Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6431/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X5 Fze Azərbaycan Respublikasındakı filialı"na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə qarşı "əmək haqqı və məzuniyyət pulunun ödənilməsi" tələbinə dair mülki iş üzrə Açar sözlər:(əmək haqqı və məzuniyyət pulunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh "X5 Fze” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə iştirakları ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(008)-69/2024 saylı qətnaməsindən cavabdeh "X5 Fze” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixə kimi cavabdeh müəssisədə Sətəm üzrə mütəxəssis vəzifəsində işləmişdir. Onun iddiasına görə iddiaçı işlədiyi dövr ərzində yalnız bir dəfə məzuniyyət hüququndan istifadə etmiş, 2020-ci ildə bir dəfə məzuniyyətdə olmuşdur. 2019-cu ilin məzuniyyətindən istifadə etməmişdir. İşdən çıxdığı vaxtdan onunla nə son haqq-hesab edilib, nə də işlədiyi 10 günün əmək haqqı ödənilmişdir. 2.Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün hazırkı iş Azərbaycan Respublikası Ədlliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilsə də, cavabdeh "X5 Fze" Azərbaycan Respublikasındakı filialı tərəfindən lazımı sənədlər ekspertizaya təqdim olunmadığından ekspet rəyinin verilməsindən imtina edilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "X5 Fze Azərbaycan Respublikasındakı filialı"na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə qarşı "əmək haqqı və məzuniyyət pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin noyabr ayı üçün işlədiyi 10 günün əmək haqqını və almadığı məzuniyyət pulunun, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbin onunla əsaslandırılmışdır ki, o, cavabdehlə əmək müqaviləsi bağlayaraq xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi Sətəm üzrə mütəxəssis vəzifəsində işləmişdir. xx.xx.2020-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. İşlədiyi dövr ərzində yalnız bir dəfə məzuniyyət hüququndan istifadə etmişdir. 2020-ci ildə bir dəfə məzuniyyətdə olmuşdur. 2019-cu ilin məzuniyyətindən istifadə etməmişdir. İşdən çıxdığı vaxtdan onunla nə son haqq-hesab edilib, nə də işlədiyi 10 günün əmək haqqı ödənilmişdir. Bununla bağlı o, şikayət ərizəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. Şikayətinə cavab olaraq cavabdehlə bağlı xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin yuxarıda bütün göstərilənlərə baxmayaraq, bugünədək cavabdeh tərəfindən heç nə ödənilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 19 avqust 2024-cü il tarixli, 2(008)-69/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Adilə Paşayeva) iddia təmin edilərək, İddiaçı 2020-ci ilin noyabr ayının işlədiyi 10 gün üçün ödənilməmiş 266 manat, 2019-cu ilin 47 gün əmək məzuniyyətindən istifadə etmədiyi 37 gün əmək məzuniyyətinə görə 1200 manat məzuniyyət pulu, cəmi 1466 (min dörd yüz altmış altı) manat məbləğində pulun cavabdeh "X5 Fze Azərbaycan Respublikasındakı filialı"ndan alınaraq iddiaçıya ödəniməsi, 76,60 manat məbləğində dövlət rüsumunun "X5 Fze Azərbaycan Respublikasındakı filialı"ndan alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan:
6. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2020-ci illərdə "X5 Fze" Azərbaycan Respublikasındakı filialında Sətəm üzrə mütəxəssis vəzifəsində çalışmışdır.
7. xx.xx.2019-cu il tarixli S/5 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu ildən Sətəm üzrə mütəxəssis vəzifəsinə 2 aylıq işə qəbul edilmişdir.
8. xx.xx.2019-cu il tarixli 41 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə "X5 Fze" Azərbaycan Respublikasındakı filialı arasında Sətəm üzrə mütəxəssis vəzifəsinə qəbul olunma barədə əmək müqaviləsi bağlanmışdır. 9.xx.xx.2020-ci il tarixli H/88 nömrəli əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci ildən xx.xx.2019-cu il tarixli 41 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilmişdir. 10.xx.xx.2021-ci il tarixli şikayətdən görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanlanmış məktubla pozulmuş hüquqlarının bərpası və son haqq-hesabın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. 11.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, "X5 Fze" Azərbaycan Respublikasındakı filialının rəhbəri barəsində xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda son haqq-hesabın ödənilməsi ilə bağlı "X5 Fze" Azərbaycan Respublikasındakı filialına rəsmi məktub göndərilmişdir. 12.Sosial arayışdan görünür ki, İddiaçı "X5 Fze" Azərbaycan Respublikasındakı filialında Sətəm üzrə mütəxəssis vəzifəsində çalışarkən maaşı 770 manat olmuşdur. 13.xx.xx.2021-ci il tarixli "X5 Fze" Azərbaycan Respublikasındakı filialının rəhbərliyinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək şirkətdə çalışdığı dövr üzrə tərəflərindən ona hesablanan ümumi əmək haqqının miqdarını cədvəl formasında ona təqdim edilməsini xahiş etmişdir. Həmin ərizənin "X5 Fze" Azərbaycan Respublikasındakı filialına çatdırılması barədə xx.xx.2021-ci il tarixli qəbzin surəti də iş materiallarına əlavə edilmişdir
14. Məhkəmə qeyd etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün hazırkı iş Azərbaycan Respublikası Ədlliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilsə də, cavabdeh "X5 Fze" Azərbaycan Respublikasındakı filialı tərəfindən lazımı sənədlər ekspertizaya təqdim olunmadığından ekspert rəyinin verilməsindən imtina edilmişdir. 15.Məhkəmə əlavə etmişdir ki, dəfələrlə ekspertizanın keçirilməsindən imtina olunduğuna görə məhkəmə cavabdehdə çatışmayan sənədləri məhkəməyə təqim etməyi təklif etmişdir. Lakin, cavabdeh onlarda olan bütün sənədləri məhkəməyə təqdim etdiklərini bildirdiyinə görə məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında son haqq hesab aparılmamışdır. Çünki əgər iddiaçının tələbi əsassız olsaydı cavabdeh qismində iştirak edən "X5 Fze" Azərbaycan Respublikasındakı filialı sənədləri ekspertizaya təqdim etməkdə tərəddüd etməzdi. Elə bu əsasla da məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir. 16.Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının aylıq əmək haqqı 800 manat təşkil etdiyi halda, 2020-ci ilin noyabr ayının işlədiyi 10 gün üçün ödənilməmiş məbləğ 266 manat təşkil etməli idi. 2019-cu ilin 47 gün əmək məzuniyyətindən istifadə edilməyən 37 gün əmək məzuniyyətinə görə isə 1200 manat məzuniyyət pulu, cəmi 1466 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 17.Məhkəmə xərcləri ilə əlaqədar məsələyə məhkəmə belə qiymət vermişdir ki, iddiaçı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etsə də, ödəməni təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, iddia tələbi tam təmin edildiyindən dövlət nəfinə dövlət rüsumu cavabdeh tərəfindən ödənilməlidir. İddianın qiyməti 1466 manat təşkil etdiyindən dövlət rüsumunun məbləği 76,60 manatdır, ona görə həmin məbləğ "X5 Fze" Azərbaycan Respublikasındakı filialı dövlət nəfinə ödənilməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin9-cu maddəsinin "d" bəndinə, 139, 140-cı; "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 112.1.1, 77.1 və 216- 220-cimaddələrinəistinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19.Qətnamədən cavabdeh "X5 Fze” Şirkətinin Azərbaycan Respublikasındakı filialı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində yalan məlumatlar yazmışdır, məhkəmə isə bunları yoxlamadan onun xeyrinə qətnamə qəbul etmişdir. Əslində iddiaçının yazdığı kimi olmamışdır. O iddia ərizəsində yazır ki, guya o işlədiyi 10 günə görə əmək haqqının 1/3-ni almalı idi, yəni 266 manat, 47 gün əmək məzuniyyətindən yalnız 10 gün istifadə edib, 1200 manat da məzuniyyət pulu ödənilməlidir. Lakin əslində “X6 FZE” MMC-ninona əmək haqqı və məzuniyyət üzrə borcu qalmamışdır. Məhkəmə qətnaməsində yazmışdır ki, “dəfələrlə ekspertizanın keçirilməsindən imtina olunduğuna görə məhkəmə cavabdehdə çatışmayan sənədləri məhkəməyə təqim etməyi təklif etmişdir. Lakin, cavabdeh onlarda olan bütün sənədləri məhkəməyə təqdim etdiklərini bildirdiyinə görə məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında son haqq hesab aparılmamışdır. Çünki əgər iddiaçının tələbi əsassız olsaydı cavabdeh qismində iştirak edən "X5 Fze" Azərbaycan Respublikasındakı filialı sənədləriekspertizaya təqdim etməkdə tərəddüd etməzdi. Elə bu əsasla da məhkəmə hesab edir ki, iddia təmin edilməlidir”. Məhkəmənin bu dəlilləri ilə tamamilə razılaşmırlar, məhkəmə heç bir əsas olmadan əsassız iddianı təmin etmişdir, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən "X6 Fze Azərbaycan Respublikasındakı filialının iddiaçıya əmək haqqı və məzuniyyət üzrə borcun olmamasını nəzərə almamışdır. Bundan əlavə məhkəmə dəfələrlə ekspertiza təyin etsədə ekspertiza rəyini ala bilməmişdir. Lakinbuna baxmayaraq məhkəmə iddianı rədd etmək əvəzinə iddianı təmin etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa çalışmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, "X6 Fze Azərbaycan Respublikasındakı filialı"nın iddiaçıya heç bir ödənilməli olan pulu qalmamışdır. Belə olan halda iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsassızdır və bu səbəbdən iddianın tamamilə rədd edilməsı barədə qətnamə qəbul edilməlidir. Lakin Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən bu hallar ümimiyyətlə araşdırılmamış, məhkəmə həmin hallara göz yummuş, sanki görməzdən gəlmiş, ekspertiza rəyi olmadan qətnamə qəbul etmiş göstərilənlərə hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22.Məhkəmə kollegiyasının iclasında cavabdeh "X5 Fze” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 24.Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 25.Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 26.Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması,maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 27.Maddə 3 (3-cü hissə). İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 28.Maddə 3 (4-1-ci hissə). Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 29.Maddə 135 (2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 30.Maddə 139.Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 31.Maddə 140.Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. 32.Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 33.Maddə 156 (1-ci hissə). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 34.Maddə 157 (3-cü hissə).Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir 35.Maddə 172 (4-cü hissə). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 38.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 43.Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixə kimi cavabdeh müəssisədə Sətəm üzrə mütəxəssis vəzifəsində işləmişdir. Onun iddiasına görə iddiaçı işlədiyi dövr ərzində yalnız bir dəfə məzuniyyət hüququndan istifadə etmiş, 2020-ci ildə bir dəfə məzuniyyətdə olmuşdur. 2019-cu ilin məzuniyyətindən istifadə etməmişdir. İşdən çıxdığı vaxtdan onunla nə son haqq-hesab edilib, nə də işlədiyi 10 günün əmək haqqı ödənilmişdir. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 44.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün hazırkı iş Azərbaycan Respublikası Ədlliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilsə də, cavabdeh "X5 Fze" Azərbaycan Respublikasındakı filialı tərəfindən lazımı sənədlər ekspertizaya təqdim olunmadığından ekspet rəyinin verilməsindən imtina edilmişdir. 45.Həmin qərardadlarla ekspert tədqiqatına İddiaçı ilə son haqq-hesab aparılıb-aparılmaması, haqq-hesab aparılıbsa düzgün hesablanılıbmı, İddiaçı işdən çıxdığı vaxt, yəni xx.xx.2020-ci il – noyabr ayının ilk 10 gününün əmək haqqı hesablanılıbmı, hesablanılıbsa nə qədər olmalıdır kimi iddia tələbinin əsaslılığının müəyyən edilməsinə yönəlmiş suallar qoyulmuşdur. 46.Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 47.Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan maddə ekspertiza prosesində tərəflərin iştirakının vacibliyini və bu iştirakdan imtinanın hüquqi nəticələrini ətraflı şəkildə tənzimləyir. 48.Ekspertiza, məhkəmə prosesində müəyyən faktların araşdırılması və müəyyənləşdirilməsi üçün xüsusi biliklərə malik mütəxəssisin rəy verdiyi bir mərhələdir. Ekspertiza təyin edildikdə, tərəflərdən biri və ya hər ikisi bu prosesdə iştirak edə bilər. Bu iştirak, müvafiq sənədlərin təqdim edilməsi, obyektlərin ekspertə göstərilməsi və ya lazım olan digər yardımların göstərilməsi ilə həyata keçirilir. 49.Əgər tərəflərdən biri ekspertizanın keçirilməsində iştirak etməzsə və ya maneələr yaradarsa (məsələn, obyektləri gizlətmək, ekspertin işini ləngitmək və ya ekspertiza xərclərini ödəməkdən imtina etmək), bu halda ekspertizanın təyin edildiyi fakt araşdırıla bilmir. İstinad olunan norma məhkəməyə belə vəziyyətlərdə iştirak etməyən tərəfə qarşı hüquqi nəticələr tətbiq etmək imkanı verir. 50.MPM-in 97.5-ci maddəsinin məzmunundan göründüyü kimi qeyd olunan hallarda məhkəmə, tərəfin iştirak etməməsini nəzərə alaraq və işin hallarını qiymətləndirərək; -Faktı təsdiqlənmiş hesab edə bilər: Məsələn, iştirak etməyən tərəf üçün mənfi nəticələrə səbəb olan bir fakt təsdiq kimi qəbul edilə bilər; -Faktı rədd edilmiş hesab edə bilər: Əgər faktın təsdiqlənməsi iştirak etməyən tərəfin xeyrinə olsaydı, məhkəmə bu faktı rədd edə bilər. 51.Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, MPM-in 97.5-ci maddəsi tərəflərin məhkəmə icraatında fəal və məsuliyyətli iştirakını təşviq etməklə hüquqi prosedurların ədalətli və effektiv şəkildə həyata keçirilməsini təmin edən mühüm mexanizmdir. Tərəflər bu qaydalara əməl etməsə, bu, onların məhkəmə prosesində maraqlarına birbaşa təsir edə bilər. 52.Beləliklə qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə 3 dəfə ekspertiza təyin edilməsinə baxmayaraq cavabdeh zəruri tədqiqat materiallarını təqdim etməməklə ekspertizanın keçirilməsinə maneə olduğundan məhkəmə ekspertiza təyin edilən faktı təsdiq etməklə iddia tələbinin əsaslılığına dair düzgün hüquqi nəticəyə gəlmişdir. 53.Belə ki, cavabdeh iddia tələbini əsassız hesab edirdisə tələb olunan sənədləri ekspert tədqiqatına təqdim etməklə işin obyektiv araşdırılmasında iştirak edərək iddia tələbinin əsasında duran faktiki halların mövcud olub-olmamasının müəyyən edilməsinə, o cümlədən öz etirazının nə dərəcədə əsaslı olub-olmamasının üzə çıxmasına nail ola bilərdi ki, bunu etməyərək məhkəməyə belə nəticəyə gəlməyə əsas vermişdir ki, tərəflər arasında son haqq hesab aparılmamış, iddia tələbinin əsasında duran hallar sübut edilmişdir. 54.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 57.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənindəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 58.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "X5 Fze” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindənverilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(008)-69/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov