Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6481/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehin aylıq qazancından hər ay 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat məbləğində alimentin uşaqlar yetkinlik yaşına çatanadək, uşaqlara baxdığı üçün hər uşağa görə cavabdehin aylıq qazancından 100 manat olmaqla iki uşaq üçün cəmi 200 manat məbləğində pulun tutularaq uşaqların 3 yaşı tamam olanadək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 15 avqust 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki prosessual qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olmasını nəzərdə tutmuş, lakin bəzi tələblər üzrə iddiaçıya seçim imkanı da vermişdir. Hər bir halda iddiaçıya seçim imkanı verilməsi prosessual qanunvericiliyin müəyyən etdiyi imkanlardan sui-istifadə etməyə əsas vermir. Belə ki, iddiaçıya ərazi aidiyyəti ilə bağlı seçim imkanı verilən tələblərə nəzər yetirsək, bu imkanın himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar üçün məhkəməyə əlçatımlılığının təmin edilməsinə yönələn addım olduğu məlum olur. Yəni himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar əlavə vaxt, vəsait və.s sərf etmədən öz yaşadığı ərazi üzrə məhkəməyə müraciət edə bilsin. Lakin hazırki iddia tələbindən görünür ki, iddiaçının qeydiyyat ünvanı ünvan 1nadır (Polis İdarəsi) və hamıya məlumdur ki, həmin qeydiyyatlar formal xarakter daşıyır və qeydiyyat həmin şəxslərin inzibati binada yaşadığı mənasını vermir. Halbuki iddiaçıya rəsmi qeydə alındığı, lakin yaşamadığı yer üzrə deyil, həqiqətən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək imkanı və ya cavabdehin rəsmi qeydiyyatda olduğun yerin məhkəməsinə müraciət etmək hüququ verilmişdir. Buna baxmayaraq, iddiaçı Binəqədi ərazisində yaşadığına dair hər hansı təsdiq edici sənədi iddia ərizəsinə əlavə etməmişdir”. Həmin qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin 26 avqust 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə əsasən aliment tələbi ilə məhkəməyə müraciətlə bağlı məhkəmə aidiyyəti üzrə seçim hüququ iddiaçıya verildiyi halda, məhkəmə heç bir qanuni əsas olmadan iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmçinin həmin maddənin tələblərinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Lakin məhkəmə qərardadda onun ünvanının Binəqədi rayonu olmasını göstərsə də, qeyri-qanuni və əsassız olaraq ondan yaşayış yeri barədə əlavə sənəd tələb etmiş, həmin əsasla iddianı icraata qəbul etməkdən imtina etmiş və bununla da onun MPM-nin 36.3-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozmuşdur Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə isə, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi qanunverici, şəxsin yaşayış yeri ilə rəsmi qeydə alındığı yer anlayışlarını fərqləndirmiş, alimentin alınması haqqındakı iddiaların iddiaçının məhz yaşadığı yerə görə verilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində şəxsin yaşayış yerinə belə anlayış verilmişdir ki, şəxsin yaşayış yeri dedikdətam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini geri qaytarmaqda haqlı olmuş, MPM-nin 36.3-cü maddəsini düzgün təfsir etmişdir. Əks yanaşma qeydiyyatda olduğu yer üzrə yaşamayan iddiaçıların bu seçim imkanının istisna edilməsi mənası verər və eyni zamanda bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yer üzrə iddia ərizəsinin verilməli olması ilə bağlı ərazi aidiyyəti barədə prosessual qaydadan sui-istifadəyə şərait yaradardı. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5395/2022 saylı iş üzrə 15 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6481/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6481/2022
15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver