Məhkəmə qərarları › İş №2(103)-6547/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6547/2020

04.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6547/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinin boşaldılması və mənzilə köçürmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin ona məxsus olan 1/3 hissəsindən cavabdehlərin çıxarılması, mənzilin boşaldılaraq onun özünün evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin baxılması zamanı iddiaçı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddiasının cavabdehlər Balahüseyn və Püstə Əzimovlara qarşı təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən evin 1/3 hissəsi iddiaçının mülkiyyətindədir. Həmin ünvandakı evin qeyd olunan hissəsinə dair iddiaçının mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə iddiaçıya xx.xx.2015-ci il tarixdə RX seriyalı, ******* saylı “Reyestrdən çıxarış” verilmişdir. Hazırda da iddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatdadırlar. Lakin onun mülkiyyətində olan ev cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt olunduğundan, iddiaçı, evinə köçüb yaşaya bilmir. Göstərilənlərə əsasən cavabdehlər mübahisəli sahədən (1/3 hissəsindən) çıxarılmalı, sahə boşaldılaraq iddiaçı həmin sahəyə köçürülməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 valideynləri mübahisəli əmlakın 1/3 hissəsini 1975-ci ildə Tahirə Salmanovadan almışlar. Həmin tarixdən də onlar mübahisəli yaşayış sahəsində yaşayırlar. Cavabdeh3 həmin yaşayış sahəsində qeydiyyatdadır və onun istifadə hüququ var. Digər Cavabdeh4 Cavabdeh3 ilə nikaha girərək mübahisəli sahəyə gəlin köçmüşdür və o da qeydiyyata düşməklə onun istifadə hüququ yaranmışdır. Apellyasiya baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər. İddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, DƏDRX tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 1/3 hissəsi xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmışdır. İşdə olan sənədlərdən həmçinin müəyyən edilir ki, yaşayış sahəsinin digər payçıları Cavabdeh1, Cavabdeh2 və H.Əzimovdur (vəfat edib). Çıxarışda onların payı 2/3 hissə göstərilmişdir. Tərəflərin verdiyi izahatlardan və iş materiallarından məlum olur ki, cavabdehlər və əmlakın payçısı olan digər cavabdehlər (Cavabdeh2 və H.Əzimov) həmin yaşayış sahəsində yaşasalar da əmlakın paylara müvafiq naturada bölgüsü aparılmamışdır. İddiaçı xüsusi mülkiyyət hüququna əsaslanaraq cavabdehlərin ona aid hissədən çıxarılmasını və özünün ora köçürülməsini tələb edir. Mövcud mübahisənin həlli ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Məcəllənin 221-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddia əsassızdır. Belə ki, yaşayış sahəsinin paylara müvafiq naturada bölgüsü aparılmamış, iddiaçı öz payının fiziki bölgüsünü tələb etməmişdir. İş materiallarında yaşayış sahəsinin naturada bölgüsü ilə bağlı digər payçıların razılıq ərizələri və payların naturada ayrılması ilə bağlı təsdiq edilmiş bölgü-sxem mövcud deyil. İddiaçıya məxsus payın fiziki olaraq hansı hissədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığı üçün cavabdehlərin məhz iddiaçıya məxsus hissədə yaşamaları da öz təsdiqini tapmır. Yaşayış sahəsinin 1/3 hissəsinə iddiaçının mülkiyyət hüququ olsa da, cavabdehlərin çıxarılması və iddiaçının köçürülməsi tələb olunan hissənin naturada nədən ibarət olduğunu müəyyən etmədən hazırki tələb təmin oluna bilməz. İşə baxmış Rayon Məhkəməsi qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə almamış, əsassız iddianı təmin etmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə səhvdir, işin hallarına uyğun deyil; qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Qeyd edilənlər isə MPM-nin 385-ci maddəsinin tələbləri baxımından qətnamənin ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qətnamə apellyasiya şikayətində qeyd edilən əsasla deyil, başqa əsasla ləğv edildiyindən hesab edilməlidir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinin boşaldılması və mənzilə köçürmə tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar