Məhkəmə qərarları › İş №2(103)-6499/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6499/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6499/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehin nümayəndəsi (bacısı) X2 və iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat

1. İddiaçı, əri olan cavabdehə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan 3.420 manat dəyərində 85 karatlıq 1 ədəd “Buta” kulonun, çəkisi 30 qram olan İtaliya istehsalı boyunbağı, 1.600 manat dəyərində çəkisi 20 qram olan 1 ədəd qolbaq, 560 manat dəyərində çəkisi 8 qram olan 1 ədəd üzük, 420 manat dəyərində İtaliya istehsalı 1 cüt sırğa olmaqla ümumilikdə 5 adda, ümumi dəyəri 6.000 manat, ümumi çəkisi 64 qram olan qızıl-zinət əşyalarının naturada, həmin əşyalar naturada olmadığı halda dəyərlərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan 1 azyaşlı uşaqları var. Onlar cəmi iki ay cavabdehin valideynləri ilə birlikdə Biləcəri qəsəbəsində yaşamış, iddiaçı gəlin köçdüyü gündən bir neçə gün sonra cavabdeh ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyalarını iddiaçıdan alaraq saxlamaq üçün anasına verəcəyini demişdir. İddiaçı, razı olmasa da sonradan qızıllarının yerində olmadığını görmüşdür. Soruşduqda cavabdeh iddiaçıya demişdir ki, qızılları götürüb və saxlamaq üçün anasına vermişdir. Bundan təxminən ay yarım sonra onlar kirayə ev tapıb evdən çıxmış, lakin iddiaçı, qızıllarını cavabdehdən istəsə də geri ala bilməmiş, cavabdeh qızıl-zinət əşyalarının gah anasında, gah özündə olduğunu, gah da satdığını demişdir. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, dəyəri 3.040 manat olan, 585 əyarlı qızıldan hazırlanan sirkon qaşlı qolbaq, sep, üzük, kulon, sırğadan ibarət qızıl dəstinin, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsini, cavabdehdən dövlət rüsumuna görə 80 manatın iddiaçının xeyrinə tutulmasını, cavabdehdən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulmasını, iddia ərizəsinin qalan hissədə təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya toy hədiyyəsi olaraq cavabdehin bacısının seçib aldığı 38 qram 585 əyarlı qızıldan hazırlanan sirkon qaşla bəzədilən qolbaq, sep, üzük, kulon, sırğadan ibarət Türkiyə istehsalı olan qızıl dəsti hədiyyə edilmişdir. İddiaçı qeyd edilən qızıl-zinət əşyalarının dəyərinin 6.000 manat məbləğində olduğunu bildirsə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həmin qızıl-zinət əşyaların cəmi dəyəri 3.040 manatdır. Cavabdeh, iddiaçı ilə kirayə tutduğu mənzilə köçərkən iddiaçıya məxsus qızıl dəstinin də həmin evə aparılmasını əvvəlcə etiraf etsə də, sonradan həmin dəsti iddiaçıya verməsini, qızıl dəstinin bir hissəsinin iddiaçının razılığı ilə satmasını, digər hissəsinin iddiaçıda olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının vəsatəti əsasında dindirilən şahid ifadələri ilə müəyyən olunmuşdur ki, iddiaçı valideynlərinin mənzilinə qayıdarkən ona hədiyyə olunan qızıl dəst iddiaçıda olmamışdır. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh etirazında istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, iddiaçı ona hədiyyə olunan qızıl dəstinin brilyant qaşlı olmaqla çəkisinin 64 qram dəyərinin 6.000 manat olmasını sübuta yetirə bilmədiyindən, iddia ərizəsi qismən təmin edilərək 38 qram 585 əyarlı qızıldan hazırlanan sirkon qaşla bəzədilən qolbaq, sep, üzük, kulon, sırğadan ibarət Türkiyə istehsalı, hazırda qiyməti 3.040 manat olan qızıl dəsti cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. c) Apellyasiya şikayəti barədə məlumat

5. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı ilə rəsmi nikaha daxil olduqdan sonra iddiaçı onların yaşadıqları və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Xəqani küçəsində yerləşən 31 “A” saylı evə gəlin köçmüş, lakin iddiaçı cavabdehin valideynləri ilə birgə yaşamaq istəmədiyindən 2 aydan sonra onlar Bakı şəhərində kirayə tutduqları mənzildə yaşamağa başlamışlar. Valideynlərinin evindən çıxarkən onlar mebel və bütün ev əşyalarını, iddiaçının qızıl-zinət əşyalarını özləri ilə götürmüşlər. Kirayədə yaşadıqları vaxtlar onların iddiaçının valideynləri və yaxın qohumları ilə münasibətləri yaxşı olmuş, onun valideynləri daim yaşadıqları evə gəlib-getmişlər. İddiaçının bibisi Səbirə Həsənova onlarla birlikdə kirayədə yaşadıqları evdə qalmış, iddiaçının qardaşı Şəhriyar isə tez-tez onların kirayədə yaşadıqları mənzilə gecələmək üçün gəlmişdir. Həmin vaxtlar iddiaçının anası Fəxriyyə onlara qonaq gələrkən iddiaçı qızıl-zinət əşyalarını itməməsinə görə saxlamaq üçün anasına vermişdi. İddiaçının deməsinə görə onun anası qızılları satıb iddiaçının müalicəsinə xərcləmişdir. 2018-ci ildə iddiaçıya məxsus sırğa ilə qolbağı o, 250 manata satmış və əldə etdiyi pulu avtomobilinin təmirinə sərf etmişdir. Bu barədə iddiaçı bilmiş və etiraz etməmişdir. İddiaçı qızıl dəstinin brilyant qaşlı olmasını bildirsə də, əslində həmin dəst sirkon qaşlı olmuş, Türkiyə qızılından zərgər emalatxanasında kustar üsulla düzəldilmişdir. İddiaçıya bağışladıqları qızıl-zinət əşyaları sirkon qaşları olan qızıl sırğa, qızıl üzük, qızıl qolbaq və qızıl kulonu olan qızıl boyunbağıdan ibarət dəstdən və bir ədəd brilyant qaşlı qızıl nişan üzüyündən ibarət olmuşdur. Həmin qızıl-zinət əşyalarını 2013-cü ildə cavabdehin bacısı X9 gedərkən orada zərgərlik emalatxanasında sifariş verib düzəltdirərək dəsti 350 ABŞ dollarına, nişan üzüyünü isə 150 ABŞ dollarına almışdır. Dəstin ümumi çəkisi 31 qram və hazırkı bazar qiyməti 775 manat təşkil edir. İddiaçı, “Mediasiya şurasına” ərizə verərkən guya onda qalan qızıl-zinət əşyalarının qiymətinin 12.000 manat, iddia ərizəsində isə həmin əşyaların qiymətinin cəmi 6.000 manat olmasını göstərmişdir. Münasibətləri pozulduqdan sonra iddiaçı mebel və ev əşyalarını atası evinə aparsa da, uzun müddətdən sonra qızıl əşyaları tələbi ilə məhkəməyə müraciət etmişdir. Qızıl əşyaları cavabdehdə olmuş olsaydı iddiaçı dərhal məhkəməyə müraciət edərdi. İddiaçı evdən gedərkən cavabdehə deməmiş, iddiaçının valideynləri cavabdehə demədən valideynlərinin mənzilinə aparmışdır. Cavabdeh, iddiaçı ilə barışmaq istəsə də, iddiaçının qardaşı ona maneələr yaradır. Bundan başqa, ekspert qızılları görmədən fotoşəkillər əsasında rəy vermişdir. Belə rəy əsaslı hesab edilə bilməz. Bundan əlavə iddiaçının təqdim etdiyi şahidlər onun yaxın qohumları olduğu üçün ifadələri mötəbər hesab edilə bilməz. Cavabdeh hesab edir ki, qızıl-zinət əşyalarının onda olması sübuta yetmədiyindən Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi

7. Cavabdehin nümayəndəsi (bacısı) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

8. İddiaçı apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) Hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı məlumat

9. Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddia tələbini qismən təmin etsə də, iddiaçı, tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

10. Qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan aydın olur ki, şikayət iddianın bir qisminin təmin edilməsi ilə bağlıdır. Cavabdeh, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.

11. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə qətnamənin əsaslılığı yalnız iddianın bir qisminin təmin edilməsi barədə hissədə yoxlamışdır. f) İşdə olan sənədlər barədə məlumat

13. Şamaxı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİ seriyalı, 177010 saylı “Nikah haqqında şəhadətnamədən” görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar.

14. X1 tərəfindən tərtib edilmiş rəydən görünür ki, iddiaçının ona verdiyi məlumatlara və təqdim etdiyi fotoşəkillərə əsasən o müəyyən etmişdir ki, 30 qram 85 karat “Buta” kolyenin qiyməti 3.420 manat, 20 qram qolbağın qiyməti 1.600 manat, 8 qram üzüyün qiyməti 560 manat, 6 qram İtaliya qızılı sırğanın qiyməti 420 manatdır (əşyaların cəmi qiyməti 6.000 manatdır).

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 9/3221 saylı rəyindən görünür ki, 85 karat brilyant qaşla bəzədilmiş 750 əyarlı 30 qram qızıldan hazırlanan “Buta” kolye və sepdən 750 əyarlı 20 qram qızıldan hazırlanan qolbağdan 750 əyarlı 8 qram qızıldan hazırlanan üzükdən 750 əyarlı 6 qram qızıldan hazırlanan sırğadan ibarət dəstin qiyməti 6.400 manat təşkil edir. 31 qram 585 əyarlı qızıldan hazırlanmış sirkon qaşla bəzədilmiş qolbaq, sep, üzük, kulon, sırğadan ibarət dəstin qiyməti 2.480 manat təşkil edir. 38 qram 585 əyarlı qızıldan hazırlanmış sirkon qaşla bəzədilən qolbaq, sep, üzük, kulon, sırğadan ibarət Türkiyə istehsalı dəstin qiyməti 3.040 manat təşkil edir. g) Birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələri barədə məlumat

16. İddiaçının anası X4 Rayon Məhkəməsinə şahid qismində verdiyi ifadədə göstərmişdir ki, iddiaçı olan qızı cavabdeh ilə nikaha daxil olarkən “oğlan evi” (cavabdehin qohumları) iddiaçıya boyunbağı, sırğa, üzük və qolbaq gətirmişlər. Cavabdehin anası qızılzinət əşyalarını 12.000 manata aldıqlarını bildirmişdir. Sonradan iddiaçı onların evinə (“ata evinə”) qayıtmış, lakin qızıl əşyaları özü ilə gətirməmişdir. O, iddiaçıdan qızıl əşyalar harada olmasını soruşduqda iddiaçı qızıllarının yataq otağında qalmasını ona demişdir. İddiaçı kirayəyə köçmək üçün öz əşyalarını qaynanasının evindən çıxararkən o, qızıllar barədə cavabdehdən soruşmuş, cavabdeh isə qızılların anasında olduğunu demişdir. Münasibətlərin pozulmaması üçün o, bu barədə qudasından soruşmamışdır. İddiaçıya hədiyyə olunan qızıl dəsti 750 əyarlı qızıldan hazırlanmış, brilyant qaşlı olmuşdur. İddiaçı qızıllarını saxlamaq üçün ona veməmişdir.

17. İddiaçının qardaşı X5 Rayon Məhkəməsinə şahid qismində verdiyi ifadədə göstərmişdir ki, iddiaçı olan bacısı cavabdeh ilə nikaha daxil olarkən cavabdehgil iddiaçıya dəyəri 12.000 manat olan boyunbağı, üzük, sırğa, qolbaq, kulondan ibarət dəst bağışlamışlar. İddiaçı valideynlərinin evinə gələrkən qızıl dəstini özü ilə gətirməmişdir.

18. Cavabdehin atası X7 Rayon Məhkəməsinə şahid qismində verdiyi ifadədə göstərmişdir ki, cavabdeh olan oğlu ilə iddiaçı nikaha daxil olarkən onlar iddiaçıya üzük, sırğa, boyunbağı və qolbaqdan ibarət qızıl dəstini hədiyyə etmişlər. Qızıl dəstinin alınması ilə arvadı və qızı məşğul olduğundan dəstin qiymətini o, bilmir. İki ay sonra o, arvadı ilə birlikdə iddiaçının valideynlərinin evinə qonaq aparmışlar. İddiaçı qonaq gedəndə qızıllarını da aparmışdır. Qayıdarkən iddiaçı valideynlərinin mənzilində qalmışdır. Daha sonra, iddiaçı, kirayə ev tutularsa qayıdacağını bildirmiş, bundan sonra onlar kirayə ev tutmuş və iddiaçı ilə cavabdeh həmin evə köçərək yaşamışlar.

19. Cavabdehin anası X6 Rayon Məhkəməsinə şahid qismində verdiyi ifadədə göstərmişdir ki, cavabdeh olan oğlu ilə iddiaçı nikaha daxil olarkən onlar iddiaçıya sirkon qaşlı 585 əyarlı qızıldan olan qolbaq, üzük, sırğa, boyun bağından ibarət dəsti hədiyyə etmişlər. Qızıl dəstini Türkiyədə 350 ABŞ dollarına düzəltdirimişlər. Cavabdeh ilə iddiaçı kirayədə yaşadıqları müddətdə iddiaçının qardaşı, xalası, bibisi də onlarla yaşamışlar. İddiaçının qardaşı Quranı yerə atdığı üçün münasibətləri pozulmuşdur. Cavabdeh ona qızıllarının yarısını satdıqlarını demişdir. Qızılların yarısının iddiaçının anasında olmasını ehtimal edir, lakin bu barədə ona heç kim deməmiş, qızıllar verilərkən görməmişdir.

20. Cavabdehin bacısı X8 Rayon Məhkəməsinə şahid qismində verdiyi ifadədə göstərmişdir ki, cavabdeh olan qardaşı ilə iddiaçı nikaha daxil olarkən onlar iddiaçıya toy hədiyyəsi olaraq qızılları o, hələ 2014-cü ildə Türkiyədə sifariş vermişdir. 380 ABŞ dollarına aldığı 585 əyarlı çəkisi 38 qram olan sirkon qaşlı qızıl dəstinə boyunbağı, kulon, qolbaq, üzük, sırğalar daxil olmuşdur. İddiaçı iki ay onun valideynlərinin evində yaşamış, sonra öz valideynlərinin evinə getmiş, həmin vaxt qızıllarını da özü ilə aparmışdır. h) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

21. Göstərilənlərə və apellyasiya baxışı iclasında iştirak etmiş şəxslərin verdikləri izahatlara əsasən müəyyən edilir ki, iddiaçıya toy hədiyyəsi olaraq cavabdehin bacısının seçib aldığı 38 qram 585 əyarlı qızıldan hazırlanan sirkon qaşla bəzədilən qolbaq, sep, üzük, kulon, sırğadan ibarət Türkiyə istehsalı, hazırda qiyməti 3.040 manat olan qızıl dəsti hədiyyə edilmişdir. İddiaçı ilə kirayə tutduğu mənzilə köçərkən iddiaçıya məxsus qızıl dəstinin də həmin evə aparılmasını etiraf edən cavabdeh sonradan həmin dəsti iddiaçıya verməsini, qızıl dəstinin bir hissəsinin iddiaçının razılığı ilə satmasını, digər hissəsinin iddiaçıda olmasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

22. Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Məhkəmə araşdırması zamanı iddiaçının vəsatəti əsasında dindirilən şahid ifadələri ilə müəyyən olunmuşdur ki, iddiaçı valideynlərinin mənzilinə qayıdarkən ona hədiyyə olunan qızıl dəst iddiaçıda olmamışdır.

24. İş üzrə cavabdeh isə qızıl-zinət əşyalarının iddiaçıya verilməsini sübuta yetirə bilməmişdir.

25. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.).

27. Məhkəmə qeyd edir ki, mübahisəli qızıl-zinət əşyaları iddiaçı məxsus olduğu üçün həmin əşyaları cavabdehdən tələb etməkdə haqlıdır. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi eyni əsasla yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. i) Apellyasiya instansiyası məhkəməsinin nəticəsi

28. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Rayon Məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

32. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

33. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar