Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6533/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X12 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2359/20 saylı qətnaməsindən İddiaçı və “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 xeyrinə mənəvi zərərə görə 1.000.000 (bir milyon) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Cəfərov, iş N 2(006)-2359/20) iddia qismən təmin edilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X21 tutularaq İddiaçı ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı və cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı öz tələblərini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum əri Tahir Nəcəfquliyev Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan “Neftqaztikinti” trestinin 3 saylı tikinti quraşdırma idarəsində quraşdırıcı işləmişdir. xx xxxxxx 2012-ci il tarixdə səhər saat 07 radələrində Tahir işə getmək üçün evdən çıxmışdır. Saat 09 radələrində eşidəndə ki, Lökbatan qəsəbəsində 124 saylı marşrut avtobusu qatarla toqquşub, çoxlu xəsarət alan var, iddiaçı dərhal ərinin mobil telefonuna zəng vurub əlaqə saxlamaq istəmiş, lakin tanımadığı bir nəfər cavab verib telefonu hadisə yerində tapdığını, telefon sahibinin isə “Semaşko” xəstəxanasına aparıldığını demişdir. Bundan sonra ərinin toqquşma zamanı qatarın altına düşərək öldüyü iddiaçıya məlum olmuşdur. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırılmışdır. Müəyyən edilmişdir ki, X5 2012-ci il avqust ayının 31-də “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X27 Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair” Təlimatın 4.5, 4.6 və 4.7ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, nəticədə saat 07:28 dəqiqədə X37 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı Lökbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində 124 saylı marşurutla hərəkət edən sərnişin avtobusu açıq şlaqbaumdan keçərək sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən - X22, X6, X38, X24, X13, Eyyubov Röyal Yunis oğlu, X8, X14, X39, X25, X40, X9, X30, X47, X41, X72, X7, X53, X15, X54, X2, X17, X59, X10, X48, X55 az ağır, X56, X31, Məmmədov Sübhi Böyükxan oğlu, X11, X83 ağır xəsarətlər almış, X18, X42, X32, X19, X23 və X60 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 1(101)-248/2013 saylı hökmünə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 1(101)- 248/2013 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 1(101)-248/2013 saylı qanuni qüvvəyə minmiş hökmünün 42-ci səhifəsində qeyd olunur ki, məhkəmə iclasında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx xxxxxxxx 2012-ci il tarixli, 116 saylı rəyindən görünür ki, mərhum T.N.Nəcəfquliyevin meyitinin məhkəmə tibbi ekspertizasında sağ yuxarı ətrafın və hər iki aşağı ətrafın travmatik amputasiyası, alt çənənin səthi əzilmiş yarası, sol alın-gicgah nahiyəsinin, sol yanağın sıyrıqları aşkar edilmişdir. Yuxarıda qeyd olunan xəsarətlər başın və bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2012-ci il tarixdə baş vermiş nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və T.N.Nəcəfquliyevin ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. T.N.Nəcəfquliyevin ölümünə səbəb, almış olduğu travma kompleksi və massiv qanitirmə nəticəsində baş vermiş ağır dərəcəli travmatik hemorragik şok olmuşdur. Cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçının əri öldüyünə görə ona mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının yaxın qohum sayılan ərinin faciəvi şəkildə ölməsindən sonra sağlamlığında baş verən mənfi dəyişikliklər nəticəsində çəkdiyi iztirablar, sarsıntılar, düşdüyü depresiyalar, hər gün ona həmin hadisənin sanki bu gün baş verdiyini xatırladır. Ərinin faciəvi şəkildə həlak olması bir qadın kimi iddiaçının sağlamlığına ağır zərbə vurmuşdur. Bu günədək ərinin itkisinin iztirabını çəkir. Məhz bu səbəbdən iddiaçı X1 rəyi ilə 2017-ci ildə “Beyin infarktının nəticələri, Sağ orta beyin arteriyası sistemində keçirilmiş geniş sahəli və təkrari işemik insultlardan sonrakı vəziyyət, Hemiplegiya, Sol tərəfli dərin hemiplegiya, Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s” diaqnozları əsasında ikinci dərəcəli əlil olmuşdur. Həyat yoldaşının yoxluğu, sağlamlığını itirməyi iddiaçının iztirablarının davam etməsinə səbəb olur. İddiaçı bəlkə bu əzab və iztirabları yüngülləşər, xəstəlikləri daha da kəskinləşməz deyə mənəvi zərərin ödənilməsini tələb etmək qərarına gəlmişdir. İşin hallarına əsasən cavabdeh qurumun işçisinin hüquqazidd hərəkəti nəticəsində iddiaçının fiziki-mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Ona görə iddiaçı düşünür ki, qeyd olunan halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 1.000.000 manat məbləğində pulun cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxx" X21 alınaraq ona ödənilməsi ədalətli olar. İddiaçı ümid edir ki, məhkəmə baş verən hadisənin unudulmasının mümkün olmaması səbəbindən iddiaçının keçirdiyi iztirabların ömür boyu davam edəcəyini nəzərə alaraq mənəvi zərərin miqdarını tam şəkildə təmin etməlidir ki, pozulmuş hüquqlarının bərpası baxımından ədalətli olsun. Belə olarsa cavabdehin məsuliyyəti də artar ki, iddiaçının ərinin yerində kiminsə əzizlərinin, hətda körpə uşağın belə ola biləcəyi ictimai təhlükəlilik baxımından ağır olan eyni hadisə, faciə təkrar baş verməsin və başqa insanlar da onun çəkdiklərini çəkməsinlər. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən iddiaçının əri, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X27 Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində işləyən Eyyub İsmayılovun təqsirli hərəkəti nəticəsində ölmüş, hüquqazidd təqsirli hərəkət nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Göstərilənlərə əsasən iddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X21 mənəvi zərərə görə 1.000.000 (bir milyon) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsində işə baxılarkən iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilənləri təsdiq edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi F.Babayev birinci instansiya məhkəməsində işə baxılarkən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə oxşar məzmun təşkil edən apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarına düzgün istinad etmiş olsa da, onun tələbini tam təmin etməmişdir. Ona görə də qətnamə dəyişdirilməli və mənəvi tarazılığın yenidən bərpa olunması üçün iddia tələbi tam təmin edilməlidir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı iddiaçının ərinin 2012-ci ildə baş vermiş yolnəqliyyat hadisəsində həlak olmasıdır. Lakin bu hadisə nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi konkret formada sübut olunmalıdır. Ərinin həlak olması ilə bağlı iddiaçının qəmlənməsi təbiidir. Lakin şəxsin yaxın qohumunu itirməsi hələ onun mənəvi sarsıntı keçirməsinə dəlalət etmir. İş materiallarında iddiaçının sağlamlığının pozulması nəticəsində 2017-ci ildə ikinci qrup əlillik dərəcəsi alması barədə sənəd mövcud olsa da, həmin xəstəliyin baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəsinin olması sübut olunmamışdır. Çünki baş vermiş hadisə ilə sağlamlığın itirilməsi arasındakı fərq 5 ildir. Qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş edir. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apelyasiya şikayətini qəbul etmədiyini bildirdi. Cavabdehin nümayəndəsi F.Babayev təmsil etdiyi orqanın apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mərhum X20 ilə rəsmi nikahda olmuş və həmin nikahdan onların üç övladları dünyaya gəlmişdir. X46 vəfat edənə qədər SOCAR-ın “Neftqaztikinti” trestinin 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsində çalışmışdır. HəminTrestin verdiyi arayışa əsasən 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsi üzrə orta aylıq əmək haqqı 2012-ci il üzrə 1021,73 manat, 2013-cü il üzrə 1099,76 manat, 2014-cü il üzrə 1075,43 manat, 2015-ci il üzrə 1086,98 manat, 2016-cı il üzrə 1167,37 manat, 2017-ci il üzrə 1199,56 manat, 2018-ci il üzrə 1291,25 manat, 2019-cu il üzrə 1423,32 manat və 2020-ci il üzrə 1496,20 manat olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə X61 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və X5 həmin Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək onlara təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddəti hər biri üçün 9 il müəyyən edilmişdir. Bu qərar Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının tələbi yuxarıda qeyd olunduğu kimi, məruz qaldığı mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ərinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin əməkdaşı X3 təqsiri nəticəsində ölməsi iddiaçıda yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, ərinin vəfat etməsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və həyat yoldaşının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. İddiaçının mənəvi sarsıntı keçirməsi uzun müddət birgə yaşadığı həyat yoldaşının faciəvi şəkildə ölməsinin onda səbəb olduğu mənfi psixi reaksiyada, iddiaçının iztirab keçirməsi isə onun ikinci dərəcəli əlil olması ilə əlaqədar sağlamığını itirməsində ifadə olunur. Həmçinin, iddiaçının qadın olması, vəfat edənin onun 23 il birgə nikahda yaşadığı həyat yoldaşı olması, ərinin vəfatından sonra himayəsində yetkinlik yaşına çatmayan uşaqların qalması ilə əlaqədar iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığı, bu sarsıntı və iztirabların uzun bir müddət ərzində davam edəcəyi və cavabdeh hüquqi şəxsin əmlak vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Apelyasiya şikayətlərində iddiaçı tərəf tutulmuş mənəvi zərərin məbləğini, cavabdeh tərəf isə mənəvi zərərin tutulma əsasını mübahisələndirmişlər. İlkin olaraq cavabdehin apelyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mənəvi zərər ilə bağlı mövqeyi əsaslı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, cavabdehin əməkdaşının təqsirli bilindiyi cinayət əməli ilə bağlı iddiaçı sarsıntı keçirmiş, ailə başçısını itirərkən onun himayəsində yetkinlik yaşına çatmayan övladları olmuş, işləməmiş, onlara təkbaşına qayğı və diqqət göstərmək məcburiyyətində qalmış, psixoloji vəziyyətin uzun müddət davam etməsi nəticəsində iddiaçı əlilliklə nəticələnən xəstəliyə tutulmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X66 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının mənəvi sarsıntı keçirməsi uzun müddət birgə yaşadığı həyat yoldaşının faciəvi şəkildə ölməsinin onda səbəb olduğu mənfi psixi reaksiyada, iddiaçının iztirab keçirməsi isə onun ikinci dərəcəli əlil olması ilə əlaqədar sağlamığını itirməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, iddiaçıya mənəvi zərərin vurulması işin mübahisəsiz halı kimi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayəti ilə razılaşmayaraq bildirir ki, məhkəmə tərəfindən tutulmuş pul məbləği vurulmuş mənəvi zərərin həcminə uyğun olmuşdur və ağlabatan məbləğ hesab edilir. İddiaçıya vurulan mənəvi zərərin həcminin daha çox olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6533/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6533/2020
09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver