Məhkəmə qərarları › İş №2(103)-6456/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6456/2021

26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6456/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Selahattin oğlunun nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Selahattin oğlunun Cavabdeh qarşı əmlak tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-389/20 saylı mülki iş üzrə 04.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı Selahattin oğlu və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Selahattin oğlu Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək) paylı mülkiyyətlərində olan "Hyundai-Creta” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılaraq satış pulunun paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə, avtomobilin saxlanılması və hərrac vasitəsi ilə satılanadək DYP-nin dayanacağına qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04.06.2019-cu il tarixli, 2(102)-4086/2019 saylı qərarına əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.07.2018-ci il tarixli 2(004)-3262/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Yasamal Rayon Məhkəməsinin 23.07.2018-ci il tarixli qətnaməsi qismən - avtomobilə aid hissədə ləğv edilmiş və iddianın həmin hissədə qismən təmin olunub “Hyundai Creta” markalı avtomobil tərəflərin ümumi birgə mülkiyyəti hesab olunmaqla avtomobilə tərəflərin hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. Həmin qətnamədən tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmamış, qətnamə qanuni qüvvəsini almışdır (səh.7); 30 yanvar 2019-cu il tarixli pretenziya məktubuna əsasən, İddiaçı Selahattin oğlu tərəfindən Cavabdeh mübahisənin məhkəmədən kənar həll edilməsi üçün xəbərdar edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-389/21 saylı mülki iş üzrə 04.09.2020-ci il tarixli qətnaməsi ilə İddia tələbi qismən təmin edilmiş, İddiaçı Selahattin oğlu və Cavabdeh paylı mülkiyyətində olan **-KE-*** dövlət qeydiyyat nişanlı "Hyundai- Creta" markalı avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 82.3, 88, 119, 217, 218-ci maddələrinə; Mülki Məcəllənin 220.6-cı maddəsinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, “Hyundai-Creta” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin paylı mülkiyyətçilər arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından da göründüyü kimi, “Hyundai-Creta” markalı **- KE-*** dövlət qeydiyyat nişanlı avtomobil paylı mülkiyyət hüququ üzrə İddiaçı Selahattin oğlunun (1/2 hissə) və Cavabdeh (1/2 hissə) mülkiyyətlərindədir. Naturada bölgü mümkün deyildir və cavabdeh də avtomobilin pulunun ödənilməsinə razı deyildir. Belə olan halda məhkəmə iddiaçının iddiasını qanuni və əsaslı hesab edir. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İddiaçı Selahattin oğlu apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(004)-389/2020 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 152, 213, 222-ci maddələrinə istinadən qeyd edilmişdir ki, avtomobilin 1/2 hissəsi İddiaçı Selahettin oğlunun mülkiyyətidir, ancaq mülkiyyətçi İddiaçı Selahettin oğlu öz mülkiyyətindən istfadə etməkdən əsasız olaraq məhrum olmuşdur. Göründüyü kimi iddiaçı öz mülkiyyətindən sərbəst istifadə edə bilmir, lakin qarşı tərəf əsassız olaraq həmçinin iddiaçının da mülkiyyəti olan əmlakdan istifadə edir və ondan bəhər götürür, bununla da İddiaçı Selahettin oğlunun mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulur. Həmçinin iddiaçının iddiasının təmin olunmuş hissəsində əmlakın açıq həracdan satılması və vəsaitin müvafiq olaraq bölünməsində də problem yarana bilər. Belə ki. əmlakın faktiki dəyəri 25000-30000 manat dəyərindədir. Lakin, birgə paylı mülkiyyətdə olan avtomobil Cavabdeh tərəfindən istifadə olunur ki. hər an avtomobilin zərər görməsi və dəyərdən düşməsi riski var. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(004)-389/2020 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası MPM-nin 8, 9, 97, 385.1, 386-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, işə baxılarkən iştirakı təmin edilməmiş, müvafiq vəsatət və etirazlarımın verilməsinə şərait yaradılmamış, prosesin çəkişmə prinsipinin təmin edilməməsi hüquq və maraqlarına açıq-aşkar zidd olan məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmişdir. Bundan başqa, məhkəmənin qətnaməsi ilə müəyyən olunur ki, iş üzrə müvafiq ekspertiza keçirilməmiş, habelə, ekspertizanın keçirilməməsi məsələsi, bunun əsasları qətnamədə müzakirə edilib əsaslandırılmamış, yalnız avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib bölünməsi qət edilmişdir. Məhkəmə mərhələsində avtomobilin qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunur və bu ekspertiza müvafiq ekspertiza mərkəzinə həvalə olunur, həmin ekspet də bilə-bilə yalan rəy verməklə bağlı məsuliyyət barədə xəbərdar olunur. Təcrübədən məlumdur ki, icra mərhələsində əmlakın qiymətinin müəyyən edilməsi isə çoxsaylı hərrac mərkəzlərindən birinə həvalə olunur, onlar isə icra məmurunun qərarı ilə hər hansı məsuliyyət barədə xəbərdar olunmurlar, ona görə onlar tərəfindən verilən rəylər br çox hallarda mübahisələrə səbəb olur, onların mötəbərliyi şübhə altında qalır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Selahattin oğlunun nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin şikayətinin əsassız olduğunu, əmlakın 50%-nin iddiaçıya məxsus olduğunu, nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olaraq aşınmasını və iddiaçının hüquqlarının pozulduğunu bildirmiş, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini, öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152-158, 213-225; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, avtomobilin zərər görməsi və dəyərdən düşməsi barədə iddiaçının dəlilləri iddianın təmin edilməsi tədbirinin tətbiq edilməsi üçün əsaslı olsa da hazırki tələb çərçivəsində qiymət verilməsi prosessual cəhətdən mümkün deyil və gələcəkdə qeyd edilən ehtimallar gərcəkləşərsə iddiaçının zərərlə bağlı əlavə tələb hüquqları saxlanılmaqdadır. Cavabdehin ekspertiza keçirilməsi və əmlakın qiymətləndirilməsi barədə dəlilləri isə daşınar əşya kateqoriyasına aid olan predmet olması və ekspertiza keçirilməsinin mübahisəni tənzimləyən müvafiq maddi normalar ilə nəzərdə tutulmaması nəzərə alınmaqla əsassızdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı Selahattin oğlu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-389/20 saylı mülki iş üzrə 04.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar