Məhkəmə qərarları › İş №2(103)-6413/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6413/2025

14.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6413/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)- 4731/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan nikah kağız üzərində qaldığından, onun pozulması üçün məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4199/2019 nömrəli qətnaməsinə əsasən, aralarında olan nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X5 anasının himayəsinə verilmiş və övladının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ondan 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-355/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ərizənin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4199/2019 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Tanrıverdi oğlundan Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı X4 ilə 27 noyabr 2024-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahlarını 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 3237 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikah münasibətlərindən xx.xx.2023-cü il tarixli X6 və xx.xx.2024-cü il tarixli X3 adlı iki övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra qayğıları və öhdəliyi artmışdır. Belə ki, "xxxx" MMC-də anbardar vəzifəsində işləyir və 709 manat məbləğində əmək haqqı alır. Həyat yoldaşı X4 isə övladları körpə olduğundan, işləmək iqtidarında deyil. Aldığı əmək haqqı ilə həm birinci nikahdan olan övladı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 160 manat məbləğində aliment ödəyir, həm də hazırkı nikahdan olan övladlarının bir fərd kimi böyüyüb boya-başa çatması üçün onların qayğılarına qalır. Ona görə də cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)- 4731/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-355/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində aliment məbləğinin dəyişdirilərək azaldılması və hər ay İddiaçı Tanrıverdi oğlundan sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,63 misli həddində aliment tutularaq Cavabdeh ödənilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

3. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh ilə bir nikahdan anadan olmuş uşaqların mənafeyini nəzərə aldığı kimi iddiaçının ikinci nikahından dünyaya gəlmiş azyaşlı uşaqlarının da mövcud ola biləcək maddi xərclərini, tələbatlarını nəzərə almalıdır. Bundan əlavə, elektron sistemdən müəyyən edilir ki, iddiaçının rəsmi qazancı 800 manat təşkil edir, cavabdeh də həmçinin daxili işlər orqanlarında xidmət göstərdiyini və aylıq 743 manat əmək haqqı aldığını bildirir. Ailə qanunvericiliyi uşağın saxlanmasını hər iki valideynin borcu olmasını və onun saxlanılmasında hər ikisinin eyni dərəcədə məsuliyyət daşımasını müəyyən etmişdir. Belə olan halda, məhkəmə uşağın saxlanılması öhdəliyinin yalnız atanın üzərinə qoymaqla onun ailə və maddi vəziyyətini nəzərə almaya bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

4. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ildən keçən dövr ərzində aliment artımları olsa da, hazırki iddiaçı yalnız 160 manat ödəməklə kifayətlənmişdir. Xəstə qızının müalicəsinə və saxlancına çəkilən xərclərdə iştirak etməmişdir. Əmək haqqının 800 manat məbləğində olmasına baxmayaraq, 709 manat olduğunu bildirərək məhkəməyə yalan məlumat vermişdir. İddiaçı qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. Həmçinin, məhkəmə gəldiyi nəticəni azyaşlı, xəstə qızının mənafeyi baxımından qiymətləndirməmişdir və cavabdehin də mövqeyini diqqətdən qaçırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərək bildirdi ki, 2019-cu ildən 2025-ci ilədək birgə nikahdan olan övladının saxlanılması üçün 160 manat aliment əldə etmişdir. Lakin, 2025-ci ildə uşağın tələbləri və xərcləri artdığı üçün alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və tələbi təmin olunmuşdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Əlavə olaraq qeyd etmişdir ki, uşağın hazırda 14 yaşı var, 2025-ci ildə artırılan aliment məbləği təqribən 300 manat təşkil etmiş, hazırda ikinci dəfə nikaha daxil olmuş, həmin nikahdan da 1 övladı var, özü və həyat yoldaşı da əmək fəaliyyəti ilə məşğuldur.

8. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək bildirdi ki, hazırda anbardar vəzifəsində işləyir və 714 manat əmək haqqı alır. Bundan əlavə, ikinci nikahından olan 2 övladı var və hazırda həyat yoldaşı da işləmir. Belə olan halda, artırılmış məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Əlavə olaraq qeyd etdi ki, hazırda ikinci nikahdan olan övladının 1.5 yaşı olduğundan, artıq aylıq 100 manat məbləğində müavinət almır, 252 manat məbləğində aliment ödəməyə razıdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

12. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

13. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

14. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

16. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli Qanununa əsasən ölkə üzrə 2025-ci il üçün uşaqların saxlanılması üçün minimum məbləğ 246 manat müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia qismən təmin edildiyindən, lakin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4199/2019 nömrəli qətnaməsinə əsasən, tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X5 anasının himayəsinə verilmiş və onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

21. Daha sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-355/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4199/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Tanrıverdi oğlundan Cavabdeh xeyrinə tutulan alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya olunması qərara alınmışdır.

22. İş materialları ilə müəyyən olunur ki, Mehtiyev X1 Kəmalə Tacir qızı ilə 27 noyabr 2024-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahlarınıı 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 3237 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikah münasibətlərindən xx.xx.2023-cü il tarixdə X6 və xx.xx.2024-cü il tarixdə X3 adlı iki övladları dünyaya gəlmişdir.

23. AZEMİS sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-də anbardar işləyir və aylıq əmək haqqı 800 manat təşkil edir.

24. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh qızı daxili işlər orqanlarında xidmət göstərir və aylıq əmək haqqı 743 manatdır.

25. Məhkəmə kollegiyası işin hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tərəflərin birgə nikahdan olan övladlarının saxlanmasından imtina etmir və ondan müəyyən miqdarda alimentin tutulmasına etiraz etmir. Sadəcə iddiaçının dəlili ondan ibarətdir ki, onun aldığı əmək haqqı az olduğundan birinci nikahdan olan övladına daha yüksək aliment verməyə maddi imkanı çatmır. Onun ikinci dəfə ailə qurduğu nikahdan 2 övladları vardır. Uşaqlar körpə yaşlarında olduğundan onun arvadı da işləmək iqtidarında deyil. Məhkəmə kollegiyası iddiaçının bu dəlilləri ilə razılaşır və qeyd edir ki, burada cavabdeh ilə birgə nikahdan anadan olmuş uşağın mənafeyi nəzərə alındığı kimi, iddiaçının ikinci nikahından dünyaya gəlmiş azyaşlı uşaqlarının da mövcud olan maddi xərcləri və tələbatları nəzərə alınmalıdır.

26. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Cavabdeh da hazırda işləyir və əmək haqqı alır. Qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. Belə olan halda, məhkəmə kollegiyası uşağın saxlanılması öhdəliyinin yalnız atanın üzərinə qoyulması və ondan daha yüksək məbləğdə alimentin tutulması barədə cavabdehin mövqeyini ədalətli hesab etmir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)-4731/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar