Məhkəmə qərarları › İş №2(103)-6465/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6465/2023

13.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6465/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmək haqqı və son haqq-hesabın ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-914/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İşəgötürən "xxxx" ASC-nin Qazaxıstan Respublikasındakı filialı ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı aparıcı mütəxəssis vəzifəsində işə qəbul olunmuşdur. Müqaviləyə əsasən əmək haqqı 750.000 tenge məbləğində müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il üzrə həmin ilin oktyabr ayının 20- dən noyabr ayının 20-dək ödənilməli olan məbləğin 472.874 tenge~1.749,63 manat, noyabr ayının 20-dən dekabr ayının 20-dək 668.405 tenge~2.473,10 manat, 2021-ci il üzrə: dekabr ayının 20-dən yanvar ayının 21-dək 665.372 tenge~ 2.461,88 manat, yanvar ayının 21-dən fevral ayının 21-dək 664.260 tenge~2.426 manat, fevral ayının 21-dən mart ayının 21-dək 336.926 tenge~1.246,63 manat, mart ayının 21-dən aprel ayının 21-dək 750.000 tenge~ 2.900 manat olmaqla, cəmi 13.257,24 manat məbləğində ödənilməmiş əmək haqqının, 7.046,26 məbləğində ödənilməmiş son haqq hesabın və 50 manat mediasiya xərci olmaqla, cəmi 20.353,5 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-də çalışmışdır. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən aylıq xidmət haqqı 750.000 tenge, həmin dövrün valyutasına uyğun olaraq 2.900 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə əsasında o, öz öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, cavabdeh tərəfindən 2020-ci ilin oktyabr ayından etibarən aylıq xidmət haqqı olan 2.900 manat məbləğində pul vəsaiti tam şəkildə bu günədək ona ödənilməmişdir. Cavabdeh tərəfindən ona təqdim edilən hesabdan çıxarışa nəzər yetirdikdən sonra ona ödənilməli olan xidmət haqının hesaba tam həcmdə köçürülməməsi faktı aşkar edilmişdir. Bundan başqa, 7.046,26 manat məbləğində kompensasiya, məzuniyyət haqları - son haqq-hesab ona işdən çıxarılan zaman ödənilməmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2284 №-li ekspert rəyinə əsasən iş materiallarında olan sənədlərə və Azərbaycan Respublikası Mərkəzi Bankının sayt məlumatlarına əsasən 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına qədər İddiaçı ödənilməsi nəzərdə tutulan əmək haqqının (hər ay üzrə) Qazaxıstan Respublikasının milli valyutasından Azərbaycan Respublikasının milli valyutasına çevirdikdə məbləği ümumilkdə 11.364,63 manat, İddiaçı ödənilməmiş son haqq-hesabı və məzuniyyət haqqı məbləğinin Qazaxıstan Respublikasının milli valyutasından Azərbaycan Respublikasının milli valyutasına çevirdikdə İddiaçı ödənilməli olan son haqq hesabın məbləği 8.152,61 manat, ödənilməli olan məzuniyyət haqqı məbləği isə 3.756,28 manat müəyyən edilmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən ödənilməmiş 11.364,63 manat əmək haqqının, 8.152,61 manat ödənilməmiş son haqq-hesabın və 3.756,83 manat məbləğində məzuniyyət haqqının cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 914/2023 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, işçiyə müvafiq işi təqdim etmək, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etmək və əməyinin qarşılığını ödəmək hüququna malik olan müvafiq hüquqi (filialı, nümayəndəliyi) və ya fiziki şəxs əmək hüquq münasibətlərində işəgötürən anlamına gəlir və beləliklə də işçi ilə bərabər müstəqil subyekt kimi nəzərə alınır.

9. Hazırki mülki işin materiallarından da görünür ki, iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu əlaqədar müvafiq əmr verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs "xxxx" ASC deyil, ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır. Hazırki tərəflər arasında isə əmək münasibətləri yaranmamışdır, cavabdeh qismində cəlb edilmiş hüquqi şəxs işçi ilə işəgötürənin hüquq və vəzifələrini tənzimələyən əmək müqaviləsinin tərəfi deyildir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhkəməyə təqdim edilməmişdir. Halbuki, əmək mübahisələrində bu qəbildən olan sənədləri təqdimetmə yükü cavabdehin üzərinə düşür, belə ki, cavabdeh iddiaçıya münasibətdə iqtisadi cəhətdən daha güclüdür və əmək münasibətləri ilə bağlı hər növ sənədləşmənin aparılmasında daha geniş imkanlara malikdir və öhdəliklər daşıyır. Belə olan təqdirdə iddiaçının dəqiq olaraq hansı tarixdə hüquqlarının pozulduğunu müəyyən etmək qeyri-mümkündür.

11. Digər tərəfdən, mülki işin materiallarında olan müvafiq qətnamə və qərardadlardan görünür ki, iddiaçı ilkin olaraq məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Daha sonra məhkəmələr arasında aidiyyətlə bağlı məsələyə AR Ali Məhkəməsində baxılmış (26 may 2022-ci il tarixdə), mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, daha sonra sonuncu tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan vaxt iddia tələbi dəqiqləşdirilmiş, tərəflər arasında olan xidməti müqavilədən irəli gələn mübahisəyə baxılaraq xx.xx.2022-ci il tarixdə Qətnamə qəbul edilmişdir. Tərəf həmin ilin noyabr ayının 4-də cavabdehə mediasiya təklifi göndərərək, hazırki əmək müqaviləsindən irəli gələn mübahisəni həll etməyi təklif etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı hərəkətsizlik göstərməmiş, əksinə Bakı Kommersiya Məhkəməsinin Qətnaməsi qəbul edildikdən dərhal sonra mediasiyaya müraciət etmişdir. Cavabdeh təşkilat birinci instansiyasında olan ilkin icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə, 3-cü maddəsinin 1-ci və 3-cü hissələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilkin olaraq cavabdeh ASC ilə xx.xx.2018-ciil tarixindən AN/DXM/005/0118 saylı xidməti müqavilə bağlamış və Bakı şəhəri ərazisində yerləşən şirkətində çalışmışdır. 2019-cu ilin 14 iyun ayında ASC-nin tapşırığı ilə Qazaxıstan Respublikasında fəaliyyət göstərən fililalına ezamiyyətə göndərilmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli, 14-Q/17 saylı qərarı ilə "xxxx" ASC-nin fililalı təsis edilmiş və xx.xx.2017-ci il tarixli 01№li əmri ilə X1 fililalın rəhbəri təyin edilmiş və filialın bütün texnikaları ASC-yə məxsus olmuşdur. Təsadüfi deyil ki, filial öz fəaliyyəti barədə bütün hesabatları ASC-yə təqdim edirdi və fəaliyyətini dayandırdıqdan sonra onun rəhbəri ASC-yə geri çağırılmış və filialın istifadəsində olan bütün texnikalar ASC-yə geri qaytarılmışdır. Onun ezamiyyətə göndərilməyi və uzun müddət filialda işləməyi Qazaxıstan Respublikasının qanunvericiliyinə zidd olduğundan belə qərara gəlinmişdir ki, onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixindən AN/DXM/005/0118 saylı xidməti müqavilə qüvvədə olmasına baxmayaraq, "xxxx" ASC-nin filialı ilə əmək müqaviləsi bağlamalıdır. Ona görə də xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin filialı (filialın direktoru Pşeniçnıy A.N. şəxsində) onunla əmək müqaviləsi bağlamışdır. Birinci instansiya məhkəməsi aşağıdakı halları aydınlaşdırmamış və göstərilən faktları nəzərə almamışdır: "xxxx" ASCnin filialının "xxxx"ASC tərəfindən təsis edilməsi, "xxxx" ASC tərəfindən "xxxx" filialının rəhbərinin vəzifəyə təyin və təsdiq edilməsi, "xxxx" ASC-nin filialının bütün əmlaklarının ASC-yə məxsus olması, "xxxx"ASC-nin 29/1 Nömrəli xx.xx.2019-cu il tarixli Əmri ilə ASCnin Qazaxıstan Respublikasında yerləşən "xxxx" filialına ezamiyyə olunmağı, ezamiyyə müddətinin bir neçə dəfə ASC tərəfindən uzadılması, onun ezamiyyə müddəti barədə sənədlərin həm filial, həm də ASC tərəfindən təsdiq edilməsi, "xxxx" ASC-nin təklifi və göstərişi ilə onun "xxxx"ASC-nin filialı ilə əmək müqaviləsi bağlamağı tapşırması, filialın qanunla müəyyən edilmiş müddətdlərdə ASC-yə hesabatlar verməsi, "xxxx" ASC-nin hesab vərəqində “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası qeyd olunmuş blankında "xxxx" ASC-nin filialının olması faktı, filialın ləğv edilməsindən sonra filialın istifadəsinə verilmiş əmlakların ASC-yə qaytarılması, filialın ləğv edilməsinə baxmayaraq, bu vaxta kimi onunla olan əmək müqaviləmə xitam verilməməsi, eyni zamanda "xxxx" ASC-nin onun işdən azad olunmağı barədə əmrin verilməsi və əmək kitabçasında hər hansı qeydin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-yə qarşı "xxxx" ASC-nin filialı borcun ödənilməsi tələbinə dair iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayətinin qismən təmin edilməsi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahatlar verdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Vəkil həmçinin bildirdi ki, filialın bağlanması ilə bağlı sənədlər cavabdeh ASC-də saxlandığından məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən iddia ASC-yə qarşı düzgün qaldırılmışdır.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3.1-ci hissə. Müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Maddə 3.3-cü hissə. İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarı: Mülki hüquq münasibətlərində hüquqi şəxs müqavilənin istənilən bərabərhüquqlu tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 380.2. Tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. İşdən görünür ki, iddiaçı cavabdeh "xxxx" ASC-nin Qazaxıstan Respublikasında qeydiyyata alınmış filialının xx.xx.2018-ci il tarixli, AR-İ 720789 nömrəli etibarnamə əsasında fəaliyyət göstərən direktoru ilə xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlamışdır.

26. Həmin müqavilənin məzmunundan görünür ki, müqavilə Qazaxıstan Respublikasının əmək qanunvericiliyinə uyğun tərtib edilmişdir. İşdə olan sənədlərdən həmçinin görünür ki, iddiaçının əmək haqqı da filial tərəfindən ödənilmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iş üzrə tələbi məhz cavabdeh ASC-nin Qazaxıstan Respublikasında qeydiyyata alınmış filialı ilə bağlanmış əmək müqaviləsi üzrə əmək haqqının və son haqq-hesabın ödənilməsi ilə bağlıdır.

28. Əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi, işçi ilə işəgötürən arasında olan münasibətlərin tənzimlənməsi Əmək Məcəlləsinin müvafiq normalarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 3-cü maddəsinin 1-ci hissəsində verilən anlayışa görə müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir.

29. Göründüyü kimi, mülki qanunvericilikdən fərqli olaraq əmək qanunvericiliyi hüquqi şəxsin filialını əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyekti hesab etmişdir.

30. Hazırki iş üzrə iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu əlaqədar müvafiq əmr verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs "xxxx" ASC deyil, ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır. Cavabdeh ilə iddiaçı arasında isə əmək münasibətləri yaranmamışdır.

31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı filialın fəaliyyət göstərmədiyini bildirsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı birinci instansiya məhkəməsində vəkili ilə təmsil edilmiş, zəruri sənədlərin alınması ilə bağlı vəkil sorğusu vermək, onları müstəqil əldə etmək imkanı olmadıqda həmin sənədləri tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etmək imkanı olmuş, lakin bunu etməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 914/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar