Məhkəmə qərarları › İş №2(103)-6442/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6442/2020

16.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6442/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İddiaçı1 və onun səlahiyyətli nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 43 saylı notariat ofisinə və 3 saylı ASAN Xidmət mərkəzinin xüsusi notariusu X5 qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsi olmaqla) “alqı-satqı müqaviləsinin və onlardan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin (çıxarışların) ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin və onlardan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin (çıxarışların) ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ N-0502984 saylı daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin və bu müqavilədən irəli gələn, mülkiyyət hüququnu təsdiq edən RX seriyalı N-0758500 saylı, xx xxxxxx 2015-ci il tarixli sənəd (çıxarış) ləğv edilməsi; 3 saylı Bakı “ASAN" Xidmət Mərkəzinin Notariat Kontorunda bağlanmış AN-İ N-0847İ22 saylı, xx xxxx 2016-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ondan irəli gələn mülkiyyət hüququnu təsdiq edən RX serialı N-0839405 saylı sənədin (çıxarış) ləğv edilməsi; 3 saylı Bakı “ASAN" Xidmət Mərkəzində bağlanmış AN-İ № ******* saylı xx.xx.2016-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin və ondan irəli gələn RX seriyalı N-0835355 saylımülkiyyət hüququnu təsdiq edən sənədin (çıxanş) ləğv edilməsi, həmçinin məhkəmə xərclərinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 43 saylı X6 Hüseyn Tələt oğlu ilə Cavabdeh1 arasında (nümayəndəsi Zeynalov Əİiş Əlimərdan oğlu) ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilin 100000 (yüz min) manat pula satılmasına dair xx.xx.2015-ci il tarixdə AN-İ N-0502984 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsinin xx xxxxxx 2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 9 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ ilə X2 mülkiyyətinə keçmişdir. 3 saylı Bakı “ASAN" Xidmət Mərkəzindəki notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli AN-İ N-0847122 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, həmin mənzil 60000 (altmış min) manat pula satılmışdır. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsinin RX seriyalı ******* saylı çıxarışına əsasən qeyd edilən mənzil xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ ilə Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bundan başqa, 3 saylı Bakı “ASAN" Xidmət Mərkəzində İddiaçı2 ilə Cavabdeh2 arasında ünvan 2 ünvanda yerləşən 7 saylı mənzilin 30000 (otuz min ) manat pula satılmasına dair xx.xx.2016-ci il tarixdə AN-İ N-0487122 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. AR ƏMDK yanında DƏDRX-nın Bakı şəhəri Ərazi idarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə (çıxarışa) əsasən həmin yaşayış sahəsi mülkiyyət hüququ ilə tam pay olmaqla Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçı1 ilə Cavabdeh1 arasında və İddiaçı2 ilə Cavabdeh2 arasında alqı-satqı müqavilələrinin etibarsız sayılması və iddiaçılara qarşı dələduzluq edilməsi yolu ilə əmlaklarının ələ keçirilməsi barədə məhkəmələrə və hüquq-mühafizə orqanlarına verdiyi ərizələr və müraciətlərlə bağlı nə məhkəmə instansiyalarında olan proseslərdə alqı-satqı ilə bağlı 100000 (yüz min) və 30000 (otuz min) manat məbləğində pulların müvafiq banklardan tərəflərindən çıxarılması barədə vəsatətlərinə baxılmamış, nə də ki, hüquqmühafizə orqanları bu faktın araşdırılması yolunda heç bir prosessual hərəkətlər aparmadığından, əmlakları faktiki olaraq əldən getmişdir. Belə ki, Bakı şəhər Prokurorluğunun istintaq idarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və araşdırma materialının aidiyyatı üzrə göndərilməsi haqqında” qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə tam təmin edilmişdir. Sual oluna bilər ki, əgər onlarla alıcılar arasında doğrudanda, evlərin 100000 (yüz min) və 30000 (otuz min) manata satılması haqqında hər hansı bir razılıq olmuşdursa və alıcılar onun əvəzində onlara çatası pulları banklarda notariusun depozit hesablarına qoymaqla, onlar o pulları çıxarmışlarsa, onda nəyə görə Cavabdeh2 onların evdən çıxarılmaqları və evə olan istifadə hüquqlarına xitam verilməsi barədə, onlar isə öz növbəsində alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə məhkəmələrə iddia tələbləri ilə müraciət, hüquq-muhafızə orqanlarına isə onlara qarşı cinayətkar dəstə şəklində dələduzluq edilməsi ilə bağlı şikayət edirdilər? Belə ki, hazırki iddia ərizəsinə əlavə etdikləri Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli 2(001)- 9065/2016 saylı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(001)-2048/2018 saylı qanuni qüvvəsini almış qətnamələrini, habelə Bakı şəhər Prokurorluğunun İstintaq idarəsinin xx xxxxxx 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarlarını oxusalar və onların məzmunları ilə yaxında tanış olsalar, Cavabdeh1, X7, Cavabdeh2, X10 birgə qrup şəklində fəaliyyət göstərən ilkindən olaraq onları ipoteka müqavilələri ilə şirinlikləşdirən, sonradan bu müqavilələrin guya ləğv edilməsi və yeni ipoteka müqavilələrinin bağlanması adı altında etibarlarından sui-istifadə edərək alqı-satqı müqavilələrinə notariusların vasitəsi (iştirakı) ilə belə bir müqavilələrə imza atmaqlarından xəbərləri olmaya-olmaya imza atdıran, evlərini növbəliklə bir-birlərinin adlarına rəsmiləşdirən, cinayətkar dəstənin mövcud olduğunun əyani şahidi olardılar. Tərəflər aldatma yolu ilə də olsa, onlarla alqı-satqı müqavilələri bağlasalar da, pulun onlara çatmamasını məhkəmələrdə və hüquq-mühafizə orqanlarında etiraf etmədiklərinə görə AR Mülki Məcəlləsinin 421.1-ci maddəsində onlara rəsmi qaydada müraciət etməkdə lüzum aradan qalxdığından, məhkəmə qaydasında müqavilələrin ləğv edilməsini tələb etməkdə haqlıdırlar. Məhkəmə qətnamələrində və qərarlarında, habelə Prokurorluğun qanunsuz qərarında, cinayətkar qrup tərəfindən evlərinin bir tərəfdən 100000 (yüz min) manata alınıb sonradan özləri arasında 60000 (altmış min) manata bir-birinin adına rəsmiləşdirilməsinin və İddiaçı2 adına olan evlə bağlı 50000 (əlli min) manata İpotekaya qoyulması, sonradan guya bu ipoteka ləğv olunduqdan sonra 30000 (otuz min) manata satılmasının şahidi olardılar. Bu halda, heç bir məhkəmələrdə (daxili inama əsasən) və cinayətkar müstəntiqdə şübhə yaranmadı ki, necə olur 100.000 (yüz min) manata alınan ev cəmi 5 (beş) aydan sonra 60000 (altmış min) manata satılır və 50000 (əlli min) manata ipotekaya qoyulmuş ev sonradan 30000 (otuz min) manata satılır. Əgər İddiaçı2 50000 (əlli min) manata ipotekaya qoyduğu evi sonradan 30000 (otuz min) manata satacaqdısa, onda heç 50000 (əlli min) manatı (ipoteka ilə bağlı) niyə ödəyirdi? Əfsuslar olsun ki, bütün bu fırıldaqlara Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə tərkibindən başqa heç bir məhkəmələr əhəmiyyət verməmiş və xüsusi qərardadları vaxtında çıxarmamışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-195/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmə əsassız olaraq tərəflər arasında əvvəllər baxılmış mülki işlər üzrə qəbul edilmiş qətnamələrə istinad etmişdir. Hesab edirlər ki, əvvəllər alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələrində satıcılar tərəfindən (iddiaçılar) pulun banklardan çıxarılıb-çıxarılmaması müəyyən edilmədiyindən hazırki iddia tələbi ilə bağlı məhkəmənin preyudisial əhəmiyyətə malik qətnamələr qəbul edilməsini qəbul etdiyi qətnamədə nəinki qeyd etməsi, hətta bu qənaətə gələrkən AR-sı MPM-nin 82 və ya 233-cü maddələrinə istinad etməməsi prosesual və maddi hüquq normalarının tətbiq edilməməsi ilə nəticələnən qətnamə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan İddiaçı2 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən 7 saylı mənzilin alqı-satqısına dair 3 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat kontorunda aparılmış xx xxxx 2016-cı il tarixli 4Ə-362 saylı notariat işinin surətindən görünür ki, tərəflər həmin mənzilin 30000 (otuz min) manata alqı-satqısını həyata keçirmişlər və mənzilin satış dəyəri olan məbləğ alıcı tərəfindən tam olaraq notariat kontorunun Azərbaycan Beynəlxalq Bankının Yasamal filialında olan depozit hesabına yerləşdirilmişdir. İş materiallarında olan İddiaçı1 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilin alqı-satqısına dair 43 saylı Notariat ofisində aparılmış xx xxxxxxxx 2015-ci il tarixli 4Ə-269 saylı notariat işinin surətindən görünür ki, tərəflər həmin mənzilin 100000 (yüz min) manata alqı-satqısını həyata keçirmişlər və mənzilin satış dəyəri olan məbləğ alıcı tərəfindən tam olaraq notariat kontorunun «xxxx» ASC-nin Həyat filialında olan depozit hesabına yerləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2948/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4, Bakı şəhəri 43 saylı notariat kontoruna və 3 saylı Bakı “Asan Xidmət” Mərkəzindəki notariat kontoruna qarşı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küç., 49 saylı evin 9-cu mənzili barədə xx xxxxxxxx 2015-ci ildə onunla Cavabdeh1 arasında və xx xxxx 2016-cı il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2943/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 və Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küç., 49 saylı evin 7 saylı mənzili barədə xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı1 ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış AN-İ N-0502984 saylı daşınmaz əmlakın alqısatqısı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilini 100000 (yüz min) manata sonuncuya satmışdır. Bundan sonra, Cavabdeh1 həmin mənzili 3 saylı Bakı “ASAN" Xidmət Mərkəzindəki notariat Kontorunda bağlanmış xx xxxx 2016-cı il tarixli AN-İ N-0847122 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, 60000 (altmış min) manat pula Cavabdeh2 satmışdır. Həmçinin, İddiaçı2 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən 7 saylı mənzilin 30000 (otuz min) manat pula satılmasına dair xx xxxx 2016-ci il tarixdə AN-İ N- 0487122 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda iddiaçılar Cavabdeh1lə xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış AN-İ N- 0502984 saylı və Cavabdeh2lə xx xxxx 2016-ci il tarixdə bağlanmış AN-İ N-0487122 nömrəli alqı-satqı müqavilələrində göstərilən satış pulunu almadıqlarını bildirərək, həmin müqavilələrin və bu müqavilələr əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki qanunvericiliyin qeyd edilən normalarının dispozisiya şərtlərindən görünür ki, mülki münasibətlərin iştirakçıları sərbəst şəkildə mülki müqavilələr bağlamaq, həmin müqavilələrlə qanunvericiliyin tələblərinə zidd olmayan öz hüquq və vəzifələrini müəyyən etmək hüququna malikdirlər. Bu tələblərə uyğun bağlanmış müqavilələrin birtərəfli qaydada ləğv edilməsi yanız o halda mümkündür ki, müqavilənin digər tərəfi onun şərtlərini əhəmiyyətli dərəcədə pozmuş olsun, yaxud Mülki Məcəllədə və ya müqavilənin özündə nəzərdə tutulmuş digər əsaslar mövcud olsun. Bundan başqa, tərəf müqavilənin ləğv edilməsi təklifi ilə ilk növbədə müqavilənin digər tərəfinə müraciət etməlidir, yalnız bu müraciətə cavab almadıqda və ya qarşı tərəf müqavilənin ləğv edilməsindən imtina etdikdə, onun həmin tələblə məhkəməyə müraciət etmək hüququ yaranır. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış AN-İ N-0502984 saylı, həmçinin İddiaçı2 ilə Cavabdeh2 arasında xx xxxx 2016-ci il tarixdə bağlanmış AN-İ N-0487122 nömrəli alqı-satqı müqavilələri üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə düşən öhdəlikləri yerinə yetirərək müqavilədə şərtləşdirilmiş daşınmaz əmlakın satış məbləğini (müvafiq olaraq 100.000 manat və 30.000 manat olmaqla) notariat ofisinin bank təşkilatlarında olan hesablaşma hesabına köçürmüşlər. Bu hal iş materiallarında olan bank mədaxil orderləri ilə və tərəflərin verdikləri izahatlarla da təsdiq olunur. Belə ki, iddiaçılar öz iddialarının dəlili kimi həmin məbləğlərin notariat orqanının bankdakı depozit hesabına yerləşdirilməsinə deyil, həmin vəsaitin sonradan onlar tərəfindən bankdan götürülmədiyinə istinad edirlər. Belə olan halda, kollegiyanın qənaətinə görə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mübahisələndirilən müqavilələrin şərtlərinin hər hansı şəkildə pozulması halı müəyyən edilmədiyindən, onlar həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmiş hesab edilməlidirlər. Həmçinin, məhkəmə araşdırması zamanı alqı-satqı müqavilələrinin bağlanması zamanı notariat orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına dair qanunvericiliyin hər hansı pozuntusu da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilənlərdən bu qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisələndirilən daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsinə əsas verən və mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının dispozisiya şərtlərinə cavab verən hal müəyyən edilməmişdir. Bundan başqa müəyyən edilir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbinə də riayət etməmiş və cavabdehlərə müqavilənin ləğv edilməsinə dair təklif verməmişdir. İddiaçıların mübahisələndirdikləri alqı-satqı müqavilələri üzrə onlara çatmalı olan pul məbləğinin bank hesabından onlar tərəfindən alınmaması və pulun guya onlar tərəfindən alınmasına dair banklar tərəfindən təqdim edilmiş qəbzlərdəki imzaların saxtalaşdırılması ilə bağlı dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası izah edir ki, həmin halın mövcud olması iş üzrə cavabdehlərin deyil, notarial hərəkətlərinin aparılması zamanı xidmət göstərən vasitəçi bankların fəaliyyətindən doğan məsələ olduğundan, hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, daşınmaz əmlakların alqı-satqısına dair müqavilələrin ləğv edilməsinə dair iddia tələbi əsassız olduğundan, həmin alqı-satqı müqaviləsi əsasında yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reystrində qeydiyyata alınmasına dair Çıxarışların ləğv edilməsinə dair tələb də əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlmiş və iddianı təmin etməməkdə haqlı olmuşdur, iş üzrə verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvinə səbəb olmadığından, şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 195/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar