Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6498/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Culfayeva (Əlişova) Natella Alaverdi qızının Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli qətnamədən iddiaçı Culfayeva (Əlişova) Natella Alaverdi qızı və Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə Kamil qızının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin ona qarşı törətdiyi cinayət əməli nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 20.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 320 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə keçmiş əri olan cavabdehin birgə yaşadıqları və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 26-da yerləşən 4 saylı mənzildə xx.xx.2022-ci il tarixdə, saat 00:30-da aralarında yaranmış mübahisə zamanı cavabdeh iddiaçını qəsdən döymüş və iddiaçıya yüngül xəsarətlər yetirmişdir. Cavabdeh qeyd edilən əməlinə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 756 nömrəli rəyindən və qeyd edilən hökmdən görünür ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının alının sol yarısında 6x5 sm ölçüdə solğun sarımtıl-qəhvəyi rəngdə sovrulmaqda solan dərialtı hematoma, sol dirsək oynağında şişkinlik, sarımtıl-qəhvəyi rəngdə sirkulyar hematoma, sağ bazunun aşağı 1/3 ara səthində 3x2 sm ölçüdə solğun çəhrayı rəngdə oval formalı piqmentsizleşmiş sahə (sıyrıq izi) aşkar edilmiş, sol dirsək oynağında aktiv və passiv hərəkətlərin bir qədər məhdud olması müəyyən edilmişdir. Cavabdehin törətdiyi cinayət əməli nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirmiş, uzun müddət həmin sarsıntı və iztirabların təsiri altında olmuşdur. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 20.000 manat məbləğində pul tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddiaçı hüquqi yardım almaq və dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddiaçı hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamış və bunla bağlı olaraq 320 manat, dövlət rüsumuna görə isə 150 manat ödəmişdir ki, həmin xərclərin də əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.000 manat pul və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir qisminin iddiaçının özünə aid edilməsini, bu məqsəd ilə cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pulun tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh tərəfindən döyülməsi və cavabdehin iddiaçıya xəsarət yetirməsi, iddiaçının sağlamlığına zərər vurulması məhkəmə tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Döyülmə nəticəsində iddiaçının fiziki əzab, psixoloji stress, sarsıntı, emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi mübahisəsiz hal kimi qəbul edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 20.000 manat müəyyən edilə bilməz. Məhkəmə, cavabdehin törətdiyi əmələ görə məsuliyyətə cəlb olunmasını, onun məhkum olunmasını nəzərə alaraq hesab edir ki, bununla da iddiaçıya dəymiş mənəvi zərər qismən də olsa ödənilmişdir. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzi 1.000 manat həcmində müəyyən edilməlidir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun bir qismi – 50 manat iddiaçının özünə aid edilməlidir, çünki iddia qismən təmin olunmuşdur. Bu məqsəd ilə cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pulun tutulmalıdır. İddiaçının hüquqi yardıma çəkilmiş xərcin əvəzinin tutulmasını tələb etdiyi 320 manat tam və ya qismən cavabdehdən iddiaçının xeyrinə tutula bilməz, çünki iddiaçı bu kimi xərcin onun tərəfindən çəkilməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. c) apellyasiya şikayətləri barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddianın bir qisminin rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, məhkəmənin cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı vurulmuş mənəvi zərəri 1.000 manat qiymətləndirməsi ağlabatan və ədalətli olmamışdır, habelə iddiaçının mənəvi iztirablara məruz qalmış şəxs kimi qadın olması, ali təhsilli uşaq həkimi olması, iki qız uşağının anası olması, qadın kollektivində işləməsi, döyülərək xəsarət alan zaman 43 yaşının, yəni cəmiyyətdə öz yerini tutmuş yetkin bir vətəndaş olması, gənc olmaması kimi hallar nəzərə alınmamışdır.
7. Cavabdeh də öz növbəsində qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın bir qismin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdehin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir mənəvi iztirab və sarsıntı keçirməmiş, hadisə baş verən günün səhəri işdə olmuş, aktiv iş həyatı sürmüş, treninqlərdə iştirak etmişdir. Qeyd edilən hallar Rayon Məhkəməsi tərəfindən araşdırılmamış, cinayət işi tələb edilərək materialdakı sübutlara hüquqi qiymət verilməmişdir. Belə ki, cinayət işinə baxmış məhkəmə cinayət işinin istintaqını aparmış Xətai Rayon Polis İdarəsinin müstəntiqi barəsində xüsusi qərar çıxarmışdır. Həmin qərar hazırda qüvvədədir. Həmin qərarla müəyyən edilmişdir ki, sübutlar (ekspertiza rəyi və. s) qanunsuz yolla əldə edildiyindən, sübut növü kimi istifadə edilə bilməz. Lakin mülki işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa mülki işə baxmış Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iştirak etmiş tərəfin izahatı barədə məlumat
9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
11. Göstərilənləri nəzərə alan Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. e) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatlardan bəlli olur ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar. Nikahından 2 uşaq doğulsa da, iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-182/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə nikahın pozulması qət edilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə, saat 00:30-da mübahisə yaranmış və mübahisə zamanı cavabdeh iddiaçını döymüşdür. Qeyd edilən əmələ görə cavabdehə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, həmin maddə ilə məhkəməyə verilmişdir. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-81/2023 saylı cinayət işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, həmin ittiham sübuta yetmədiyindən cavabdehə bəraət verilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1158/2023 saylı cinayət işi üzrə qəbul etdiyi xx.xx.2023-cü tarixli hökmdən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, hazırkı iş üzrə iddiaçı tərəfindən isə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya protestini tam, apellyasiya şikayətini isə qismən təmin edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünü ləğv etmiş və cavabdehi Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilərək, cavabdehə 1.000 manat məbləğində cərimə cəzası təyin etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 177/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardan görünür ki, hazırkı iş üzrə cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü tarixli hökmündən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü tarixli hökmünü dəyişdirmədən saxlamışdır.
16. Qeyd edilən məhkəmə qərarlarından görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən cinayət işi üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 756 nömrəli rəyində qeyd edilmişdir ki, cavabdehin törətdiyi cinayət əməli nəticəsində iddiaçının alının sol yarısında 6x5 sm ölçüdə solğun sarımtıl-qəhvəyi rəngdə sovrulmaqda solan dərialtı hematoma, sol dirsək oynağında şişkinlik, sarımtıl-qəhvəyi rəngdə sirkulyar hematoma, sağ bazunun aşağı 1/3 ara səthində 3x2 sm ölçüdə solğun çəhrayı rəngdə oval formalı piqmentsizleşmiş sahə (sıyrıq izi) aşkar edilmiş, sol dirsək oynağında aktiv və passiv hərəkətlərin bir qədər məhdud olması müəyyən edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü tarixli hökmündən və həmin hökmü dəyişdirmədən saxlamış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli qərardan görünür ki, məhkəmələr həmin ekspert rəyini etibarlı sübut kimi qəbul etmiş və rəyi nəzərə alaraq hesab etmişlər ki, rəydə qeyd edilən xəsarətlər iddiaçıya məhz cavabdeh tərəfindən yetirilmişdir.
18. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
19. Qeyd edilən prosessual normanın tələbindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətində ifadə edilmiş dəlili – mülki işə baxmış Rayon Məhkəməsinin cinayət işini tələb edərək cinayət işindəki sübutları tədqiq etməməsi, cinayət işi üzrə sübutların (ekspertiza rəyi və. s) qanunsuz yolla əldə edilməsinə əhəmiyyət verməməsi barədə dəlilləri əsassızdır.
20. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı heç bir mənəvi iztirab və sarsıntı keçirməmiş, hadisə baş verən günün səhəri işdə olmuş, aktiv iş həyatı sürmüş, treninqlərdə iştirak etmişdir. Lakin mülki işə baxmış Rayon Məhkəməsi bunu, yəni iddianın tam əsassız olmasını nəzərə almamış, iddianı qismən də olsa təmin etmişdir
21. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.).
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
23. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə də müəyyən edilmişdir ki, iddiaçıda yuxarıda qeyd edilən xəsarətlər aşkar edilmişdir (bax: hazırkı qətnamənin 16-cı bəndinə).
25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
26. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətində ifadə edilmiş və müzakirə edilən bu dəlilləri əsassızdır.
27. Cavabdehin apellyasiya şikayətinin başqa dəlili ondan ibarətdir ki, mülki işə baxmış Rayon Məhkəməsi işin baxılmasında onun iştirakını təmin etməmişdir.
28. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır.
29. Belə ki, iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə təyin edilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə elektron qaydada və kağız daşıyıcıda məlumatlar vermiş, cavabdeh həmin iclaslarda iştirak etməsə də, işə baxmış Rayon Məhkəməsinə yazılı qaydada “hakimə etiraz” və “məhkəmə baxışı iclasının təxirə salınması barədə vəsatət” vermişdir.
30. “Hakimə etiraz” sübuta yetmədiyindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin sədri tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadla təmin edilməmişdir.
31. “Məhkəmə baxışı iclasının təxirə salınması barədə vəsatət” isə işə baxmış hakim tərəfindən xx.xx.2024-cü il tarixli iclasda müzakirə edilmiş, hakim tərəfindən təmin edilmiş və növbəti iclas xx.xx.2024-cü il tarixə, saat 10:50 təyin edilmişdir. İclasın yeri və vaxtı barədə cavabdehə elektron (sms) bildiriş göndərilmiş, lakin məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh həmin iclasa gəlməmiş və bunun səbəbi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.
32. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. İşə “çəkişmə şəraitində” baxılmışdır. Cavabdehin müzakirə edilən bu dəlili də əsassızdır.
33. İddiaçının verdiyi apellyasiya şikayəti ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi işin hallarını nəzərə alaraq iş üzrə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, iddiaçı mənəvi zərərə görə pulu sağlamlığına xəsarət yetirilməsi ilə bağlı tələb edir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının sağlamlığına yüngül zərər vurulmasını, baş vermiş hadisədən iki il müddət ötdüyünü, habelə cavabdehin maddi imkanlarını nəzərə alır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində fiziki ağrılara məruz qalmış, bununla o, mənəvi sarsıntı keçirmişdir. Lakin ona təyin edilən bədən xəsarətləri yüngül dərəcə ilə qiymətləndirilmiş, həmin xəsarətlər iddiaçının uzun müddət sağlamlığının pozulması ilə deyil, az bir müddət ərzində davam etmişdir. Həmçinin, həmin hadisədən artıq 2 ildən artıq vaxt keçmişdir, bu müddət ərzində iddiaçı əvvəlki normal həyatına xeyli müddətdir ki, qayıtmışdır. Cavabdehin maddi imkanı ilə bağlı isə qeyd edilməlidir ki, “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdehin rəsmi iş yeri və gəliri yoxdur. Həmçinin, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan 2 uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay, ümumilikdə 800 manat aliment tutulur. Buna görə də cavabdehdən iddiaçının xeyrinə tutulacaq mənəvi zərərin əvəzi 1.000 manat həcmində müəyyən edilməlidir.
34. Məhkəmə Rayon Məhkəməsinin gəlmiş olduğu bu qənaəti də əsaslı hesab edir. Çünki Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.
35. Həmçinin Məhkəmə nəzərə alır ki, cavabdehin hərəkəti nəticəsində iddiaçının aldığı xəsarətlər yüngül dərəcəli olmaqla iddiaçının sağlamlığını uzun müddətə pozmamışdır. Həmçinin, iddiaçı, hazırkı iddia ilə həmin hadisədən artıq 2 ildən artıq vaxt keçdikdən sonra, yəni əvvəlki normal həyatına xeyli müddətdir qayıtdıqdan sonra müraciət etmişdir. Bundan başqa “Elektron məhkəmə” İnformasiya Sistemindən görünür ki, cavabdehin rəsmi iş yeri və gəliri yoxdur, buna baxmayaraq yetkinlik yaşına çatmayan 2 uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay, ümumilikdə 800 manat aliment tutulur.
36. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının müzakirə edilən bu dəlili əsassızdır.
37. İddiaçı iddia ərizəsində həmçinin göstərmişdir ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün o, hüquqi yardım almaq və dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. O, hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamış və bunla bağlı olaraq 320 manat, dövlət rüsumuna görə isə 150 manat ödəmişdir. Buna görə də o hesab edir ki, həmin xərclərin əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir.
38. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir qisminin iddiaçının özünə aid edilməsini, bu məqsəd ilə cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pulun tutulmasını, iddiaçının hüquqi yardıma xərcin çəkilməsini təsdiq edə biləcək sübutların məhkəməyə təqdim edilməməsi əsası ilə həmin xərcin tam və ya qismən cavabdehdən iddiaçının xeyrinə tutula bilməməsi əsası ilə təmin edilməməsini qət etmişdir.
39. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşır. Çünki MPM-in tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).
40. Qeyd edilən bu prosessual normalarının tələblərinə və işdə olan materiallara MPM-in yuxarıda qeyd edilmiş 14.2 və 77.1-ci maddələrinin tələblərindən yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi əsaslı, iddiaçının apellyasiya şikayətinin müzakirə edilən dəlili isə əsassızdır. f) apellyasiya baxışının nəticəsi
41. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmalıdır.
42. Bundan başqa Məhkəmə hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən, onların verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorların özlərinə aid edilməlidir.
43. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
44. İddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
45. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorların ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. İddiaçı Culfayeva (Əlişova) Natella Alaverdi qızı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.