Məhkəmə qərarları › İş №2(103)-6420/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6420/2025

10.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6420/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “pul və məcburi sosial sığorta haqqının cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh Bakı Şəhəri Cavabdeh və iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat

1. İddiaçı, iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, son nəticədə Rayon Məhkəməsindən, Cavabdehndə ştatdankənar hüquqşünas vəzifəsində işlədiyi müddətdə, yəni 2023-cü ilin iyun ayından xx.xx.2024-cü il tarixədək ona ödənilməmiş 15.973,20 manat əmək haqqı, 4.670,82 manat məzuniyyət haqqı və həmin məbləğləri gecikdirdiyi üçün gündəlik 1 % hesablanmaqla 81.199,84 manat ödənc, 60 manat mediasiya xərci olmaqla ümumilikdə 101.903,86 manat pulun Yasamal RİH-dən tutularaq ona ödənilməsi, işçi olaraq ona görə Yasamal RİH tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci il üzrə 1.127,14 manat, 2023-cü il üzrə 2.520 manat, 2024-cü il üzrə 2.520 manat olmaqla ümumilikdə 6.167,14 manat məcburi sosial sığorta haqqının cavabdeh Yasamal RİH-dən tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh Yasamal RİH arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən Yasamal RİH başçısının aparatında ştatdankənar hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 1 il müddətinə bağlansa da, növbəti illər müqavilənin müddəti hər dəfə 1 il müddətinə uzadılmış və müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdıqdan sonra müqavilənin müddəti uzadılmamışdır. “Əmək müqaviləsinə” əsasən iddiaçının rəsmi əmək haqqısı 1.440 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh RİH əmək münasibətlərinin ilk illərində iddiaçıya əmək haqqını vaxtında və lazımi qaydada ödəsə də, 2023-cü ilin iyun ayından xx.xx.2024-cü tarixədək iddiaçıya ümumiyyətlə əmək haqqı ödəməmişdir. Bunu RİH-nin maliyyə vəziyyətində çətinliklər yaranması ilə əsaslandırmış və iddiaçıya söz vermişlər ki, ödənilməmiş əmək haqqı, digər ödənişlər və hər gecikdirilmiş günə görə hesablanmış faiz məbləği cəm şəkildə iddiaçıya ödəniləcəkdir. İddiaçı da, RİH-nin dövlət qurumu olmasını nəzərə alaraq inanmış və işini davam etmişdir. Lakin cavabdeh tərəf vədinə əməl etməmiş, hətta iddiaçı işdən azad olunan zaman iddiaçıya ödənilməli olan 15.973,20 manat əmək haqqı borcunu, 4.670,82 manat məzuniyyət haqqı borcunu ödəməmişdir. Buna görə də, həmin məbləğlər RİH-dən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı hesab edir ki, həmin məbləğlərin ödənilməsinin gecikdirilmiş hər günü üçün RİH-dən onun xeyrinə 1 % hesablanmaqla 81.199,84 manat tutulmalıdır. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının orada işləməsinə baxmayaraq RİH iddiaçıya görə DSMF-na 2022-ci il üzrə ödəməli olduğu 1.127,14 manat, 2023-cü il üzrə ödəməli olduğu 2.520 manat, 2024-cü il üzrə ödəməli olduğu 2.520 manat olmaqla, ümumilikdə 6.167,14 manat məcburi sosial sığorta haqqını ödəməmişdir. Bu hal iddiaçının sosial hüquqlarını pozur. Buna görə də, həmin məbləğlər RİH-dən tutularaq DSMF-ya ödənilməlidir. b) iş üzrə tərəflərin məhkəmə baxışı iclaslarında iştirakı və iclaslarda iştirak etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat

3. İddiaçının nümayəndəsi (əri) Nümayəndə iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizənin məzmununa uyğun izahat vermişdir.

4. Cavabdeh RİH-i və iş üzrə üçüncü şəxs olan Maliyyə Nazirliyi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclaslarında nümayəndələrinin iştiraklarını təmin etməmiş, iddia tələbinə qarşı etiraz və ya iddia tələbinə dair mülahizə verməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Rayon Məhkəməsi işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın tam həcmdə təmin edilməsini, iş üzrə aparılmış ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi ilə 150 manat məbləğində pulun cavabdeh RİH-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən olan cavabdeh RİH tərəfindən işçiyə - iddiaçıya əmək və məzuniyyət haqqı tam ödənilməmişdir. Bu hal Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylə də təsdiq edilir. Buna görə də iddiaçının ona ödənilməsini tələb etdiyi əmək və məzuniyyət haqqı RİH-dən tutularaq iddiaçıya ödənilməlidir. RİH iddiaçıya ödənilməli olan əmək və məzuniyyət haqqını ödəmədiyindən həmin məbləğlərin ödənilməsinin gecikdirilmiş hər günü üçün iddiaçıya Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən həmin məbləğlərin 1 %-də ödəməlidir. Bundan başqa müəyyən edilir ki, iddiaçının RİH-də işləməsinə baxmayaraq 2022-ci il üzrə 1.127,14 manat, 2023-cü il üzrə 2.520 manat, 2024-cü il üzrə 2.520 manat olmaqla, ümumilikdə 6.167,14 manat məcburi sosial sığorta haqqı RİH tərəfindən DSMF-ya ödənilməmişdir. Buna görə də, həmin məbləğlər RİH-dən tutularaq DSMF-ya ödənilməlidir. d) apellyasiya şikayətləri haqqında məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti (apellyasiya şikayətinə verilmiş əlavə nəzərə alınmaqla) verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının RİH-də işlədiyi müddət ərzində iddiaçıya əmək haqqı tam həcmdə ödənilmiş, əmək haqqından vergi rüsumu və məcburi sığorta haqqı da tutularaq dövlət büdcəsinə ödənilmişdir. Lakin ştatdankənar hüquqşünasların əmək haqqı Yasamal rayonu ərazisində daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, kompensasiya, maddi yardımların verilməsi ilə bağlı Dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənildiyindən, həmin vəsait ləğv edilmiş "xxxx" ASC tranzit hesabında qaldığından iddiaçıya 2023-cü ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əmək haqqı, vergi rüsumu və məcburi sığorta haqqı ödənilməmişdir. Eyni zamanda iddiaçı ilə bağlanılmış “Əmək müqaviləsinin” müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi və Dövlət Büdcəsindən ştatdankənar hüquqşünaslara əmək haqqı ödənilməsi üçün vəsait ayrılmadığından iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir.

9. İş üzrə üçüncü şəxs olan Maliyyə Nazirliyi də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

10. Bu apellyasiya şikayəti də onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli, 9/2636 nömrəli rəyindən görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixədək Yasamal RİH-də ştatdankənar hüquqşünas vəzifəsində işləməsi və 2023-cü ilin iyun ayından bu tarixədək əmək haqqı məbləğinin ödənilmədiyini nəzərə alaraq 13,5 ay üçün iddiaçıya ödənilməli olan əmək haqqının ümumi məbləği 15.973,20 manat, əməkhaqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün 1% hesablanmaqla ödənilməli məbləğ isə 51.335,94 manat təşkil edir. Lakin işə baxmış Rayon Məhkəməsi bu məbləği (51.335,94 manat) nəzərə almamış daha yüksək məbləğin (81.199,84 manatın) tutulmasını qət etmiş və bunun səbəbini, həmçinin əsasını qətnamədə göstərməmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakları və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat

11. Apellyatorlardan biri olan cavabdeh Yasamal RİH-nin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, RİH tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş və şikayətin məzmununa izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

12. O, apellyasiya baxışının növbəti iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olsa da, iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.

13. Digər apellyator olan iş üzrə üçüncü şəxs Maliyyə Nazirliyi apellyasiya baxışının iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olsa da, iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.

14. Hazırkı qətnamənin 12 və 13-cü bəndlərində qeyd edilən hallar işə apellyasiya qaydasında baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə həmin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

15. İddiaçı, apellyasiya baxışı iclaslarında iştirak edərək, hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, həmçinin Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə hər apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı, onunla cavabdeh Yasamal RİH arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən Yasamal RİH başçısının aparatında ştatdankənar hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə ilə müəyyən edilmişdir ki, iddiaçının aylıq əmək haqqısı 1.440 manat təşkil edir. Müqavilə 1 il müddətinə bağlansa da, növbəti illər müqavilənin müddəti hər dəfə 1 il müddətinə uzadılmış və müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdıqdan sonra müqavilənin müddəti uzadılmamışdır.

18. İşçi olan iddiaçı tərəfindən Yasamal RİH-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı, yuxarıda qeyd edilən vəzifədə işlədiyi müddətdə ona ödənilməmiş əmək haqqının, habelə məzuniyyət haqqının ödənilməsini RİH-dən xahiş etmişdir.

19. RİH-nin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçıya ödənilməmiş 3 aylıq əmək haqqının ödənilməsi təmin ediləcəkdir.

20. RİH tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş “əmək haqqları barədə məlumat cədvəlindən” görünür ki, 2023-cü ilin iyun ayından etibarən iddiaçıya əmək haqqının ödənilməsi təmin edilməmişdir.

21. Rayon Məhkəməsinin qəbul etdiyi qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatı nəticəsində verilmiş xx.xx.2025-ci il tarixli, 9/2636 nömrəli rəydən görünür ki, xx.xx.2024-cü il tarixədək Yasamal RİH-də ştatdankənar hüquqşünas işləmiş iddiaçıya 2023-cü ilin iyun ayından etibarən 13,5 ay üçün cəmi 15.973,20 manat məbləğində əmək haqqı ödənilməmişdir. 15.973,20 manat məbləğində əməkhaqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün 1% hesablanmaqla ödənilməli məbləğ 51.335,94 manat təşkil edir. İddiaçıya münasibətdə Dövlət Sosial Müdafiə Fonduna 2022-ci il üzrə 1.127,14 manat, 2023-cü il üzrə 2.520 manat, 2024-cü il üzrə 2.520 manat olmaqla ümumilikdə 6.167,14 manat ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı mövcuddur.

22. Göstərilənlərə və iş üzrə tərəflərin verdikləri məlumatlara əsasən işə baxmış Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş və apellyasiya baxışının nəticəsi ilə təsdiq edilmişdir ki, cavabdeh (işəgötürən) Yasamal RİH tərəfindən iddiaçının (işçinin) əmək haqqı və digər məvaciblər tam ödənilməmiş, həmçinin dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinin şərtləri və qanunvericiliyin tələbləri pozulmuşdur.

23. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (maddə 42., hissə 1.). Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154., hissə 1.) . Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz (maddə 155., hissə 3.). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir (maddə 172., hissə 5.). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (maddə 296., hissə 4.).

24. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir (maddə 14.2.). Bu Qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir (maddə 14.3.): sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi (maddə 14.3.1.); sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi (maddə 14.3.2.).

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır (maddə 1.0.7.). Pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir (maddə 1.0.10.). Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2.).

26. Qeyd edilən maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən sənədləri nəzərə almış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2025-ci il tarixli rəy əsaslıdır və buna görə də məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edir. Lakin nəzərə alınmalıdır ki, həmin rəy verildikdən sonra iddiaçı “iddia tələbinin həcminin artırılması haqqında” ərizə vermişdir. Təbii ki, ekspert, iş üzrə rəy verərkən həmin tələbi nəzərə almamışdır. Lakin ekspertiza tərəfindən verilmiş rəydə əks olunmuş hesablama qaydası nəzərə alındıqda müəyyən edilir ki, iddiaçının 2023-cü ilin iyun ayından xx.xx.2024-cü il tarixədək ona ödənilməmiş 15.973,20 manat əmək haqqını, 4.670,82 manat məzuniyyət haqqını və həmin məbləğləri gecikdirdiyi üçün gündəlik 1 % hesablanmaqla 81.199,84 manat ödəncin Yasamal RİH-dən tutulması barədə tələbləri əsaslıdır. Bu barədə təkrar ekspertizanın təyin edilməsi “prosessual qənaət” prinsipinin şərtlərinə uyğun deyildir.

27. İş üzrə üçüncü şəxs olan Maliyyə Nazirliyi qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli, 9/2636 nömrəli rəyindən görünür ki, iddiaçının xx.xx.2024cü il tarixədək Yasamal RİH-də ştatdankənar hüquqşünas vəzifəsində işləməsi və 2023-cü ilin iyun ayından bu tarixədək əmək haqqı məbləğinin ödənilmədiyini nəzərə alaraq 13,5 ay üçün iddiaçıya ödənilməli olan əmək haqqının ümumi məbləği 15.973,20 manat, əməkhaqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün 1% hesablanmaqla ödənilməli məbləğ isə 51.335,94 manat təşkil edir. Lakin işə baxmış Rayon Məhkəməsi bu məbləği (51.335,94 manat) nəzərə almamış daha yüksək məbləğin (81.199,84 manatın) tutulmasını qət etmiş və bunun səbəbini, həmçinin əsasını qətnamədə göstərməmişdir.

28. Göründüyü kimi iş üzrə üçüncü şəxs olan Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Rayon Məhkəməsi iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydən kənara çıxmasının (lakin iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcmi çərçivəsində qalmasını) səbəbinin və əsasını kifayət qədər əsaslandırmışdır.

29. Buna görə də, Məhkəmə, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlilini əsassız, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və əsaslılığı müzakirə edilən bu nəticəsini əsaslı hesab edir.

30. Cavabdeh Yasamal RİH-nin apellyasiya şikayətində isə qeyd edilir ki, iddiaçının RİH-də işlədiyi müddət ərzində iddiaçıya əmək haqqı tam həcmdə ödənilmiş, əmək haqqından vergi rüsumu və məcburi sığorta haqqı da tutularaq dövlət büdcəsinə ödənilmişdir. Lakin ştatdankənar hüquqşünasların əmək haqqı Yasamal rayonu ərazisində daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, kompensasiya, maddi yardımların verilməsi ilə bağlı Dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənildiyindən, həmin vəsait ləğv edilmiş "xxxx" ASC tranzit hesabında qaldığından iddiaçıya 2023-cü ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əmək haqqı, vergi rüsumu və məcburi sığorta haqqı ödənilməmişdir. Eyni zamanda iddiaçı ilə bağlanılmış “Əmək müqaviləsinin” müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi və Dövlət Büdcəsindən ştatdankənar hüquqşünaslara əmək haqqı ödənilməsi üçün vəsait ayrılmadığından iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir.

31. Göründüyü kimi, cavabdeh Yasamal RİH-nin dəlilləri bir biri ilə ziddiyyət təşkil edir. RİH gah iddiaçıya əmək haqqı borcunun olmadığını bildirir, gah da əmək haqqı borcunun mövcud olduğunu etiraf edir.

32. Hər bir halda Məhkəmə, Rayon Məhkəməsinə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/2636 nömrəli rəyində göstərilənləri, habelə RİH-nin iddiaçıya əmək haqqı borcunun olmamasını təsdiq edə biləcək sübutların RİH tərəfindən məhkəmələrə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdeh RİHnin də apellyasiya şikayətinin dəlilini əsassız, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və əsaslılığı müzakirə edilən bu nəticəni əsaslı hesab edir.

33. Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin qətnamənin tam həcmdə ləğv edilməsinə və iddianın tam həcmdə rədd edilməsinə yönəldiyini nəzərə alan Məhkəmə iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin “2022-ci il üzrə 1.127,14 manat, 2023-cü il üzrə 2.520 manat, 2024-cü il üzrə 2.520 manat olmaqla ümumilikdə 6.167,14 manat məcburi sosial sığorta haqqının cavabdeh Yasamal RİH-dən tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə tələbin təmin edilməsi” barədə hissəsinin əsaslığı ilə bağlı qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli rəydə göstərilmişdir ki, işçi olan iddiaçıya münasibətdə cavabdeh Yasamal RİH-nin Dövlət Sosial Müdafiə Fonduna 2022-ci il üzrə 1.127,14 manat, 2023-cü il üzrə 2.520 manat, 2024-cü il üzrə 2.520 manat olmaqla ümumilikdə 6.167,14 manat ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı mövcuddur.

34. Göründüyü kimi, ekspertiza tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə müəyyən edilmiş iddiaçıya görə Yasamal RİH tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı borcunun məbləği ilə iddia ərizəsində qeyd edilən məbləğlər ilə üst-üstə düşür.

35. Buna görə də, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi ekspertizanın rəyini və bu rəyin etibarlılığını şübhə altına ala biləcək sübutların cavabdeh RİH tərəfindən verilməməsini nəzərə alaraq əsaslılığı müzakirə edilən bu tələbi təmin etməkdə haqlı olmuşdur.

36. Yasamal RİH-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı zamanı vəsatətlə Məhkəməyə müraciət edərək, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

37. Vəsatət onunla əsaslandırılmışdır ki, bu kimi ekspertizanın təyin edilməsi işin tam, hərtərəfli və obyektiv baxılması üçün vacib və zəruridir.

38. Məhkəmə həmin vəsatəti əsassız hesab edərək, təmin etməmişdir. Çünki, vəsatət əsaslandırılmamışdır və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyini şübhə altına ala biləcək sübut(lar) (məsələn: mühasibatlıq sahəsində zəruri biliyə malik olan mütəxəssisin (mütəxəssislərin) hesabat(ları)) vəsatətə əlavə edilməmişdir.

39. Vəsatəti təmin etməmiş Məhkəmə həmçinin nəzərə almışdır ki, vəsatət, apellyasiya icraatı zamanı yeni sübutun, yəni birinci instansiya məhkəməsinə təqdim edilməmiş sübutun əldə olunmasına yönəldilmişdir ki, bu da yolverilməzdir. g) apellyasiya baxışının nəticəsi

40. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Bakı Şəhəri Cavabdeh və iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyatorlar hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar