Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6473/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6830/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X8 arasında xx.xx.2003-cü il tarixdə 192 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X2 anaları X4 himayəsində saxlanılması, İddiaçı xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir.
2. Zəngilan Rayon Məhkəməsinin 2(034)-33/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X6 anaları X1 alınaraq ataları İddiaçı himayəsində verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X6 18 yaşına çatanadək hər ay onun xeyrinə 175, cəmi 350 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərir ki, 2019-cu ilin dekabr ayından bu günədək övladları himayəsindədir. Cavabdeh, yəni uşaqların anası onlara baxmır, taleyin ümidinə buraxıb getmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Lalə Rəhimli) ilə iddia tələbinin qismən təmin edilərək 26 dekabr 2004-cü il təvəllüdlü X3 və 29 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 23 fevral 2022-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək cavabdehdən hər ay hər uşaq üçün 175 manat məbləğində alimentin tutulması hissəsində qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 150 manat müəyyən edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin aliment hissəsində ləğv edilməsini və alimentin məbləğinin azaldırlaraq hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat alimentin tutulmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. İşlədiyi üçün, əmək haqqı aldığı üçün alimentin məbləği əmək haqqından 1/3 hissədə tutulmalıdır. 300 manat əmək haqqı alır. 1/3 hissədə, yəni 100 manat aliment tutulmalıdır. Hər iki valideyn, yəni o da, atası da uşaqları saxlamağa borcludurlar. Uşaqlar üçün nəzərdə tutulmuş aliment hər iki valideyn arasında müəyyən olunmalıdır, yaşayış minimumu hər ikisi arasında bölünməlidir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Hazırda iddiaçı da işlədiyindən yaşayış minimumu tərəflər arasında bölünməli idi. Məhkəmə yalnız iddiaçının mənafeyini müdafiə etdi. Onun yalnız 300 manat əmək haqqı aldığını nəzərə almadı. Məhkəmə başqa gəlirinin olmamasına əhəmiyyət verməmişdir. O, hər gün səhərdən axşama kimi bu qədər əmək haqqı üçün işləyir. 300 manat alimenti ödəyəndən sonra ona bir manat da olsa pul qalmır. Məhkəmə isə buna göz yumdu. Ədalətsiz qərar çıxardı.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
9.İddiaçı məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda qeyd edir ki, o, oğlanları ilə ümumi dil taparaq sakit həyat yaşamaq istəyir, çünki oğlanları artıq hər şeyi başa düşürlər. Cavabdeh əsassız olaraq qətnamənin icrasını uzatmaq istəyir. Hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti əsassız və qanunazidd olduğu üçün təmin edilməməlidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqdauşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.
15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə alimentin məbləğinin dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, alimentin məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.
21. Belə ki,son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir. 22.Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir.
23. Bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər.
24. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən (artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çox uşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur.
25. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa, uzlaşmaya bilər.
26. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur. 27.Bununla yanaşı, aliment müəyyən edilərkən uşaqların, o cümlədən hazırki işdə olan, uşaqların da mənafeyi nəzərə alınmalıdır.
28. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
29. Uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
30. Düzdü, hazırki işdədə iddiaçı tərəfindən cavabdehin qazancının tələb edilən yaxud məhkəmənin təmin etdiyi hissədə olmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmiş, eləcə də iddiaçı alimenti cavabdehin qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində istəmişdir.
31. Ancaq apellyasiya instansiya məhkəməsi tərəflərin mövqeyini, uşaqların da mənafeyni, eləcə də cavabdehin məcburi köçkün olmaqla məktəbdə xadimə işləməsini və əmək haqqının az olmasını nəzərə alaraq müəyyən olunmuş alimentin məbləğinin hər uşaq üçün 150 manatdan, 75 manatadək azaldılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.
32. Əlbətdə ki, iddiaçının cavabdehin daha artıq qazancının və digər gəlirlərinin olması barədə mötəbər sübut əldə edərsə, sabit pul məbləğində yaxud da aylıq qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi yenidən məhkəməyə müraciət etməyə hansısa maneə mövcud deyildir.
33. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin və Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alınacaq alimentin məbləği hər ay, hər uşaq üçün 75 manat, cəmi 150 (yüz əlli) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.