Məhkəmə qərarları › İş №2(103)-6420/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6420/2022

22.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6420/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 3 saylı notariat ofisi və Bakı şəhəri 44 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia tələblərinə dair iş üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndələri (vəkilləri) Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri (vəkilləri) Vəkil2 iştirakları ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “saxta etibarnamələr əsasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, qanuni mülkiyyətdə olan daşınmaz əmlakın qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə isə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı (İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin maraqlı şəxs qismində göstərildiyi) “ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin, bu alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi” barədə iddia tələbi rədd edilmiş, Cavabdeh1 Voroşil Məhərrəmova və Yaqub Müseyibova qarşı “mülkiyyətində olan sahədən çıxarılmaları” tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı1 apellyasiya şikayəti təmin edilməmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna qarşı “alqı-satqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsi”nə dair iddiası təmin edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2008-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

8. Ali Məhkəmənin Mülki kollegiyasının 26 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 yanvar 2009-cu il tarixli qərardadı ilə hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmiş, 04 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə isə İddiaçı1 apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi İddiaçı1 aid hissədə, həmçinin Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Ali Məhkəmənin Mülki kollegiyasının 11 mart 2011-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

12. Ali Məhkəmənin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən İddiaçı1 iddia tələbi qismən təmin edilmiş, 41 saylı DNK tərəfindən 4Ə/749 saylı reyestrlə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi və Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə İddiaçı1 aid hissədə ləğv edilməklə, onun mülkiyyət hüququ bərpa edilmiş, Cavabdeh1 41 saylı DNK-ya qarşı “26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsində notariat kontoruna təqdim edilmiş digər etibarnamələrlə yanaşı, Cavabdeh3 adına verilmiş etibarnamənin əks etdirilməsinin notariusa həvalə edilməsi” barədə iddia tələbi isə təmin edilməmişdir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı ilə isə Ali Məhkəmənin 06 fevral 2012-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir.

14. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi İddiaçı1 aid hissədə, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarıxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv olunaraq, Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı “Bakı şəhəri, A.Neymətulla küçəsi 45-də yerləşən "Ekspress" kafesinin alqı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilədə İddiaçı1 tərəfindən X4 verilmiş 02 iyun 2004-cü il tarixli Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhər notariat kontorunda təsdiq edilmiş etibarnamənin əks etdirilməsinin Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna həvalə edilməsi” tələbinə dair iddiası rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilməmişdir.

16. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı1 qarşı “daşınmaz əmlaka hüququn rəsmiləşdirilməsinin qanunsuz sayılması və çıxarışın etibarsızlığının tanınması” tələbi təmin olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 119B ünvandakı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi qanunsuz sayılmış və həmin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı çıxarışı etibarsız hesab edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadına əsasən, İddiaçı1 X5, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə və Bakı şəhər Vergilər Departamentinə qarşı “Dövlət reyestrində ilkin olaraq ünvan 4 ünvanı ilə qeydə alınmış “Ekspress” kafesinin 2-ci ünvanı olan F.X.Xoyski 119B ünvan qeydiyyatının ləğv olunması, “Ekspress” kafesinin dövlət reyestrindəki əvvəlki ünvan 5 ünvanın bərpa edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı, onlar tərəfindən edilmiş ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin («Ekspress» kafesinin) üzərində ləğv edilməmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərardadı ilə həbs olarkən və barəsində altı ilə yaxın məhkəmə mübahisəsi davam edərkən, eləcə də heç bir qanuni əsas olmadan həmin ünvanın F.X.Xoyski 119B ünvanına dəyişdirilməsi və əsassız ünvan adı altında qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 adına verilmiş Bakı şəhəri, X22 prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsi (A.Neymətulla küçəsi 45) ünvanında yerləşən 352.1 kv.m qeyri-yaşayış sahəsinə dair 001448 №-li, xx.xx.2009-cu il tarixli şəhadətnamənin və şəhadətnamənin verilməsinə əsas hesab edilən bütün sənədlərin ləğv olunması” tələbləri ayrıca icraata ayrılmış və baxılması üçün aidiyyat üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

20. Həmin məhkəmənin xx.xx.2013-cü il tarixli digər qərardadına əsasən “ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair (“Ekspress” kafesi) F.X.Xoyski 119B ünvanı adı altında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış ******* saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququna xitam verilməsi və Dövlət reyestrindəki ********* saylı xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (“Ekspress” kafesinin) F.X.Xoyski 119B ünvanı adı altında Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi və Dövlət reyestrindəki ********* saylı, xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması, Cavabdeh2 Dövlət reyestrindəki ********** saylı, xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması və həmin qeydiyyatla əlaqədar hüquq verən bütün sənədlərin ləğv olunması, o cümlədən, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (“Ekspress” kafesinin) F.X.Xoyski 119B ünvanı adı altında əldə etmiş bütün hüquqlarına xitam verilməsi, “Ekspress” kafesi və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ilə A.Neymətulla küçəsinin kəsişməsində yerləşən “Samir” restoranı üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələr və müdaxilələrin Cavabdeh1 və Cavabdeh2 qadağan olunması, “Ekspress” kafesindən Cavabdeh2 çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş mənəvi ziyanın həcminin 50000 manat müəyyən edilməsi və ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatın 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmış tələblər üzrə yekun qərar qəbul edilənə qədər dayandırılması qərara alınmışdır.

21. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əsasən, İddiaçı1 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və X16 qarşı “Bakı şəhəri, F.X.Xoyski prospekti 119B (Ağa Neymətulla 45) ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair 18 mart 2011-ci ildə bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında X14 adına xx.xx.2011-ci ildə verilmiş ******* saylı , MA seriyalı şəhadətnamənin ləğv edilməsi, onun xx.xx.2013-cü il tarixdə verilmiş seriya RX ******* saylı qeyri yaşayış sahəsinə və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət şəhadətnaməsində paylı mülkiyyətinin ləğv edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarını bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş icraatı dayandırılan mülki işlə bir icraatda birləşdirilmişdir.

22. Ayrı icraata ayrılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin göndərilmiş tələblər, İddiaçı1 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması səbəbilə həmin məhkəmənin 03 mart 2015-ci il tarixli qərarı əsasında geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə isə, işin icraatına xitam verilməsi qərara alınmışdır.

24. Həmin qərardaddan İddiaçı1 verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərardadı ilə təmin olunmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

25. İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, 11 may 2005-ci il tarixdə Bakı şəhəri 44 saylı Dövlət notariat kontorunda bağlanmış 7E-1866 nömrəli notariat işi üzrə adından saxta yolla verilmiş etibarnamənin, bunun əsasında 26 oktyabr 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı Dövlət notariat kontorunda bağlanmış 4Ə/749 saylı notariat işi üzrə 26 oktyabr 2005-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin, həmin 7E-1866 nömrəli notariat işi üzrə verilmiş saxta etibarnamə əsasında 18 mart 2011-ci il tarixdə Bakı şəhəri 3 saylı Dövlət notariat kontorunda bağlanmış 4Ə-01/101 nömrəli notariat işi üzrə 18 mart 2011-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin etibarsız hesab edilməsi, qanuni mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti 119 B ünvanında yerləşən daşınmaz əmlakın, qeyri yaşayış sahəsinin tam şəkildə mülkiyyətinə verilməsi, mülkiyyətinin əldən çıxması nəticəsində vurulmuş maddi və mənəvi zərərin hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. İddiaçıların nümayəndələri daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim etmiş, 11 may 2005-ci il tarixli 7E-1866 nömrəli saxtalaşdırılmış, legitim olmayan etibarnamə əsasında, həmçinin 2 iyun 2004-cü il tarixli saxta etibarnamə əsasında, 13 oktyabr 2005-ci il tarixli saxta etibarnamə əsasında Bakı şəhəri 41 saylı Dövlət notariat kontorunda 4Ə/749 nömrə ilə İddiaçı1 qanuni mülkiyyətində olan qeyriyaşayış sahəsi (əvvəlki ünvanı Bakı şəh, Ağa Neymətulla küç., 45, hazırda Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti 119 B, əvvəlki adı “Ekspress” kafesi, hazırda həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsi) ilə bağlı bağlanmış ******* nömrəli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmçinin bundan sonra saxta yolla özgəninkiləşdiriməklə, Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda ******* nömrə ilə bağlanmış, 18 mart 2011 -ci il tarixli, Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətində olan daşınmaz əmlakın İddiaçı1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti 119 B ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı1 mülkiyyətində olmuş, bununla bağlı xx.xx.2013-cü il tarixdə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Ancaq cavabdehlər tərəfindən bir sıra etibarnamələrin saxtalaşdırılması yolu ilə qeyri-yaşayış sahəsinin bir hissəsi başqa şəxslərə satılmış və əmlak birgə mülkiyyətə çevrilmiş, bir müddət sonra isə cavabdehlər digər sənədləri də saxtalaşdıraraq əmlakın onda qalan hissəsini də mənimsəmişlər. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 178.4-cü, 308.2-ci və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır və hazırda cinayət işinin icraatı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda davam etdirilməkdədir. Cinayət işinin icraatı zamanı cavabdehlərin, müxtəlif etibarnamələri saxtalaşdıraraq əmlakı etibarsız əqdlər əsasında ələ keçirdikləri müəyyən olunmuşdur.

28. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri (vəkilləri) məhkəməyə vəsatət (ərizə) təqdim edərək bildirmişdir ki, mübahisəsi gedən əmlakla bağlı tərəflər arasında əvvəllər çoxsaylı məhkəmə çəkişmələri olmuşdur və qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur, buna görə də işin icraatına xitam verilməldir.

29. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri (vəkilləri) daha sonra ərizə də verərək qeyd etmişdir ki, iddiaçılar hazırda mübahisəsləndirdikləri müqavilə barədə 2006-cı ildən davam edən məhkəmə proseslərindən məlumatlı olmuş, belə olan halda iddia müddətini ötürmüşlər buna görə də iddia tələbləri rədd olunmalıdır.

30. Məhkəmənin 20 iyun 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.

31. Məhkəmə, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş müxtəlif illərdə baxılmış yekun məhkəmə aktlarından, İddiaçı1 tərəfindən 18 mart 2011-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi”nin mübahisələndirildiyi və hazırkı iddia tələbində irəli sürülən əsaslarla iddialara baxıldığı aydın olur; belə olan halda isə hazırkı iddia tələbinə baxıla bilməz.

32. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə istinad etmişdir.

33. Həmin qərardaddan iddiaçıların nümayəndələri (vəkilləri) şikayət verərək onun ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, əvvəlki məhkəmə çəkişmələrində İddiaçı2 tərəf olmamış, İddiaçı1 iddia tələbləri üzrə çıxarılan məhkəmə aktlarında isə ona, etibarnamələrin legitimliyi ilə bağlı iddia qaldırmaq hüququnun olduğu izah edilmiş, iddiaçılar da məhz bu hüquqdan istifadə edərək hazırkı iddia tələblərini irəli sürmüşlər. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, tərəfləri və predmeti eyni olmayan əvvəlki məhkəmə mübahisəsinə əsaslanmaqla işin icraatına xitam vermiş, iddiaçıların məhkəmə müdafiəsi hüquqlarını məhdudlaşdırmışdır.

b) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

34. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab olunaraq, şikayətə yazılı icraat qaydasında xx.xx.2022-ci il tarixdə baxılması qərara alınmış, bununla belə sonradan kollegiya, iş materiallarına əlavə edilmiş çoxsaylı məhkəmə aktlarının irəli sürülən iddia tələbləri ilə qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi və bununla bağlı tərəflərin mövqelərinin aydınlaşdırılması üçün, şikayətə tərəflər dəvət edilməklə (şifahi icraat qaydasında) məhkəmə iclasında baxılmasını məqsədəuyğun hesab etmişdir.

35. Məhkəmə iclasında iştirak edən İddiaçı2, onun və digər İddiaçı1 nümayəndələri (vəkilləri) Vəkil1 şikayətin dəlillərini müdafiə edərək göstərmişlər ki, əvvəllər baxılan işlərdə müqavilənin ləğvi tələbi irəli sürülsə də, onun etibarsız sayılması tələbi olmamış, eləcə də etibarnamələrin legitimliyi məsələsi araşdırılmamışdır. Buna görə də məhkəmə iddia üzrə icraata xitam verməklə qanunvericiliyin tələbini pozmuşdur.

36. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) Vəkil2 şikayətin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, 2006-cı ildən davam edən məhkəmə mübahisələrində mübahisələndirilən alqı-satqı müqaviləsinə qiymət verilmiş, əvvəllər baxılan iddialar hazırkı iddia tələbləri ilə eyni əsaslar üzrə irəli sürülmüş, müqavilənin etibarsız sayılması tələbinə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə əvvəllər də xitam verilmişdir.

37. Cavabdeh3 məhkəməyə gəlməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

40. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

41. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

42. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Qanuni qüvvəyə minmiş məhkəmə aktları (§ 13, 15-24) ilə müəyyən olunmuşdur ki, ünvan 9 ünvanda yerləşən “Ekspress” kafesi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Dovlət Əmlakının Hüquqi və X13 haqqında 01 oktyabr 1997-ci il tarıxlı Şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında İddiaçı1 və X4 məxsus olmuş, Rusiya Federasiyası, İrkutsk vilayəti, Ust-İlimsk şəhərində yaşayan İddiaçı1 Şükur qızı Bakı şəhərində yaşayan qardaşı X4 Bakı şəhərı, A.Nemətulla küçəsi 45-də yerləşən “Ekspress” kafesi və “Samir” restoranı uzərındə sərəncam hüququ verən 02 iyun 2004-cü il tarixli etibarnamə vermiş, həmin tarixdə eyni zamanda İddiaçı1 əri X11 etıbarnamədə göstərilən əmlakların satılması barədə razılıq imzalamış, həm etibarnamə, həm də razılıq Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərinin notariusu S.İ.Frolova tərəfindən təsdiq olunmuş, 11 may 2005-ci il tarixdə İddiaçı1 qardaşı X7 Bakı şəhərində yaşayan Cavabdeh3 üç il müddətinə ona məxsus olan əmlak üzərində sərəncam hüququ verən etibarnamə vermiş, Cavabdeh3 Bəhram Məhərrəmovun verdiyi 11 may 2005-ci il tarixlı etıbarnamə və eləcə də İddiaçı1 tərəfindən Cavabdeh3 adına verılmış ona məxsus olan “Samir” restoranı və “Ekspress” kafesi üzərində sərəncam huququ verən və 13 oktyabr 2005-ci il tarixdə Rusiya Federasiyası Perm vilayətinin Perm şəhərınin notariusu tərəfindən təsdiq edilmiş etibarnamə əsasında “Ekspress” kafesinin 26 oktyabr 2005-ci il tarixdə Bakı şəhərinin 41 saylı notariat kontorunda təsdiq olunmuş alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 460 000 000 manata satmış, alqı-satqı müqaviləsinə əsasən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti “Ekspress” kafesinə mülkiyyət hüququnu bildirən 18 noyabr 2005-ci il tarixli şəhadətnamə vermiş, 05 mart 2006-cı il tarixdə X8 vəfat etmiş, 2006-cı ilın sentyabr ayında İddiaçı1 Cavabdeh3, Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ekspress” kafesinin 80 faizinin ona, qardaşı Bəhram Məhərrəmova məxsus olmaqla onların mülkiyyətində olmasını, qardaşı X2 iş üzrə Cavabdeh3 borcunun olması ilə əlaqədar borcun təminatı kimi kafenin sənədlərini və eləcə də əmlaklı üzərində sərəncam hüququ verən Bəhram Məhərrəmov tərəfindən imzalanmış etibarnaməni təqdim etməsini, X10 Hacıyev arasında olan razılaşmaya əsasən Voroşil Məhərrəmov borcunu qaytardıqdan sonra Cavabdeh3 kafeyə aid olan sənədləri qardaşına qaytarmalı olmasına baxmayaraq Cavabdeh3 borcun təminatı məqsədi ilə ona müvəqqəti etibar edilmiş əmlakı Cavabdeh1 satmasını və bununla da onun mülkiyyətindən məhrum olunmasını əsas göstərməklə 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli şəhadətnamənin ləğv edilməsinə və "Ekspress" kafesinə onların mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, mübahisəli kafeni alqı-satqı müqaviləsi əsasında əldə etmiş Həşim X1, X6 qarşı cavabdehlərin kafedən çıxarılmaları barədə qarşılıqlı tələb irəli sürmüş, İddiaçı1 iddiasına və Cavabdeh1 qarşılıqlı iddiasına mahiyyəti üzrə məhkəmədə baxılana qədər Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək onunla “Ekspress” kafesinin mülkiyyətçiləri İddiaçı1 və Bəhram Məhərrəmovun etibarnamə üzrə nümayəndəsi arasında kafenin alqı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilənin bağlanması zamanı notariat kontoruna İddiaçı1 Rusiya Federasiyası, Urkutsk vilayəti, Ust-İlimsk şəhərinin notariusu tərəfındən təsdiq olunmaqla Bəhram Məhərrəmova verilmiş 02 iyun 2004-cü il tarixli etibarnamənin təqdim edilməsinə baxmayaraq alqı-satqı müqaviləsində həmin etibarnamənin qeyd edilməməsini əsas göstərməklə alqı-satqı müqaviləsində həmin etibarnamənin əks etdirilməsinin 41 saylı Dövlət Notariat Kontorunun notariusuna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, işə məhkəmə instansiyalarında baxılan ərəfədə mübahisəli “Ekspress” kafesi Cavabdeh1 tərəfindən 18 mart 2011-ci il tarixdə notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış və onun həmin əmlak üzərində mülkiyyət hüququ 25 avqust 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

46. Məhkəmələr hesab etmişlər ki, Cavabdeh1 mübahisəli əmlakı notariatda təsdiq olunmuş müqavilə əsasında dəyərini ödəməklə əldə etmiş və bu zaman təmsilçi Cavabdeh3 mülkiyyətçi İddiaçı1 aid hissədə əmlakı özgəninkiləşdirməyə hüququnun olmamasını bilməmiş, eləcə də Cavabdeh1 əldə etdiyi əmlaka münasibətdə vicdansız sahib olması İddiaçı1 tərəfindən sübuta yetirilməmişdir. Məhkəmələr İddiaçı1 iddia tələblərinin rədd olunmasını həm də belə əsaslandırmışlar ki, mübahisəli əmlak Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmaqla həmin əmlak mülkiyyət hüququ əsasında hazırda sonuncuya məxsusdur.

47. Göründüyü kimi, İddiaçı1 əvvəlki iddiaları (o cümlədən ona qarşı irəli sürülmüş iddia tələbləri) hazırkı iddianın əsaslarını təşkil edən eyni əsaslar və eyni predmet üzrə, eyni tərəflərə qarşı irəli sürülmüş, həmin işlərə baxılarkən hazırkı iddiada mübahisələndirilən alqı-satqı müqaviləsinə və onun nəticələrinə faktiki olaraq hüquqi qiymət verilmiş, Voroşil Məhərrəmov da həmin işlərin birində tərəf (cavabdeh) olmuş, onun mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə də aydınlıq gətirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Voroşil Məhərrəmov hazırkı iddia tələbi üzrə iddiaçı kimi göstərilsə də, ona münasibətdə (ona aid hissədə) konkret tələb irəli sürülməmişdir.

48. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı1 (Voroşil Məhərrəmovun) hazırkı iddia tələbləri ilə eyni predmetli və eyni əsaslı iddia tələbləri üzrə qanuni qüvvədə olan məhkəmə qərarları olduğundan, hazırkı tələblərə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına (§ 39-40), habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1563/2022 saylı iş üzrə 20 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar