Məhkəmə qərarları › İş №2(103)-650/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-650/2022

14.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-650/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “əmlak və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus və dəyəri 5.000 ABŞ dolları olan qızıl-zinət əşyalarının, dəyəri 1.040 manat olan şəxsi əşyaların, dəyəri 5.000 ABŞ dolları olan elektron cihazların, qeyd edilən əşyaların naturada qaytarılması mümkün olmadığı halda onların dəyərinin, habelə 4.995 ABŞ dolları pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə cavabdehin qardaşı, hazırki iş üzrə tərəf olmayan Elşad Şirəliyev ilə nişanlanmışdır. Cavabdehin anası, hazırki iş üzrə üçüncü şəxs olan S.Şirliyeva həmin ərəfədə iddiaçıya, ümumi dəyəri 5.000 ABŞ dolları olan 750 əyarlı, 43,7 qram qızıldan və 3,87 karat brilyant qaşlı komplekti (boyunbağı, qolbaq, cüt sırğa, üzük) və 5 qaşlı nişan üzüyü hədiyə etmişdir. İddiaçı ilə E.Şirəliyev 2015-ci ildə nikahlarını rəsmiləşdirərək, ailə qurmuşlar. 2016-cı ildə onlar ABŞya köçmüş və bir müddət orada yaşamışlar. İddiaçı, ABŞ-ya köçərkən həmin qızıl-zinət əşyalarını özü ilə aparmamış, yaşadıqları və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev № 37-də yerləşən 35 saylı mənzildə qoymuşdur. Cavabdehin bundan xəbəri var idi. 15.11.2019-cu il tarixdə, iddiaçı, Azərbaycana qayıtdıqda həmin qızıl-zinət əşyalarının, habelə qiyməti 700 manat olan “LG” markalı notebukun, qiyməti 35 manat olan azan saatının, qiyməti 35 manat olan çaydan dəstinin, qiyməti 70 manat olan ətçəkən maşının, qiyməti 50 manat olan kokteyl düzəldənin, qiyməti 150 manat olan uşaq kolyaskasının mənzildə olmadığını aşkar etmişdir. Bu barədə cavabdehdən maraqlandıqda cavabdeh bildirmişdir ki, həmin əşyalar evdən oğurlanmasın deyə onları götürmüşdür. İddiaçı həmin əşyaların qaytarılmasını cavabdehdən tələb etsə də həmin əşyalar ona qaytarılmamışdır. Bundan başqa, iddiaçı, ABŞ-dan qayıdan ərəfədə ailəvi tanışları olan Bəxtiyar Abdullayev ona 10.000 ABŞ dolları göndərərək onun üçün elektron cihazların alaraq gətirməsini xahiş etmişdir. Həmin pulun yarısına, yəni 5.000 ABŞ dollarına iddiaçı qiyməti 1.250 ABŞ dolları olan 1 ədəd “İphone ProMax, midhight green, 256 gb” smartfonu, qiyməti 750 ABŞ dolları olan 1 ədəd “İphone 11, red, 64 gb” smartfonu, hər birinin qiyməti 1.000 ABŞ dolları olan 2 ədəd “Macbook Apple air 2019 B”” cihazı, qiyməti 350 ABŞ dolları olan 1 ədəd “İpad 10.2 32 gb” cihazı, qiyməti 300 ABŞ dolları olan 1 ədəd “İpod mini 64 gb” cihazı, qiyməti 350 ABŞ dolları olan 1 ədəd “Apple watch” üçüncü seriya qol saatını almış, qalan 4.995 ABŞ dollarını “Western Union” beynəlxalq surətli pul köçürmə xidməti vasitəsi ilə qayınatası (hazırki iş üzrə tərəf olmayan) X1 göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, qayınatası saxlanılması üçün həmin pul məbləğini cavabdehə vermişdir. İddiaçı, Azərbaycana qayıtdıqdan 2 gün sonra yuxarıda qeyd edilən elektron cihazları Bəxtiyar Abdullayevə təhvil vermək istəyərkən, sonuncu qiymətlər ilə razılaşmayaraq onları qəbul etməmişdir. Bəxtiyar evdən getdikdən sonra cavabdeh iddiaçıya bildirmişdir ki, həmin elektron cihazlarını iş yoldaşlarına daha baha qiymətə sataraq həm Bəxtiyarın pulunu qaytara, həm də, gəlir əldə edə bilərlər. İddiaçı baldızı olan cavabdehə inandığı üçün həmin cihazları cavabdehə vermişdir. Lakin bu məsələnin üstündən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh nə həmin əşyaları, nə onların pulunu, nə də ki, iddiaçı tərəfindən göndərilmiş 4.995 ABŞ dollarını iddiaçıya qaytarmamışdır. Hazırda iddiaçının və ərinin ailə münasibətləri pozulmuşdur. Cavabdeh də bundan sui-istifadə edir. İddiaçı, cavabdehin hərəkətlərini nəzərə alaraq Bakı Şəhəri 19-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada bu məsələlər ilə bağlı aparılmış araşdırma zamanı cavabdeh təqsirini etiraf etsə də, qərar qəbul edilmişdir ki, cavabdehin hərəkətləri cinayət xarakterli olmadığından cinayət işin başlanması rədd edilsin. Bundan sonra iddiaçıya tövsiyə edilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etsin. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, onun qardaşı Elşad Şirəliyev, arvadı olan iddiaçı ilə birlikdə ABŞ-yə köçərkən ona (cavabdehə) məxsus notebuku özü ilə aparmaq istəmiş və söz vermişdir ki, qayıdanda onun üçün yeni notebuk hədiyyə gətirəcək. O da öz notebukunu qardaşına vermişdir. 2019-cu ildə, iddiaçı, ABŞ-dan qayıdarkən Elşadın adından ona yeni 1 ədəd notebuk, 1 ədəd “İphone” markalı telefon və 1 ədəd planşet bağışlamışdır. Həmin əşyaların iddiaçıya heç bir aidiyyəti yoxdur, həmin əşyalar ona Elşad tərəfindən hədiyyə olunub və iddiaçı özü onları ona təhvil verib. İddianın qalan hissələri də, əsassızdır və o, iddiaçının bildirdiyi kimi, polisə heç bir etiraf edici izahat verməmişdir. İddiaçının adını çəkdiyi Bəxtiyar Abdullayev adlı şəxsi ümumiyyətlə tanımır. İş üzrə üçüncü şəxs olan Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etirazını Rayon Məhkəməsinə təqdim etməsə də, onun nümayəndəsi Rayon Məhkəməsinə bildirmişdir ki, iddiaçı, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını ABŞ-yə köçərkən özü ilə aparmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.08.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apelyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apelyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan aydın olur ki, iddiaçı, 2014-cü ildə cavabdehin qardaşı, hazırki iş üzrə tərəf olmayan Elşad Şirəliyev ilə nişanlanmışdır. Cavabdehin anası, hazırki iş üzrə üçüncü şəxs olan S.Şirliyeva həmin ərəfədə iddiaçıya, ümumi dəyəri 5.000 ABŞ dolları olan 750 əyarlı, 43,7 qram qızıldan və 3,87 karat brilyant qaşlı komplekti (boyunbağı, qolbaq, cüt sırğa, üzük) və 5 qaşlı nişan üzüyü hədiyə etmişdir. İddiaçı ilə E.Şirəliyev 2015-ci ildə nikahlarını rəsmiləşdirərək, ailə qurmuşlar. Nikaha daxil olduqdan sonra iddiaçı, ərinin valideynlərinə məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev № 37-də yerləşən 35 saylı mənzilə gəlin köçmüşdür. 2016-cı ildə iddiaçı və onun əri ABŞ-ya köçmüş və bir müddət orada yaşamışlar. İddiaçı, 15.11.2019-cu il tarixdə Azərbaycana qayıtmışdır. Qeyd edilən bu hallar iş üzrə tərəflər arasında mübahisə doğurmur. İş üzrə tərəflər arasında mübahisə doğuran hallar aşağıdakılardan ibarətdir: İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində bildirir ki, o, ABŞ-ya köçərkən yuxarıda qeyd edilən qızıl-zinət əşyalarını özü ilə aparmamış, yaşadıqları və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev № 37-də yerləşən 35 saylı mənzildə qoymuşdur. Cavabdehin bundan xəbəri var idi. 15.11.2019-cu il tarixdə, o, Azərbaycana qayıtdıqda həmin qızıl-zinət əşyalarının, habelə qiyməti 700 manat olan “LG” markalı notebukun, qiyməti 35 manat olan azan saatının, qiyməti 35 manat olan çaydan dəstinin, qiyməti 70 manat olan ətçəkən maşının, qiyməti 50 manat olan kokteyl düzəldənin, qiyməti 150 manat olan uşaq kolyaskasının mənzildə olmadığını aşkar etmişdir. Bu barədə cavabdehdən maraqlandıqda cavabdeh bildirmişdir ki, həmin əşyalar evdən oğurlanmasın deyə onları götürmüşdür. İddiaçı həmin əşyaların qaytarılmasını cavabdehdən tələb etsə də həmin əşyalar ona qaytarılmamışdır. O, cavabdehin hərəkətlərini nəzərə alaraq 19-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada bu məsələlər ilə bağlı araşdırma aparılmış və bu zaman cavabdeh təqsirini etiraf etmişdir. Cavabdeh, iddiaya qarşı Rayon Məhkəməsinə təqdim etdiyi yazılı etirazda iddia tələbinin əsassız olduğunu ümumilikdə bildirsə də, müzakirə edilən bu tələblə bağlı xüsusi olaraq heç nə göstərməmişdir. Müzakirə edilən tələbin əsaslılığına hüquqi qiymət verən Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsinin Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən götürülmüş və mülki işə əlavə edilmiş 1429/20 saylı təhqiqat materialın surətindən görünür ki, hazırki iş üzrə Cavabdeh2 polis orqanına, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının, “LG” markalı notebukun, azan saatının, çaydan dəstinin, ətçəkən maşının, kokteyl düzəldənin və uşaq kolyaskasının onun tərəfindən götürülməsi barədə etiraf edici izahat verməmişdir. Eyni zamanda qeyd edilən təhqiqat materialından görünür ki, Polis Bölməsinə müraciət etmiş İddiaçı həmin əşyaların Cavabdeh2 tərəfindən deyil, hazırki iş üzrə üçüncü şəxs olan Cavabdeh1 tərəfindən götürülməsini həm şikayət ərizəsində, həm də izahatında bildirmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən əşyaların cavabdeh tərəfindən götürülməsi təsdiq edilmir, iddiaçı bu halı sübuta yetirə bilmir. Məhkəmə baxışının nəticəsi ilə də həmin əşyaların cavabdehdə olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, iddianın müzakirə edilən hissəsi əsassızdır. Rayon Məhkəməsi qeyd edilən tələbi əsassız hesab edərək təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid olan dəlili formal mülahizə xarakteri daşıyır. İddia ərizəsində ifadə edilmiş digər tələb, dəyəri 5.000 ABŞ dolları olan və yuxarıda göstərilmiş elektron cihazların, həmin cihazların naturada qaytarılması mümkün olmadığı halda onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədədir. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində bildirir ki, cavabdeh həmin cihazları sataraq əldə edəcəyi pul məbləğini ona vermək şərti ilə götürmüş, lakin nə cihazları qaytarmış, nə də ki satışdan əldə oluna biləcək pulu ona verməmişdir. Cavabdeh, iddiaya qarşı Rayon Məhkəməsinə təqdim etdiyi yazılı etirazda müzakirə edilən bu tələblə bağlı bildirmişdir ki, onun qardaşı Elşad Şirəliyev arvadı olan iddiaçı ilə birlikdə ABŞ-yə köçərkən ona (cavabdehə) məxsus notebuku özü ilə aparmaq istəmiş və söz vermişdir ki, qayıdanda onun üçün yeni notebuk hədiyyə gətirəcək. O da öz notebukunu qardaşına vermişdir. 2019-cu ildə, iddiaçı, ABŞ-dan qayıdarkən Elşadın adından ona yeni 1 ədəd notebuk, 1 ədəd “İphone” markalı telefon və 1 ədəd planşet bağışlamışdır. Həmin əşyaların iddiaçıya heç bir aidiyyəti yoxdur, həmin əşyalar ona Elşad tərəfindən hədiyyə olunub və iddiaçı özü onları ona təhvil verib. Müzakirə edilən tələbin əsaslılığına hüquqi qiymət verən Məhkəmə qeyd edir ki, iddiaçı, cavabdehin ondan aldığı cihazların 6 ədəd olmasını bildirsə də, cavabdeh öz növbəsində bildirir ki, iddiaçı ona 3 ədəd cihaz vermişdir. Başqa sözlə, cihazların iddiaçının qeyd etdiyi sayda olması hər hansı sübutla təsdiq olunmur. Bundan başqa, iddiaçı, cavabdehin ondan aldığı 6 ədəd cihazın sataraq əldə edəcəyi pul məbləğini ona vermək şərti götürdüyünü bildirsə də, cavabdeh bildirir ki, qardaşı həmin 3 ədəd cihazı ona hədiyyə şəklində iddiaçının vasitəsi ilə ABŞ-dan göndərib və iddiaçı özü onları ona təhvil vermişdir. Başqa sözlə, cihazların iddiaçının qeyd etdiyi məqsəd ilə cavabdehə verilməsi hər hansı sübutla təsdiq olunmur. Odur ki, qeyd edilənləri, MPM-nin 14.2., 77.1-ci maddələrinin, Mülki Məcəllənin 152.1., 152.5. və 157.2-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddianın müzakirə edilən hissəsi əsassızdır; Rayon Məhkəməsi qeyd edilən tələbi əsassız hesab edərək təmin etməməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid olan dəlili formal mülahizə xarakteri daşıyır. İddia ərizəsində ifadə edilmiş digər tələb, iddiaçının ABŞ-dan göndərdiyi 4.995 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədədir. İddiaçı bildirir ki, həmin məbləğdə olan pulu “Western Union” beynəlxalq surətli pul köçürmə xidməti vasitəsi ilə qayınatası (hazırki iş üzrə tərəf olmayan) Ədalət Şirəliyevə göndərmişdir ki, Azərbaycana qayıtdıqdan sonra pulu ailəvi dostları olan (hazırki iş üzrə tərəf olmayan) Bəxtiyar Abdullayevə qaytarsın. Sonradan ona məlum olmuşdur ki, qayınatası saxlanılması üçün həmin pul məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh həmin pulu ona (iddiaçıya) verməmişdir. Cavabdeh, iddiaya qarşı Rayon Məhkəməsinə təqdim etdiyi yazılı etirazda iddia tələbinin əsassız olduğunu ümumilikdə bildirsə də, müzakirə edilən bu tələblə bağlı da xüsusi olaraq heç nə göstərməmişdir. Müzakirə edilən tələbin əsaslılığına hüquqi qiymət verən Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən götürülmüş və mülki işə əlavə edilmiş 1429/20 saylı təhqiqat materialın surətindən görünür ki, hazırki iş üzrə Cavabdeh2 polis orqanına verdiyi izahat qeyd edilən bu məsələ ilə bağlı olmamışdır. Eyni zamanda qeyd edilən təhqiqat materialından görünür ki, Polis Bölməsinə izahat vermiş hazırki iş üzrə üçüncü şəxs olan Cavabdeh1 müzakirə edilən məsələ ilə bağlı bildirmişdir ki, onun övladı, iddiaçının isə əri Elşad Şirəliyev həmin pul məbləğini atasının – Ədalət Şirəliyevin həmin ərəfədə əməliyyat olunması üçün göndərmişdir. Sonradan isə Ədalət Şirəliyev 5.000 ABŞ dollarını Elşada göndərməklə qaytarmışdır. “Western Union” beynəlxalq surətli pul köçürmə xidməti tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Ədalət Şirəliyevin adına 2019-cu ilin oktyabr ayının 5 müxtəlif günündə hər biri 999 ABŞ dolları olmaqla, ümumilikdə 4.995 ABŞ dolları məbləğində pul göndərilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 06.02.2020-ci il tarixli “Mədaxil qəbzindən” görünür ki, Ədalət Şirəliyev tərəfindən Elşad Şirləyevin hesabına 5.000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Göründüyü kimi, iddiaçı, 4.995 ABŞ dolları məbləğində pulun cavabdehdə olmasını bildirsə də bu halı sübuta yetirə bilmir. Odur ki, qeyd edilənləri və yuxarıda artıq əks olunmuş mövqeyi nəzərə alan Məhkəmə hesab edir ki, iddianın müzakirə edilən hissəsi əsassızdır; Rayon Məhkəməsi qeyd edilən tələbi əsassız hesab edərək təmin etməməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid olan dəlili formal mülahizə xarakteri daşıyır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar