Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6447/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3231/2024 nömrəli 24 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2012-ci il X5 və xx.xx.2013-cü il tarixdə X4 doğulmuşdur.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 2326/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında olan nikahın pozulması, birgə nikahlarından doğulmuş 21 aprel 2012-ci il təvəllüdlü X5 və 06 may 2013-cü il təvəllüdlü X2 boşanmadan sonra ataları İddiaçı yanında qalması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər bir uşaq üçün 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 14 iyun 2011-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ilə münasibəti əvvəllər yaxşı olsa da, sonradan bu münasibət tam pozulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar isə onun himayəsinə verilmişdir. Hazırda onun qazancı ilə uşaqların təminatını ödəmək çətindir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 sentyabr 2024-cü il tarixli 2(003)-3231/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq 21 aprel 2012-ci il təvəllüdlü X3 və 06 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,0 manat olmaqla, cəmi 300,0 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, 6,0 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə göstərmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. İddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemində, iddiaçı "X8 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində maşinist, qaldırıcı qurğu vəzifəsində işləməklə hər ay 1400 manat əmək haqqı alması müəyyən edilmişdir. Bundan başqa uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız ananın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 235 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərinə uyğun olmazdı. Ona görə də məhkəmə iddianın qismən təmin edilərək tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 150,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəuyğun hesab etmişdir.
7. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikasında 2024-cüil üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, Ailə Məcəlləsinin 56.1, 75.4, 78.1, 78.2, 100.2, Mülki Prosesual Məcəllənin 14.2, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək hər ay hər uşağa görə 235 manat olmaqla, 470 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, onun təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara deyil, mövcud olmayan hallar müəyyən etməklə əsaslandırmağa çalışmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
12. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, himayəsində azyaşlı uşaq var, özü kirayədə yaşayır, heç 150 manatı ödəməyə imkanı yoxdur. Qətnamədən məlumatı olmayıb, olsa mübahisələndirərdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
13. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən – iddiaçıya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Göründüyü kimi tərəflərin birgə nikahlarından iki uşaqları doğulmuşdur, tərəflər arasında olan nikah pozulmuş və hazırda uşaqlar iddiaçının, yəni atanın himayəsindədir.
24. Hazırda iddiaçı hər ay hər uşaq üçün 235 manat olmaqla, 470 manat aliment tələb etmiş, məhkəmə tərəfindən isə hər ay hər uşaq üçün 150 manat olmaqla 300 manat aliment müəyyən etmişdir.
25. Qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti verdiyindən ona münasibətdə yoxlanılır.
26. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.
27. Uşağını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
28. Nəzərə alınmalıdır ki, uşağın saxlanmasını hər iki valideynin vəzifəsidir.
29. Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, iddiaçı "X8 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində maşinist vəzifəsində çalışmaqla 1400,25 manat əmək haqqı alır.
30. Elektron Məhkəmə informasiya sistemindən müəyyən edilir ki, cavabdeh işləmir.
31. Həmçinin apellyasiya baxışı zamanı məlum olmuşdur ki, cavabdehin himayəsində bir azyaşlı övladı var.
32. Kollegiya işin hallarını, uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləği ağlabatandır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3231/2024 nömrəli iş üzrə 24 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən – iddiaçının şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.