Məhkəmə qərarları › İş №2(103)-651/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-651/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-651/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-5664/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçının ailə üzvləri ilə birgə yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsi, M.Vidadi küçəsində yerləşən evə həmin küçə ilə yeraltı çəkilmiş qaz kəmərindən torpağın altı ilə qaz sızaraq dolmuş və xx.xx.2013-cü il tarixində səhər saat 08:00 radələrində partlayış baş vermişdir. Bu hadisə iddiaçının alın nahiyyəsinin, sol yanağın, hər iki said nahiyyəsinin, sağ budun, ayaq pəncəsinin, hər iki əlin ovuc və arxa səthinin termiki yanıqları və onun oğlu X1 alın və üz nahiyyəsinin, hər iki yuxarı ətrafların, hər iki kürək nahiyyəsinin İİ-İİİ dərəcəli texniki yanıqları ilə müşayiət olunan az ağır dərəcəli xəsarətlər almalarına səbəb olmuşdur.

2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə baş vermiş hadisə ilə əlaqədar X10 Sahəsinin Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçer xidmətin xətt baxısıcı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya müddətsiz birinci dərəcəli əlillik verilmiş, o əməyə qadir deyil.

4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 3366/2023 nömrəli qətnaməsi ilə iddiaçı X1 mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdehndən 10.000 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 100.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, qadın olaraq ona dəyən zərərin nə qədər ağır olmasını, aldığı bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyini, mənəvi olaraq nələr yaşadığını, hansı duyğular keçirdiyini kəlimələrlə ifadə edə bilmir. Üzünün və bədəninin yanmış nahiyələrinin görüntüsü, cəmiyyət içində insanların ona acıyaraq baxışına səbəb olur və onun çəkdiyi iztirabları yenidən canlandırır. İddiaçı ömür boyu yeni tanış olduğu insanlara həmin cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərini yenidən anlatmaq məcburiyyətində qalır və buna da davam etməli olacaq. Bu hadisəni hər dəfə anlatmağa çalışsa da, baş verən partlayış anı və ondan sonrakı dəhşətlər gözünün önündə canlanır. Belə ki, o, Şəmkir rayonu Zəyəm qəsəbəsi M.Vidadi küçəsində yerləşən evdə həyat yoldaşı Məlik Musayev, qızı İnsaf, oğlanları Elçin və Elvin, gəlini Nuranə və nəvələri Aysi və Elmirlə birlikdə yaşayır. Mart ayının 1-i 2013-cü ildə səhər tezdən təxminən saat 8-də mətbəxdə qaz sobasını yandırmış və yataq otağına qayıtmış, aradan heç 5 dəqiqə keçməmiş güclü bir partlayış baş vermiş və evin pəncərələri və giriş qapısı partlayışın təsirindən yerindən çıxaraq çölə düşmüşdür. Həyat yoldaşı həyətdə olduğundan yeganə xəsarət almayan şəxs idi. Həyat yoldaşının və qonşuların köməkliyi ilə onları xəstəxanaya çatdırdılar. Hadisə onun sifət və bədənində silinməz izlər buraxıb, yanmış dərisinin yeri hava dəyişərkən ona ağrılar verir. Bədənindəki izlər və güzgüdə özünü görərkən sifətindəki yanıqlar ona keçirdiyi mənəvi sarsıntını daha da dərinləşdirərək mənəvi iztirablar verir. Baş vermiş cinayət hadisəsi nəticəsində ağır xəsarətlər almağı nəticəsində fiziki xəsarətlər almağının paralelində mənəvi sarsıntı və bundan sonrakı proseslər nəticəsində mənəvi iztirablar keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Məhkəmənin hökmü ilə məhkum edilən vəzifəli şəxs olan X2 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi, sağlamlığına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizasının xx.xx.2013-cü il tarixli, 4044 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, partlayışa səbəb M.Vidadi küçəsi ilə çəkilmiş 76 mm-lik ümumi yer üstü qaz xəttdindən, partlayış baş vermiş evə tərəf yer altı çəkilmiş 40 mm-lik ümumi qaz xəttində baş vermiş korroziyadan əmələ gəlmiş dəlikdən yeraltı sızan qazın otaqlara dolması və hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq qaz partlaması olmuşdur. Hal-hazıra kimi ona aldığı ağır xəsarətlər nəticəsində çəkdiyi iztirablar, stresslərə görə çəkdiyi mənəvi zərərə görə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən heç bir müraciət belə edilməmişdir. Məhkəmə X4 təqsirli bilib cəza versə də, bu cinayət hadisəsinin baş verməsinə tək səbəb Namazov Vəzir deyil, həm də onun əməkdaşı olduğu Cavabdehdir. Çünki Cavabdeh İB səhlənkar əməkdaşlarının vurduğu zərəri ödəməlidir. Baş vermiş cinayət hadisəsi nəticəsində onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunvericilik isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan birbaşa zərər çəkən olaraq keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq, dəymiş mənəvi zərər cavabdehdən alınaraq ona ödənilməlidir.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 5664/2023 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia qismən təmin edilmiş, Cavabdehndən mənəvi zərərə görə 20.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının yanıq xəsarətləri almasında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən baş vermiş həmin hadisədən sonra iddiaçının səhhətində problemlər yaranmış, bunu nəticəsi olaraq isə daima digər şəxslərin köməyinə möhtac olmuş və müstəqil olaraq özü-özünü təmin etmək iqtidarında deyildir. Həmçinin, onun əllərinin yumulu vəziyyətdə qalması və barmaqlarının açılmaması səbəbindən o, hazırda normal əmək fəaliyyəti ilə də məşğul ola bilmir, habelə, əmək qabiliyyətindən məhrum olmuşdur. Eyni zamanda qeyd edilməli olan hal ondan ibarətdir ki, iddiaçı üzündə olan yanıqlar üzündən cəmiyyət içinə çıxa bilmir. Bu da onda fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi yarada biləcək faktorlardan biridir.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Belə ki, iddiaçının bədənin müxtəlif nahiyyələrinin yanması nəticəsində o, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də, iddiaçının vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ var. İddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə o təsəlli ala bilər.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 5664/2023 nömrəli əlavə qətnaməsi ilə Cavabdehndən 150 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsində baxılmış və mülki iş materiallarına əlavə edilmiş xx.xx.2013- cü il tarixli 1(076)-70/2013 nömrəli hökmün surətindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixində iddiaçının ailəsinə məxsus mənzildə baş vermiş partlayış nəticəsində iddiaçının özü və oğlu sağlamlığa “az ağır” zərər vurmaya aid yanıq xəsarətləri almışlar (hökmün 7-ci vərəqəsinin 1-2-ci abzasları). 1(076)-70/2013 nömrəli cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə maddi və mənəvi kömək olmuşdur. Bunun müqabilində isə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsdən şikayətçi olmamışlar. Məhkəmə qətnamə qəbul edən zaman iddiaçı tərəf ilə Cavabdeh İBnın təqsirləndirilən işçisinin barışmasını, cavabdehin işçi tərəfindən ona maddi və mənəvi kömək göstərilməsini və iddiaçının cavabdehin işçisindən şikayətçi olmamasını nəzərə almamışdır. Xətai Rayon Məhkəməsi zərərvuran şəxsin təqsirinin ehtiyyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq halını nəzərə almış olsa da, təmin edilmiş zərərin məbləğini qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirməmişdir. Xətai Rayon Məhkəməsi mülki iş üzrə zərər məbləğinin həcmini ağlabatan və ədalətli müəyyən etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçının oğlan övladı X7 da anası kimi həmin hadisə zamanı aldığı az ağır xəsarətlərə görə Cavabdeh İB-yə qarşı 100.000 manat məbləğində mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə cavabdeh “Azəriqaz İB”-dən X5 10.000 manat məbləğində pul vəsaitinin tutulub verilməsi qət edilmişdir. X7 və Cavabdeh İB həmin qətnamədən şikayətçi olmamış, qətnamə qanuni qüvvəsini alaraq icra vərəqəsi verilmişdir. Nəzərə alsaq ki, eyni hadisədən həm ana, həm də oğul sağlamlığa az ağır zərər vurmaya aid yanıq xəsarətləri almışlar, o cümlədən, X7 barəsində qəbul edilmiş qətnamədən şikayətçi olmamış və 10.000 manat məbləğində pul ilə razılaşmışdır, hər iki zərərçəkmiş şəxs Cavabdeh İB-nın təqsirləndirilən işçisi ilə barışaraq cavabdehin işçisindən şikayətçi olmamışdır, belə olan halda, müvafiq mülki iş üzrə qəbul edilmiş qətnamədə iqtisadi qiymətləndirmə üzrə yaranmış qeyri-mütənasibliyi aradan qaldırmaq məqsədilə ən azından, iddiaçının xeyrinə təmin edilmiş 20.000 manat pul məbləği hissəsində qətnamə dəyişdirilməklə iddia tələbinin həcmi 10.000 manatadək azaldıla bilər. xx.xx.2013-cü il tarixində baş vermiş partlayış hadisəsindən artıq 10 ilə yaxın müddət keçmişdir. Baş vermiş sözügedən partlayış hadisəsindən artıq 10 ilə yaxın müddət keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən 10 il zaman ərzində məhkəməyə müraciət etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

20. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı: Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh apellyasiya şikayətinin məzmununda qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh əməkdaşının vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində baş vermiş partlayışla əlaqədar iddiaçı xəsarət alaraq mənəvi sarsıntı keçirdiyinə görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

27. Birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər.

28. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının oğlu X5 həmin hadisə ilə bağlı mənəvi zərər olaraq cavabdeh “Azəriqaz İB”-dən 10.000 manat məbləğində pul vəsaitinin tutulub verilməsi qət edilsə də, oğlundan fərqli olaraq hazırki iş üzrə iddiaçı sözügedən hadisə nəticəsində həm də əmək qabiliyyətini itirmişdir. Bu isə o deməkdir ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olmaq, qazanc əldə etmək, bununla da həyat şəraitini yaxşılaşdırmaq imkanından məhrum olmuşdur və bu hal da özlüyündə iddiaçının iztirablar keçirməsinə səbəb olan haldır.

29. Bundan əlavə nəzərə alınmalıdır ki, baş vermiş hadisədən xeyli müddət ötmüş olsa belə, iddiaçının üzündə və bədəninin digər hissələrində olan yaralar daim ona baş vermiş hadisəni xatırlatmaqla yanaşı digər şəxslərlə ünsiyyət zamanı onda narahatlıq hissi yaradan amildir.

30. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş kompensasiyanın məbləğini ədalətli hesab edir.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 5664/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar