Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6529/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(004)-576/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2021-ci il tarixli qərardaddan Cavabdeh BOKT ASC-nin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “hərracın nəticələrinin və çıxarışın və hər iki sənədin yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüquqları cavabdeh ASC-yə məxsus olan və ünvan 1 ünvanında yerləşən, 95.5 kv.m-dən ibarət, 3 otaqlı evin üzərinə həbsin qoyulması və həmin evin alğı-satqısı, girov qoyulması, üçüncü şəxslərə icarəyə verilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 06.05.2021-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən, 95.5 kv.mdən ibarət, 3 otaqlı evin üzərinə həbsin qoyulması və həmin evin alğı-satqısı, girov qoyulması, üçüncü şəxslərə icarəyə verilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh ASC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaşayış sahəsinin üzərindən həbsin götürülməsi hazırki iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasında heç bir çətinlik yaratmır. Çünki ev ASC-nin mülkiyyətində olsa da, iddiaçı və iddiaçının ailə üzvləri həmin evdə qeydiyyatdadır və yaşayırlar. Buna görə də ev özgəninkiləşdiriləcəyi halda belə onların razılığı tələb olunur. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 21.05.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad qismən ləğv edilməlidir. Belə ki, iddianın təmini tədbirlərinin həyata keçirilməsinin əsasları müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157-ci maddəsinə görə, hakim işdə iştirak şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1.); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər (maddə 158.1.2.); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (maddə 158.1.3.). Məhkəmə bildirir ki, iddianın təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisə obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. Əmlak üzərinə həbs qoyulması onun özgəninkiləşdirilməsinin və qəsdən məhv edilməsinin qarşısını almaq üçün görülən tədbirdir ki, həmin tədbir əmlakın siyahıya alınmasından, əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından və sair hərəkətlərdən ibarətdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki mülki işə baxılıb iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli əmlak barədə iddianın təmini tədbiri görülməlidir və həmin tədbir əmlakın özgəninkiləşdirilməsinin qarşısını almalıdır. Göstərilən tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Lakin “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardad ilə mübahisəli daşınmaz əmlakın üzərinə həbs də qoymuşdur ki, Məhkəmənin mövqeyinə görə, həbsin qoyulmasına ehtiyac yoxdur. İddianın təmini tədbirinin görülməsinin tamamilə ləğvi barədə cavabdeh ASC-nin dəlili ilə bağlı isə Məhkəmə bildirir ki, qanuni qüvvəyə minmiş qətnamə əsasında artıq hərrac həyata keçirilmiş və həmin iş üzrə icra icraatı başa çatmışdır. Hazırda iddiaçı hərracın keçirilməsini mübahisələndirir və əmlakın özgəninkiləşdirilməsinin qarşını almaq, həmçinin mübahisəyə başqa şəxslərin cəlb edilməsinin qarşısını almaq üçün iddianın təmini tədbirinin görülməsini xahiş edir. Bu baxımdan əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad qismən, yəni mübahisəli daşınmaz əmlakın üzərinə həbs qoyulması hissəsində ləğv edilməli və “iddianın təmini tədbirinin görülməsi barədə” iddiaçının ərizəsinin həmin hissəsinin təmin edilməməsi, qalan hissədə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 365, 261, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh BOKT ASC-nin şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2021-ci il tarixli qərardad qismən, yəni “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin “mübahisəli daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə” hissəsinin təmin edilməsi, mübahisəli əmlakın üzərinə həbs qoyulması barədə hissəsində ləğv edilsin. İddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin “mübahisəli daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə” hissəsi təmin edilməsin. Yasamal Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 06 may 2021-ci il tarixli qərardadın qalan hissəsi, yəni ünvan 1 ünvanında yerləşən, 95.5 kv.m-dən ibarət, 3 otaqlı evin özgəninkiləşdirilməsinə, girov qoyulmasına, icarəyə verilməsinə qadağa qoyulması barədə hissəsi dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6529/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6529/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver