Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6520/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhər Xətai rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(011)-2225/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 900.000 manat məbləğində pul vəsaitini mənəvi zərərə görə tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, təqsirləndirilən şəxs vəzifəli şəxs olan X1 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə- iddiaçının cavan oğlunun ölümünə səbəb olmuşdur. Belə ki, o, Bakı şəhəri Nizami rayon Qaz İstismar sahəsinin 1 saylı Qaz istismar xidmətinin sahə ustası vəzifəsində işlədiyi müddətdə işə vicdansız və laqeyd münasibət bəsləyərək vəzifələrini lazımi qaydada həyata keçirməmiş, fiziki şəxslərin qanuni mənafelərinə mühüm zərər vurmaqla Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 8 saylı evdə yerləşən 49 saylı mənzilin hamam otağındakı tüstü bacasının şaquli hissəsinin uzunluğunun 23 sm təşkil etməsi, bacanın su qızdırıcısının tüstüçanına lip taxılmaması, hamam otağının qapısının üzərində təmiz havanın daxil olması üçün heç bir aralıq və ya deşiyin olmaması, hamam otağının divarındakı ventilyasiya kanalının qismən tutulmuş vəziyyətdə qalmasına şərait yaratmaqla, xidməti vəzifələrinin icrasına laqeyd münasibət bəsləyərək 15 oktyabr 2010-cu il tarixdə qeyd olunan mənzildə yaşayan X3 hamam otağında çimərkən dəm qazının təsirindən zəhərlənərək ölməsinin texniki səbəbi olmuş hərəkətsizlik göstərmiş, yəni səhlənkarlıq etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2011-ci il tarixli, 1(007)-84/2011 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediməsi hökm edilmişdir. Hökmdən görünür ki, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 01 noyabr 2010-cu il tarixli, 154 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, X3 ölümü dəm qazı ilə zəhərlənmədən baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(011)-2225/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30.000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(011)-2225/2021 saylı qətnaməsini iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadığı səbəbindən ləğv edilməsi və 1-ci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə mənəvi zərərə görə təzminat müəyyən edərkən iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Belə ki, iddiaçın hadisədən 11 il sonra mənəvi ziyanın tələb etməsi və məhkəmənin 11 il sonra bu tələbi təmin etməsi bunu sübuta yetirir. Bundan əlavə, qeyd olunan hal çox arzuolunmaz pretendentin yaranmasına səbəb olacaq. Belə ki, məhkəmə tərəfindən bu cür əssassız iddiaların təmin edilməsi gələcəkdə marağı olan şəxslərin bundan sui-istifadə etməklə “Azəriqaz” İstehsalat Birliyindən küllü miqdarda pul almaqlarına gətirib çıxaracaq. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)- 84/2011 saylı, 23 fevral 2011-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli o, məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanması hökm edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının oğlu 03 iyun 1990-cı il təvəllüdlü X6 16 oktyabr 2010-cu il tarixdə dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, iddiaçının oğlunun ölümündə cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bundan başqa, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MM-nin 1099.2-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının oğlunun ölümündə cavabdehin təqsiri vardır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, şübhəsiz ki, iddiaçının öz doğma oğlunu itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, kollegiya hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən oğlunun ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ərarvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı mənəvi zərəri oğlunun ölümünə görə tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Göründüyü kimi, cavabdeh “Azəriqaz” İB-nin əməkdaşlarının səhlənkarlığı, işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının oğlunun dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh “Azəriqaz” İB-nin əməkdaşlarının “Azəriqaz” İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz oğlunu itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşlarının təqsirli hərəkəti nəticəsində iddiaçının oğlunun ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, oğlunun ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. Bununla yanaşı, məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını, o cümlədən cavabdehin də maddi imkanlarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 30.000 manat pulun tutulmasını ədalətli və ağlabatan hesab etmişdir. Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(011)- 2225/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6520/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6520/2021
11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver