Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6543/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(107)-160/2024 saylı Qərarından görünür ki, dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi üzrə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023cü il tarixli, 1(091)-183/2023 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərardan həmçinin görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, lakin sonda Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)-183/2023 saylı hökmünə əsasən İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, İddiaçı dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təhqiqat, İstintaq Orqanlarının qanunsuz istintaq hərəkətləri nəticəsində 330 gün qanunsuz həbsdə saxlanılmağı ilə əlaqədar iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 33000 manat məbləğin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmü çıxarılmışdır. O, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay təcridxanada saxlanılmışdır. O, əsassız ittihamla bağlı olaraq 11 ay istintaq təcridxanasında saxlanmışdır. Azadlığı əlindən alınıb. Zülm və əziyyət çəkmişdir. Qeyd olunan məhkəmə hökmündə barəsində qaldırılan cinayət işi sübuta yetirilmədiyi üçün o, həmin maddə üzrə ittiham olunmamışdır. Ancaq ittiham olunmağı bu səbəbdən də barəsində məsuliyyəti müəyyən edən qərarların qəbul edilməsi, onun dəfələrlə həmin maddə ilə sorğu-suallara cəlb edilməyi, son durumda məhkəmə ədaləti olmasaydı, o 3-8 il müddətində cəza almalı idi. Bu kimi halları başına gətirən istintaq və təhqiqat orqanlarının bu qanunsuz hərəktləridir. O, bu işdə təqsirsiz olmağına baxamayaraq əsassız mühakimə olunmuşdur. Əsassız olaraq sorğu-suallara cəlb edilmişdir. Əsassız olaraq ittiham olunmuşdur. İstintaq və Məhkəmə müstəvilərində mənəvi əziyyət çəkmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3371/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 11.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. İddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. İddiaçı barəsində 11 ay (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 11 ay müddətinə həbs qətimkan tədbirinə görə ümumilikdə 11.000 manat (bir ay üzrə 1000 manat x 11 (on bir) ay) məbləğində müəyyən olunmalıdır.
6. Məhkəmə mövqeyini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(006)- 3371/2024 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 11.000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edirlər ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Bildirirlər ki, Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 11.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Həmçinin Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, hazırkı məsələ qanunsuz hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsindən gedir. Tərəf qanunsuz şəkildə həbs olunduğunu iddia edir. Lakin, həbs qətimkan tədbirin seçilməsi ilə bağlı əsaslar qanunsuz olmayıb. Cinayət Prosessual Məcəlləsinin 155, 157-ci maddələrinə istinad edilərək həbs qətimkan tədbiri seçilmişdir. Sonradan iddiaçının barəsində mötəbər sübutlar olmadığından bəraət hökmü çıxarılıb. Bu o demək deyildir ki, seçilən həbs qətimkan tədbiri qanunsuz olub. Qanunda təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının əməkdaşlarının qanunsuz hərəkətləri nəzərdə tutulur. Hər hansı yalnış normaya görə həbs qətimkan tədbiri seçilsəydi, bu qanunsuz olardı. İddianın təmin olunmamasını xahiş etmişlər. Maliyyə Nazirliyinin şikayətinin əsaslarından biri də məbləğin onlar tərəfindən ödənilməli olmamasıdır. Bu arqument ilə razılaşmadıqlarını bildirirlər.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
14. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin halları ilə müəyyən edilir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023- cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmü çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, lakin sonda Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)-183/2023 saylı hökmünə əsasən İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, İddiaçı dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 azad edilmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən 11 ay müddətinə həbs qətimkan tədbirinə görə ümumilikdə 11.000 manat (bir ay üzrə 1000 manat x 11 (on bir) ay) məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmişdir.
23. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, İddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən cinayət məsuliyyətinə cəlb edildiyi üçün ona vurulmuş mənəvi ziyan Maliyyə Nazirliyindən deyil, ziyan vurulmasına səbəb olan dövlət orqanı tərəfindən tutulmalıdır.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyan dövlət tərəfindən ödənilir.
25. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
26. Göründüyü kimi, Maliyyə Nazirliyi dövlətin maliyyə siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğu üçün məhkəmənin hökmünə əsasən iddiaçıya vurulmuş mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
27. Cavabdeh apellyasiya şikayətinin digər dəlili olaraq mənəvi ziyanın ödənilməsi ilə bağlı tutulan məbləğin əsassız olaraq şişirdilməsini qeyd etsə də, şikayətin dəlilinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.
28. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
29. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
30. Məhkəmə kollegiyası iddiaçının 11 ay müddətinə faktiki olaraq həbsdə olması, nəticədə mənəvi iztirab və sarsıntı keçirməsi və bu qəbildən olan işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq 11000 manat məbləğində kompensasiyanın müəyyən edilməsini əsaslı sayır.
31. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 33.Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov