Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6492/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə Hüseyn qızının iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Maqsud adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-4204/2021 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin mediasiya sessiyası zamanı əldə etdiyi barışıq sazişinə əsasən onların birgə nikahından olan övladları anasının yanında qalması və aliment tələbinin olmaması barədə razılığa gəlmişlər. Cavabdeh “AMOS EUROPE (UK) LİİTED” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında müddətsiz əmək müqaviləsi əsasında çalışmaqla 2230 manat məbləğində əmək haqqı alır.
a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, uşağın saxlanması üçün cavabdehin əmək haqqının və əlavə gəlirinin ¼ hissəsi miqdarında alimentin tutalaraq ona verilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, barışıq sazişinin bağlanmasına səbəb cavabdehin məhkəmədən kənar uşağı saxlamaqda iddiaçıya maddi dəstək olacağı ilə bağlı şifahi razılaşması olmuşdur ki, həmin razılaşma cavabdeh tərəfindən icra edilməmiş və nəticədə iddiaçı uşağın saxlanmasında keçirdiyi maddi sıxıntılar səbəbindən məhkəməyə müraciət edərək alimnetin məhkəmə qətnaməsi əsasında cavabdehdən alınaraq iddiaçıya ödənilməsini istəyir. İddiaçının yaşamağa evi olmadığından o, halhazırda valideyinləri ilə birlikdə yaşamağa məcburdur. Uşağın bütün maddi ehtiyyaclarını valideyinlərinin maddi dəstəyi əsasında tək başına qarşılayır. Cavabdehdən dəfələrlə uşağın saxlanmasında onlara yardım etməsini tələb etsə də cavabdeh iddiaçıya heç bir maddi köməklik etmir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1340/23 saylı iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddia təmin edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76, 78.1, 100.2-ci maddələri və digər əlaqədar normalarla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada Cavabdeh əmək haqqının dörddə bir hissəsi miqdarında tutulan alimentin 50 faizinin iş üzrə tərəflərin birgə övladı xx.xx.2014-cü il təvəlüdlü X2 adına açılacaq bank hesabına köçürülməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ilə iş üzrə tərəflərin birgə övladı Maqsudun saxlanılması üçün alimentin məbləği aylıq əmək haqqının ¼ hissəsi miqdarında müəyyən edilmişdir. Bu vəziyyətdə Maqsudun saxlanılması üçün hər ay tutulan vəsaitin məbləği 575,5 manat təşkil edir. Cavabdehin əmək haqqının dörddə bir hissəsi miqdarında tutulan alimentin 50 faizinin bank hesabına köçürülməsi nəzərə alındıqda hər ay üçün ödənilən aliment məbləği 287 (2.300/4=575; 575//2=287) manat müəyyən edilir ki, bu da qanunla müəyyən edilmiş 220 manat yaşayış minimumun məbləğindən artıqdar. Övladının maddi və mənəvi ehtiyaclarını qarşılayır, öz vəsaiti hesabına əyləncə yerlərinə aparır, ad günlərini yüksək səviyyədə keçirilməsini təşkil edir və s. Bu baxımdan cavabdehdən tutulacaq alimentin tam həcmdə Maqsudun ehtiyaclarına yönəldilməsinə ehtiyac da qalmır və qalmayacaq. İddiaçının hazırki aliment tələbini irəli sürməkdə məqsədi ondan aliment adı ilə özünün şəxsi xərcləri üçün pul almaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
11. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
16. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur;
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən təyin olunmuş alimentin yarısının uşağın bank hesabına keçirilməsi ilə bağlı hissədə mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, apellyatorun öz tələbinin əsası kimi istinad etdiyi Ailə Məcəlləsinin 55.3-cü maddəsinin hazırkı iş üzrə tətbiqinin hüquqi əsası yoxdur. Belə ki, həmin maddəyə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
20. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsi uşağın əmlak hüquqlarını tənzimləyir və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsinin icra qaydasını müəyyənləşdirir. Maddənin məzmunundan görünür ki, aliment ödəyən valideyn alimentin – yəni qətnamə ilə artıq müəyyən edilmiş məbləğin 50 faizdən çox olmayan məbləğini uşağın adına açılmış bank hesabına köçürmək barədə iddia verə bilər. Belə halda cavabdehin hazırkı tələbi yeni iddiadır və ayrıca həll edilməli olan məsələdir.
21. Digər tərəfdən, qanun məhkəmənin üzərinə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək kimi vəzifə qoymamış, məhkəmənin hüququ olaraq müəyyən etmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya qaydasında mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.