maddəsi) və bu kontekstdə qeyd olunmalıdır ki, aidiyyat qaydalarına əməl edilmədən aparılan istənilən prosessual addım qanunsuz olmaqla məhkəmə aktının ləğvi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxx” ASC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakimlər: Elnur Həsənov Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar