Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6425/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3543/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili və cavabdehin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş baxılıb qurtarılanadək ünvan 1 giriş C ünvanında yerləşən 172,7 kv.m qeyri-yaşayış sahəsində olan əşyaların üzərinə həbs qoyulması, qeyri-yaşayış sahəsindən cavabdehə və üçüncü şəxslərə girişçıxışın və istifadənin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3543/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsi qismən təmin olunmuş, şə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 giriş C ünvanında yerləşən 172,7 kv.m qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinin və başqa şəxslərin istifadəsinə verilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin tələbdən kənara çıxaraq qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsini qərara alması, cavabdehin qanunsuz olaraq iddiaçının əmlakından istifadə etməsi arqumentləri ilə əsaslandırmışdır. Qərardaddan, həmçinin, cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi də şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mübahisə qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. Cavabdeh həmin sahəni özü istifadə etmək hüququna malikdir və eyni zamanda həmin sahəni başqa şəxslərin də istifadəsinə verilə bilər. Birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən, xx.xx.2020-ci il tarixli qərardadı ilə isə cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətlər təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilərək birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddianı təmin tədbirinin tətbiqinə dair iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Xüsusilə qeyd olunmalıdır ki, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyriyaşayış sahəsinin özkəninkiləşidirilməsi qadağa qoyulması növündə iddianı təmin etmə tədbirin görülməsi barədə nəticəyə gələrkən prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı icarə müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi irəli sürmüş, iddianı təmin etmə tədbirinə dair ərizəsində də məhz “ünvan 1 giriş C ünvanında yerləşən 172,7 kv.m qeyri-yaşayış sahəsində olan əşyaların üzərinə həbs qoyulması, qeyri-yaşayış sahəsindən cavabdehə və üçüncü şəxslərə giriş-çıxışın və istifadənin qadağan edilməsi”ni istəmişdir. Birinci instansiya məhkəməsi isə bu istəyin hüdudlarını aşaraq və bununla həm də iddianı təmin etmə institutunun məqsədlərindən kənara çıxaraq əmlakın ögəninkiləşdirilməsini qadağan etmişdir. Həmçinin, kollegiya onu da qeyd edir ki, iş materiallarından aydın olur ki, ünvan 1 giriş C ünvanında yerləşən 172,7 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və xx.xx.2019-cu il tarixli “İcarə Müqaviləsi”nə əsasən həmin qeyri-yaşayış sahəsi "Cavabdeh" MMC-yə icarəyə verilmişdir; bu isə o deməkdir ki, həmin əmlaka münasibətdə Mülki Prosessual Məcəllənin 158.1.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyildir. Çünkü həmin prosessual hüquq norması iddianı təmin etmə tədbiri qismində yalnız cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs (məhdudiyyət) qoyulmasını mümkün hesab edir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər lazımi qaydada məlumatlandırmaqla iddianı təmin etmə tədbiri barədə ərizəyə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi əsaslandırılmış məhkəmə aktının qəbulu üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayətlər qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3543/2020 saylı, xx xxxx 2020-ciil tarixli qərardadı ləğv olunsun və iş iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddianı təmin etmə tədbirinə dair ərizəsinəyenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6425/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6425/2020
11.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver