Məhkəmə qərarları › İş №2(103)-6473/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6473/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6473/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3825/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3712/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3713/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, yəni cavabdehdən birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay sabit puı məbləğində 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 uşaqları anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-637/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı övladları onun yanında saxlanılmış, övladlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün, xx.xx.2019-cu ildən başlayaraq hər ay hər uşağa 160 manat olmaqla ümumilikdə 320 manat alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Sonradan Binəqədi Rayon Məhkəməsinin 2(001)-3713/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı qaldırılaraq hər uşağa 175 manat olmaqla ümumilikdə 350 manat olmuşdur. Lakin cavabdeh tərəfindən ödənilən aliment övladının maddi təlabatını təmin etmir, övladının sağlamlığına, dolanışığına, geyiminə xeyli vəsait tələb olunur. Mediasiyaya müraciət etsə də, qarşı tərəf təyin edilmiş mediasiya prosesində iştirak etməmişdir. Bu baxımdan alimentin dəyişdirilməsinə müsbət yanaşmamışdır. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(001)- 3825/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi; Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsi; Uşaq hüquqları haqqında qanunun 13 və 19-cu maddəsi; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 112-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(001)-3825/2023 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılması üçün əsas verən halları iddia ərizəsində qeyd etməmiş, eyni zamanda onun ailə və maddi vəziyyətində müsbətə doğru dəyişikliklərin baş verməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, heç bir yerdə işləmir. Əvvəliki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti çox böyük çətinliklə, ata-anasının köməkliyi ilə ödəyir. Hazırkı halda alimentin miqdarının artırılması onsuz da çətin olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Həmçinin qeyd etmişdir ki, iddiaçı bank sistemində işləməklə maddi vəziyyəti ondan dəfələrlə yaxşıdır. Qanunvericilikdə təsbit olunmuş normaların tələblərində də görünür ki, qanunverici uşaqların saxlanılması üçün hər iki valideynin üzərinə bərabər öhdəliklər qoymuşdur. Belə olduğu halda uşaqların maddi təminatının qarşılanmasının ancaq onun üzərinə qoyulması qanunvericliyin tələblərinə daban-dabana ziddir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, iki uşaqdır, bütün öhdəlik onun üzərinə düşür.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 qeyd etmişdir ki, bu azyaşlı uşaqlar şənbə və bazar günləri, yəni ayın bir həftəsini demək olar ki, atanın himayəsində qalacaqlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 10:00-a kimi uşaqlar atanın himayəsində olurlar. Əvvəllər cavabdehin atasının adına müəssisə olmuşdur və hazırda müəssisə bağlanmışdır. Ona görə də hesab edir ki, alimentin 220 manat tutulması qanunsuzdur. Hər bir halda qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı bank sistemində işləyərək ayda 1000 manata yaxın gəlir eldə edir. İddiaçı istəyir ki, bütün öhdəlikləri və vəzifələri öz həyat yoldaşının üzərinə qoysun, lakin bununla razılaşmır. Bildirdiyi dəyişkənlik ondan ibarətdir ki, cavabdehin iş yeri bağlanmışdır və azyaşlı uşaqlar ayın bir həftəsini atanın himayəsində qalacaqlar. Həmçinin bildirmişdir ki, cavabdehin iş yeri bağlanmışdır, hazırda işləmir. Cavabdeh hələ özünə münasib iş yer tapa bilməmişdir. İddiaçı məhz özünün maddi imkanlarını yaxşılaşdırmaq üçün hər şeyi edir. Hər dəfə uşaqla göruşəndə cavabdeh tərəf uşağın ehtiyaclarını qarşılayır, paltar, yemək alır, layiqincə diqqət göstərir. Uşaqlar kurslara getmirlər. Cavabdehin atasının ürəyinə stend qoyulmuşdur, vəziyyəti pisdir, mebel sexləri də ona görə bağlanmışdır.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3712/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmiş, hazırki iddia ilə bu məbləğin hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğinə dəyişdirilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini cavabdehin aliment məbləğini qəbul etmədiyi həcmdə (90 manat) yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

18. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

19. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

21. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

22. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

23. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

24. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

25. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

26. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır.

31. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

32. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır. Yanında uşaq saxlanılan valideynin maddi vəziyyətinin digər tərəfə nisbətdə yüksək olması da sonuncunu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan məbləğdə aliment ödəməklə öz yetkinlik yaşına çatmamış övladlarını saxlamaq vəzifəsindən azad etmir.

33. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkəməsinin 2(001)-3712/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 2 ilə yaxın müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməli olması barədə birinci instnasiya məhkəməsinin gəldiyi qənaəti qanunvericilikdə nəzərdə tutulan dispozisiya şərtlərinin mövcudluğu baxımından əsaslı olmuşdur.

34. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

35. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3825/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar