Məhkəmə qərarları › İş №2(103)-6426/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6426/2022

05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6426/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4124/2022 saylı 21 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-238/2007 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə X8 arasındakı nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X2 üçün İddiaçı qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-399/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında 01 iyul 2008-ci il tarixində bağlanmış nikah pozulmuş; xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixindən Taxtabənd işləri üzrə supervayzer vəzifəsində çalışır və onun aylıq əmək haqqı vergilər daxil olmaqla 879 manat təşkil edir.

4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 12000 manat kredit verilmiş və arayışın verildiyi tarixə əsas borc 4900,39 manat, faiz borcu isə 16,20 manat təşkil edir.

5. Beləliklə, müəyyən edilir ki, iddiaçının birinci nikahdan bir uşağı var və qətnamə ilə həmin uşağın saxlanılması üçün iddiaçının qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmuş, ikinci nikahdan isə iki uşağı var və qətnamə ilə həmin uşaqların saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-238/2007-ci il tarixli qətnaməsi 19 iyul 2005-ci il təvəllüdlü X2 üçün onun X4 xeyrinə qazancının (başqa gəlirlərinin) dörddə biri miqdarında aliment tutulması qət edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2022-cı il tarixli 2(001)-399/2022 saylı qətnaməsi ilə xx.xx.2008-ci il tarixdə anadan omuş X6 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 üçün hər ay qazancının və başqa (gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Dənizdə “SOCAR CAPE” müəsisəsində quraşdırıcı vəzifəsində işləyir. Əmək haqqı 879 manatdır. Dəniz şəraitində işlədiyinə görə üstünə əlavələr gəlməklə 1500 manat civarında əmək haqqı çıxır. Aldığı əmək haqqı hər iki aliment borcunun və kreditlərinin ödənilməsinə çatmır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 iyul 2022-ci il tarixli 2(001)-4124/2022 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının birinci nikahından uşağı xx.xx.2005-ci tarixdə doğulmuş, iddiaçı tərəfindən istinad edilən kredit isə xx.xx.2021ci il tarixdə götürülmüşdür – yəni iddiaçının əsaslandığı hər iki xüsusat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-399/2022 saylı qətnaməsi qəbul edilən dövrdə mövcud olmuş və hazırda həmin xüsusatlar “tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik” kimi qəbul edilə bilməz. İddiaçının birinci nikahdan olan uşağının və kreditinin olması onu ikinci nikahdan olan övladlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlamaq vəzifəsindən azad etmir. İddiaçının kredit öhdəliklərinin mövcud olması alimentin tutulması qaydasının dəyişdirilməsi üçün deyil, öhdəliklərin bölünməsi barədə müvafiq iddia ərizəsinin verilməsi üçün əsas ola bilər.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34, Ailə Məcəlləsinin 76.2, 112.1, “Uşaq hüquqları haqqında” Qanuna, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ikinci nikahdan olan uşaqları üçün ölkə üzrə müəyyənləşdirilmiş yaşayış minimumuna əsasən aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, əmək haqqının yarıdan çox hissəsi üç uşağın saxlanılması üçün tutulur. Maddi vəziyyəti nəzərə alınmamışdır. Qalan məbləğ ilə öz yaşayışını təmin etmək mümkün deyildir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil və vəkili X9 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment tutulur.

18. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

28. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının birinci nikahından uşağı xx.xx.2005ci tarixdə doğulmuş, istinad edilən kredit xx.xx.2021-ci il tarixdə götürülmüşdür, yəni iddiaçının əsaslandığı hər iki xüsusat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-399/2022 saylı qətnaməsi qəbul edilən dövrdə mövcud olmuş və hal-hazırda həmin xüsusatlar “tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik” kimi qəbul edilə bilməz.

31. İddiaçının apelyasiya şikayətində qeyd etdiyi hallar yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün müəyyən edilmiş alimentin azaldılmasına əsas vermir. Onun bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.

32. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

33. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4124/2022 saylı iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar