Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6437/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(008)-2967/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinəаvçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 23 aprel 2014-cü il tarixdə rəsmi nikah bağlamışlar.
2. Birgə nikahdan 16 noyabr 2017-ci il təvəllüdlü X4 və 10 yanvar 2023-cü il təvəllüdlü X5 doğulmuşdur.
3. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görsənir ki, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsində direktor vəzifəsində çalışır və onun aylıq əmək haqqısı 1479 manat təşkil edir.
4. 5 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 1552,95 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 iyun 2017-ci il təvəllüdlü X2 və 10 yanvar 2023-cü il təvəllüdlü X1 üçün hər ay 800 manat alimentin və 10 yanvar 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçı üçün hər ay 100 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 23 aprel 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan 16 noyabr 2017-ci il təvəllüdlü X4 və 10 yanvar 2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. İlk vaxtlar mehriban yaşamış, lakin sonradan aralarında münaqişələr yaranmışdır. İddiaçı 3-4 aydır ki, valideynlərinin yanında yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır və onlara maddi yardım göstərmir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(008)- 2967/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq 04 mart 2024-cü il tarixdən başlayaraq, 16 iyun 2017-ci il təvəllüdlü X2 və 10 yanvar 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsində alimentin, həmçinin, 04 mart 2024-cü il tarixdən hesablanmaqla, 10 yanvar 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanədək uşağa qulluğa görə anaya hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, 10 yanvar 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən 100 manat sabit pul məbləğində alimentin tutulması ədalətli hesab olunmalıdır. Belə ki, 5 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdehin aylıq əmək haqqı 1552,95 manat təşkil edir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1, 84.2, 86-ci və 100-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən şikayət verərək, qətnamənin ləğv edilərək, mülki iş üzrə iddia tələbinin uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsi hissəsində, iki uşağa görə 500 manat sabit pul məbləğində aliment müəyyən edilməklə, qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayətinin dəlillərinə görə, qətnamədə onun xərclərini və bunları təsdiq edən sübutları (kredit müqaviləsi, xəstəliyə dair epikriz və dərman vasitələrinin kassa çeklərini ümumiyyətlə nəzərə almamış, təmin olunan iddia tələbinin onun vəziyyətinin ağırlaşdırması, onun qeyri-müntəzəm, dəyişən qazancımın olması faktına düzgün qiymət verməmiş, bununla, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, cavabdehin qanunla qorunan hüquq və mənafelərini pozmuşdur. qətnamə, onun öz xərclərini, habelə, valideynləri ilə birgə yaşadığı evin təminatı üçün xərclərini nəzərə almır, onun maddi vəziyyətini ağırlaşdıran qətnamə çıxarmaqla, özünü təminatı məqsədilə qazanc əldə etmək istiqamətində fəaliyyətini əmiyyətsiz edir, ona münasibətdə ədalətli balansı gözləmir. Belə olan halda, iş üzrə birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin məzmunundan da göründüyü kimi, məhkəmə yalnız iddia tərəfinin izahatlarına istinad edən, cavabdeh tərəfin isə mənafeyini isə heç bir halda nəzərə almayan qərar çıxarmışdır. İddiaçı öz ərizəsində uşaqları onun razılığı olmadan özü ilə bərabər götürərək, ondan ayrı yaşamağı könüllü olaraq seçdiyini qeyd etmiş, lakin aliment tələbini əsaslandırarkən, uşaqları ondan ayırıb, onun razılığı, yaxud onun hər hansı məcburetməsi olmadan, nəyə görə özü ilə apardığının səbələrini lazımınca qeyd etməmiş, onun razılığı olmadan uşaqları özü ilə saxlamasına görə ondan o qədər alimenti hansı əsasla tələb etdiyini zəruri qaydada əsaslandıra bilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə faktiki (həqiqi) halları məhkəmə araşdırmasında məhkəmənin nəzərinə çatdırsa da, məhkəmə öz qərarını iddiaçı tərəfin mülahizələrinə uyğun, qanuni əsasları və cavabdehin qanuni hüquq və məanfelərimi nəzərə almadan, baxılan iş üzrə uşaqların ölkədən çıxarılması tələbinin məhz hansı normativ (maddi) tələblərə uyğun olaraq təmin edilməli olduğunu düzgün əsaslandırmamış, məhkəmə iş üzrə gəldiyi nəticəni izah edə bilməmişdir. Onun öz izahatında qeyd etdiyi xüsusatları təsdiqləyən sənədlər və məlumatların nəyə görə mötəbər sübut hesab oluna bilmədiyini birinci instansiya məhkəməsi öz qətnaməsində əsaslandırmamışdır. Məhkəmə işə baxarkən, İddiaçı məhz uşaqları onun razılığı olmadan, yaxud onun tərəfindən onun özünə və ya uşaqlara qarşı hər hansı təzyiq göstərilməməsinə baxmayaraq, uşaqları özü ilə götürüb valideynlərinin yanında yaşamasının əsas məqsədi ondan iki uşağın saxlanılması üçün daha çox məbləğdə aliment əldə etməkdir. Birinci instansiya məhkəməsi tərəfindən bu hal aradırılmamış və qiymət verilməmişdir. Sabunçu Rayon Məhkəməsində ondan aliment məbləği tutularkən, onun özünün və valideynlərimin saxlanılması üçün xərclər çəkdiyinə dair məhkəmə verdiyi izahatları, iddia tələbinin təmin edilməsinin onun maddi vəziyyətinin ağırlaşdırması nəzərə alınmamışdır. Ümumiyyətlə, məhkəmə iş üzrə gəldiyi nəticəni, həmin nəticəyə gəlməsinə əsas verən faktları, sübutları, işin hallarını lazımınca izah edə, əsaslandıra bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamə cavabdeh tərəfindən isə iddia təmin olunan hissədə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Belə ki, məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin işin halları uyğun olduğu qənaətinə gəlir.
23. Tələbin uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin rəsmi gəlirləri olduğundan Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır.
24. Apellyasiya şikayətində iki uşağa görə 500 manat sabit pul məbləğində alimentin müəyyən olunması xahiş edilsə də məhkəmə kollegiyası hesab edir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin dispozisiyasında olan şərtlər - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olması, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alması, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallar mövcud olmadığından alimentin sabit pul məbləğində tutulması üçün əsaslar mövcud deyildir.
25. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, şikayətə əlavə olunmuş sənədlər kredit müqaviləsi, xəstəliyə dair epikriz və digər sənədlər də alimentin məbləğinin azaldılması və ya sabit pul məbləğində müəyyən edilməsi üçün əsas ola bilməz.
26. Aidə Məcəlləsinin 84-cü maddəsində ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın xeyrinə alimentin tutulması üçün əsas zəruri şərt ərin zəruri vəsaitə malik olmasıdır.
27. İş materiallarında cavabdehin rəsmi gəlirlərini təsdiq edən sənədlərdən görünür ki, 2 uşağın saxlanılması üçün aylıq qazancın 1\3 hissəsi miqdarında aliment tutulduqdan sonra belə qalan məbləğ həmin şərtin (ərin zəruri vəsaitə malik olması) mövcudluğunu təsdiq edir və bu hissədə də qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas mövcud deyildir.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(008)- 2967/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(008)- 2967/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.