Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6418/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(005)-4240/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X1 üçün hər ay tutulan qazancının dörddə biri miqdarında olan alimentin dəyişdirilməsi, alimentin hər ay onun aylıq qazancının altıda biri miqdarında və ya ayda 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(005)-4240/2024 saylı qərardadı ilə iddia ərizəsinin yolverilməziliyinə görə icraata qəbulundan imtina edilmişdir. Qərardad ilə razı olmayan İddiaçı şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-4240/2024 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddənin tətbiqində səhvə yol verərək bu nəticəyə gəlmişdir ki, eyni tərəflər arasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2(005)-524/2023 nömrəli qətnaməsinin mövcud olduğuna görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmənin gəldiyi nəticə ona görə səhvdir ki, aliment münasibətləri davam edən münasibətlərdir və tərəflər arasında alimentin miqdarının dəyişdirilməsi barədə mübahisəyə dair qətnamənin mövcudluğu anoloji iddianın yenə qaldırılmasına mane deyildir. Əvvəlki iddia ilə indiki iddia tələbləri arasında fərq vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(005)-4240/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2024cü il tarixli, 2(005)-4240/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5 və 153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İş materiallarından görünür ki, daha əvvəl İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X1 üçün hər ay tutulan qazancının dörddə bir hissəsi miqdarında olan alimentin dəyişdirilməsi, aliment miqdarının hər ay onun aylıq qazancının altıda biri miqdarında və ya ayda 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2(005)-524/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)- 3041/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2(005)-524/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə mümkündür. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı bu tələblə çıxış edə bilməz. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)-3041/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3424/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)- 3041/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinin əsassız hesab edərək qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçıdan qazancının dörddə bir hissəsi miqdarında aliment tutulur. İddiaçı hazırda alimentin hissə şəklində deyil, 250 manat sabit pul məbləğində tutulmasını xahiş edir, iddiasını digər uşağına da aliment ödəməsi ilə əsaslandırır. Daha öncə də iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı alimentin azaldılaraq hissə şəklində və ya 220 manat sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Lakin işə baxan məhkəmələr həmin məsələyə münasibət bildirərək iddiaçının hissə şəklində tutulan alimentin sabit pul məbləğində tutulan aliment formasına keçirilməsi tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığı qənaətinə gəlmişlər. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, eyni məsələ üzrə məhkəmə qətnaməsi mövcud olduğu halda, tərəf yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, tərəf yalnız həmin qətnamədən şikayət vermək hüququna malikdir. Hazırki iş üzrə iddiaçı isə həmin hüququndan istifadə etmiş, qətnamədən şikayət versə də şikayəti təmin edilməmiş, birinci intansiya məhkəməsinin alimentin məbləğinin azaldılmasına dair iddiasını rədd edən qətnaməsi qüvvədə saxlanmışdır. Hazırki iş üzrə iddiaçı isə eyni tərəf, eyni predmet, eyni əsaslarla mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, yenidən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən müvafiq iddia ərizəsinin icraata qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə uyğun olaraq hazırkı iddia eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə düzgün olaraq iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əsasla iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmaqla, məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri düzgün tətbiq edilmişdir. Ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(005)-4240/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6418/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6418/2024
18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver