Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6454/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Etibar oğluna qarşı iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)-2304/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, habelə uşaq 3 yaşına çatanadək onun saxlanılması sabit pul məbləğində 150 manat alimentin cavabdehdən tutulub ona verilməsinə dair məhkəmə qətnaməsinin qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2021-ci il tarixində ailə quraraq evlənmişdir. Bu faktiki nikahdan xx.xx.2022-cü il təvəllüdlü X5 adında övladı dünyayagəlmişdir. Qızı hal-hazırda onun himayəsindədir. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir. Uşaq 1 yaş 8 aylıqdır və onun tərəfindən saxlanılır. Mübahisənin mediasiya perespektivi olmadı. Cavabdeh heç bir halda razılaşmadı. Şəxs işləyir, qazancı vardır. Düşünür ki, hər bir halda uşağın saxlanılmasında cavabdeh iştirak etməlidir. O, 2 ilə yaxındır ki, ondan aliment istəməmişdir. Şəxs özü belə uşağını düşünmür, aliment ödəmir. Onun uşağını saxlamaq üçün hər cür imkanı var.
4. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2304/2024 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 90 manat sabit pul məbləği alimentin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
5. Məhkəmə qanunvericilk normalarını nəzərə alaraq qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğuna baxmayaraq hazırda iddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin tutulması iddianın tam şəkildə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Həmçinin uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir.
6. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını, uşağı saxlamaq hər iki valideynin vəzifəsi olmasını və tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan- xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 220 manat sabit pul məbləğində aliment və əlavə olaraq, xx.xx.2022-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 90 manat sabit pul məbləği X1 xeyrinə tutulmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə, Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.2, 75.1, 75.2, 75.3, 75.4, 75.5, 78.1, 86, 99, 100.2-ci maddələrinə, 16-cı fəslinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8, 13, 19-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ilin dekabrın sonundan başlayaraq iddiaçı ilə qeyri-rəsmi münasibətlərdə olmuş və 2024-cü ilin yanvarından ayrılmışlar. Cavabdeh həmin vaxtda "xxxx" MMC-də işləyirdi və 300 manat əmək haqqı alırdı. Sonra "xxxx" MMC-də 499 manat, "xxxx"MMC-də əvvəlcə 420 manat, sonra isə 500 manat əmək haqqı ilə işləmişdir. Daha sonra isə ixtisar səbəbi ilə əmək müqaviləsinə xitam verilmişdir, bu səbəbdən 9 ay müddətində hər ay təxminən 380 manat məbləğində işsizlik müavinəti almış, bundan sonra isə bir il ərzində 365.74 manat məbləğində ünvanlı sosial yardım almışdır. Məhkəmə onların qeyri-rəsmi münasibətləri zamanı (2021-ci ilin dekabrın sonundan 2024-cü ilin yanvarınadək) cavabdehin aldığı əmək haqqı və müavinətlərlə uşaqları saxladığını nəzərə almamışdır. Maddi durumu nəzərə alınmadan aliment təyin edilməsi tamamilə qanunsuz haldır. Hətta, iddiaçı ondan qeyri-rəsmi ayrılarkən o, ünvanlı sosial yardım alırdı. Məhkəmə uşağın əvvəlki yaşayış səviyyəsini nəzərə alıb aliment təyin etməli idi. Hesab edir ki, bu cox ciddi qanun pozuntusudur. Göründüyü kimi, onun iddiaçı ilə arasında hər hansı nikah bağlanılmamışdır. Onlar heç vaxt ər-arvad olmamışlar. Bu məqsədlə hər hansı qeydiyyat idarəsində (şöbəsində) nikahın bağlanılması barədə qeyd aparılmamışdır. Buna baxmayaraq məhkəmə Ailə Məcəlləsinin maddi hüquq normasını səhv tətbiq edərək xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 90 (doxsan) manat sabit pul məbləği alimentin arvadı olmayan X1 xeyrinə tutulması barədə qanunsuz qətnamə qəbul etmişdir. Həmçinin, ikinci şərtin ödənilib-ödənilməməsi barədə qanunvericiliyin tələbi yoxlanılmamışdır. Yəni, cavabdehin alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olub-olmamağı araşdırılmamışdır. Məhkəmə aralarında nikah olmadığı halda qeyri-qanuni olaraq iddiaçı ilə rəsmi nikahın olmasını göstərmişdir. Hesab edir ki, məhkəmə maddi hüquq normalarını səhv tətbiq edərək qeyri-rəsmi münasibətləri rəsmi nikah münasibəti hesab etmişdir. Nəticədə ondan 90 manat pulun tutulması barədə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə işi ilə tanış olduqdan sonra Şəki 1 saylı Mediasiya təşkilatının direktoru X7 tərəfindən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə qanunsuz arayış verilməsini aşkar etmişdir. Əvvəla, o ünvan 1 ünvanda, iddiaçı isə ünvan 2 ünvanda qeydiyyatdadır. O, uzun müddətdir, Bakı şəhərində yaşamışdır. Belə ki, 2021-ci ildən 2024-cü ilin əvvəlinədək həmin ünvanda yaşamışdır. Nə üçün mediasiya sessiyası Şəkidə keçirilmişdir? Ən ciddi hüquq pozuntusu bundan ibarətdir ki, iddiaçı ona mediasiya bildirişi göndərməmişdir. Mediator da mediasiya iclasının vaxtı və yeri barədə hər hansı bildiriş göndərməmişdir. Halbuki, mediasiya arayışında qeyd olunmuşdur ki, guya cavabdeh öz evində yaşamır. O, qeydiyyatda olduğu ünvanda-ünvan 5aşayır. O, mediasiya sessiyasında iştirak edib qanunla verilən hüquqlarından istifadə edə bilməmişdir. Sonda isə iki məhkəmə işinə görə bir mediasiya arayışı verilib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə telegram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
13. Azərbayan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 84.2.2. bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında aliment ödənilməsi barədə saziş olmadıqda arvad zəruri vəsaitə malik olan ərdən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı: Bənd 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.3-1. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin olunduğundan, qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – uşağın 3 yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 90 manat alimentin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflərin faktiki nikahlarından doğulmuş uşağın saxlanması üçün alimentin miqdarını 220 manat məbləğində müəyyən etmişdir.
22. Belə ki, valideynin az qazanca malik olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. Nəzərə alınmalıdır ki, qanunvericiliklə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin bu hissədə ləğv edilməsinə əsas ola bilməz.
25. Lakin Kollegiya uşağın 3 yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 90 manat alimentin tutulması tələbinə münasibətdə qeyd edir ki, ailə qanunvericiliyinin yuxarıda istinad olunan normalarına əsasən bu tələbi irəli sürmək hüququ yalnız arvada məxsusdur.
26. Hazırki işdən göründüyü kimi, iş üzrə tərəflər rəsmi nikaha daxil olmamış və ər-arvad statusu əldə etməmişlər.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia həmin hissədə qismən təmin edilərkən düzgün nəticəyə gəlinməmişdir.
28. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “uşağın 3 yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 90 manat alimentin tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası cavabdehin mediasiya prosesində iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh ümumiyyətlə iddia tələbi ilə razı deyil və belə olan halda mediasiya prosesində iştirak edərək mübahisənin barışıq sazişi bağlamaqla həll ediləcəyi ağlabatan görünmür. Bundan başqa, məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Hazırki iş üzrə məhkəmə icraatı zamanı cavabdeh tərəfindən belə müraciət də daxil olmamışdır.
30. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2304/2024 nömrəli qətnaməsi qismən – uşağın 3 yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 90 manat alimentin tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: