Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6405/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13.870 manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Ülkər Yusifova) iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
3. Bundan sonra həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
7. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(007)- 172/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, iddiaçıya məxsus əmlakların Cavabdeh alınaraq İddiaçı verilməsi və 20 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(007)-833/2020 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
9. Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)- 1683/2022 nömrəli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi cəlb edilməklə Cavabdeh qarşı “əşya və əmlakların dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
10. Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(007)- 3089/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir.
11. Nizami Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(007)- 591/2023 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “qızılzinət əşyaları” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
12. Daha sonra İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki iş 2(007)-1466/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13.870 manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Nizami Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(007)- 1466/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
14. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(007)- 1466/2023 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
15. Nizami Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(007)-1466/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1466/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3879/2023 nömrəli qərardadı şikayət təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1466/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. İddiaçı xx.xx.2023-cü il tarixdə eyni tələblə (Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13.870 manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.) iddia ərizəsində heç bir dəyişiklik etmədən eyni ərizə ilə yenidən məhkəməyə müraciət etmişdir.
18. Göründüyü kimi iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yalnız formal olaraq tələbin adını dəyişməklə artıq dəfələrlə məhkəməyə müraciət etmişdir və qeyd olunan məsələ ilə bağlı müxtəlif vaxtlarda qərarlar qəbul olunmuşdur. Həmin tələbə artıq yuxarı instansiya məhkəməsi tərəfindən qiymət verilmiş, birinci instansiya məhkəməsinin qərardadı qüvvədə qalmışdır. Lakin buna baxmayaraq iddiaçı təkrar olaraq eyni tələblə məhkəməyə müraciət etmişdir.
19. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
20. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
21. Beləliklə, Kollegiya qeyd edir ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verilmədiyindən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, birinci instansiya məhkəməsi iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur.
22. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
24. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
25. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
26. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov