Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6405/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı X2, Cavabdeh Firidun oğlunun iştirakı ilə, İddiaçı X2 Cavabdeh Firidun oğluna qarşı «aliment» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1615/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Əliyev Cavabdeh Firidun oğluna qarşı «aliment» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 190 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci ildə Lənkəran şəhərində anadan olmuş, 1978-ci il tarixdə X4 ilə ailə həyatı qurmuş, həyat yoldaşı 2003cü ildə vəfat etmişdir. Cavabdehi o və həyat yoldaşı 1985-ci ilin dekabr ayında övladlığa götürmüşlər. Gənc olan zaman oğlunun təhsilinə və tərbiyəsinə şəxsən özü nəzarət etmiş, ona yaxşı təhsil verilməsinə nail olmuşdur. 37 il ümumi əmək stajı vardır. Bütün qazancını daim ailəsinə sərf etmişdir. Oğlunu həm təhsillə, həm də işlə təmin etmişdir. Ona ailə həyatının qurulmasında maddi və mənəvi dəstək olmuşdur. Hazırda həm oğlu, həm gəlini işləyir. Oğlu ali təhsilli idman müəllimi, gəlini isə musiqi müəlliməsidir. Özü hazırda təqaüdçüdür, lakin aldığı təqaüd ona kifayət etmir. Oğlu isə ona maddi və mənəvi yardım göstərmir və bundan imtina edir. Əksinə ondan müxtəlif bəhanələrlə pul tələb edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 1615/2020 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmamışdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, sübutlara düzgün qiymət verilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki, hazırda rəsmi iş yeri yoxdur, kirayə evdə az yaşlı uşağı və arvadı ilə birlikdə yaşayır. Maddi imkanı atası olan iddiaçıya aliment ödəməyə kifayət etmir. Özünün ailəsini güclə saxlayır. Boks üzrə məşqçi olsa da, uzun müddətdir ki, karonavirus epidemiyasının yayılması və karantin rejimi ilə bağlı faktiki işləmir və ümumiyyətlə həmin istiqamətdə nə vaxt işləyəcəyi məlum deyildir. Eyni zamanda iddiaçının özü pensiya alır və özünü təmin etmək iqtidarındadır. Hazırda atası ilə mənzillə bağlı məhkəmə çəkişməsi vardır, münasibətləri yaxşı deyildir. Hesab edir ki, atası bilərəkdən ona qarşı hazırki iddianı qaldırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını,birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam, hər tərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının cavabdehin atası olması, iddiaçının xx.xx.1952-ci il təvəllüdlü olmaqla pensiyaçı olması və özünün də bildirməsinə əsasən hər ay 230 manat pensiya alması işin mübahisə olunmayan hallarıdır. Qeyd edilməlidir ki,Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra, AM) 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. AM-nin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. AM-nin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi vəziyyəti, ailə vəziyyəti və diqqətəlayiq digər maraqları nəzərə alınmaqla, iddianın hazırki vəziyyətdə əsaslı olub-olmaması yoxlanılmalıdır. İşdə olan sübutlardan isə cavabdehin maddi vəziyyətinin iddiaçıya aliment ödənilməsi üçün yetərli olması görünmür. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda,iddiaçı hər ay 230manat pensiya almasını da bildirir. Halbuki,«Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə … pensiyaçılar üçün 157manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi,iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X2 Cavabdeh Firidun oğluna qarşı «aliment» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1615/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1615/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6405/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6405/2020
08.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver