Məhkəmə qərarları › İş №2(103)-6552/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6552/2024

11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6552/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6552/2024 (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4457/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş maddi zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən 2 ilə yaxın vaxt ərzində yubadılmışdır. Bu vaxt ərzində iddiaçı avtomobilindən istifadə edə bilməmiş, avtomobilini təmir etdirə bilməmiş, gündəlik işə gedib gəlməsi, müəyyən məişət ilə bağlı çətinliklərlə qarşılışmış, yol xərcləri artmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 2.000 manat pul və ödənilmiş 40 manat manat dövlət rüsumu olmaqla, cəmi 2.040 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi “VAZ21124” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi zərər vurulmuşdur. “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. Hadisə cavabdeh tərəfindən sığorta hadisəsi hesab edilmiş, lakin cavabdeh onun avtomobilinə dəymiş maddi zərəri əvvəlcə 250 manat, daha sonra 280 manat, 600 manat, sonuncu dəfə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən avtomobilə vurulmuş zərərin məbləği 695 manat müəyyən edilmişdir. O, məbləğlə razı olmamışdır. "xxxx" ASC-nin X1 X4 xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən ona məxsus avtomobilə dəymiş zərərin məbləği 1.010 manat müəyyən edilmişdir. Lakin cavabdeh bu məbləği ödəməkdən imtina etmişdir. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 3187/2024 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 1.010 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,10 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə çıxarılandan sonra cavabdeh 1010 manat vəsaiti onun hesabına ödəmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi barədə cavabdeh tərəfindən ədalətli maddi ziyanın ödənilməsi 2 ilə yaxın onun vaxtını almışdır. Bu iki il ərzində o, idarə etdiyi “VAZ-21124” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdirə bilməmiş və avtomobilindən faktiki olaraq istifadə edə bilməmişdir. Gündəlik işə gedib gəlməsi, müəyyən məişət ilə bağlı yol xərcləri artmış, 2 il ərzində ancaq taksi və avtobusdan istifadə etmişdir. Cavabdehin hadisədən sonra hərəkətləri, dayanmadan ekspertizaların təyin edilməsi, əsassız şəkildə vaxtı uzatması onun mənəvi sarsıntı, stres və əsəb gərginliyi keçirməsinə səbəb olmuşdur. Eyni zamanda bu dövr ərzində avtomobil işləmədiyinə görə digər nasazlıqları da yaranmışdır. Bundan əlavə hər dəfə hüquqşünasa müraciət edib cavabdehin qanunsuz hərəkətlərindən müxtəlif instansiyalara ərizə yazdırdıqda ən azı bir ərizə üçün 100 manat vəsait xərcləmiş, gözləmiş, taksi ilə uzun yol gedib-gəlmişdir. Hazırda hüquqi yardım əsnasında 5 ərizənin yazılmasına cəmi 500 manat pul xərcləmişdir. Bundan başqa himayəsində azyaşlı uşaqları var, ipoteka krediti ödəyir və bu şəraitdə iki ildir ki, cavabdehin hərəkətlərindən əziyyət çəkərək əlavə olaraq xərcləri çıxır. Cavabdehin bütün bu qanunsuz hərəkətləri nətisində ona mənəvi zərər dəymişdir. Dəymiş mənəvi zərərin əvəzini 2.000 manat dəyərləndirir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4457/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat pul və ödənilmiş 40 manat dövlət rüsumundan 30 manatı olmaqla, cəmi 1.030 manat pulun İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 21.1, 21.2, 21.3-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apelyasiya şikayətində göstərilmişdir ki, işin hallarından müəyyən edilir ki, iddianın əsasını Cavabdeh ASC tərəfindən 2 il ərzində iddiaçıya sığorta ödənişinin edilməməsi, bu müddət ərzində iddiaçının 2 il ərzində ancaq taksi və avtobusdan istifadə etməsi, cavabdehin hadisədən sonrakı hərəkətləri, dayanmadan ekspertizaların təyin edilməsi, əsassız şəkildə vaxtı uzatması nəticəsində iddiaçının mənəvi sarsıntı, stress və əsəb gərginliyi keçirmişdir. Buna münasibətdə qeyd edirlər ki, sığortaçı tərəfindən qiymətləndirmə qanunvericiliyə uyğun olaraq aparılmışdır. Sığortaçı sığortalı tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyi ilə sığortalının tələbi ilə razılaşmağa borclu deyil və qanunvericlikdə belə bir müddəa yoxdur. Ekspertizların təyin edilməsi barədə vəsatət verilməsi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci maddəsində təsbit edilmiş prosessual hüquq kimi nəzərdə tutulmuşdur, vəsatətin təmin edilibedilməməsi isə məhkəmənin səlahiyyətindədir. Şərh olunanlar onu deməyə əsas verir ki, cavabdehin hərəkətləri özünümüdafiə xarakteri daşımaqla qanuni olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənəvi ziyan tələbinə dair iddianın təmin edilə bilməsi üçün qarşı tərəfin hərəkətləri qanunsuz olmalıdır. Mülki qanunvericiliyə əsasən sığortaçının mütləq şəkildə sığorta məbləği ilə razılaşmalı olması deyə bir müddəa yoxdur. Həmin əsaslarla iddiaçının mənəvi ziyana uğraması və stress keçirməsi arasında səbəbli əlaqə yoxdur.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə cavabdeh tərəfindən sığorta hadisəsi hesab edilmiş, lakin cavabdeh onun avtomobilinə dəymiş maddi zərəri əvvəlcə 250 manat, daha sonra 280 manat, 600 manat, sonuncu dəfə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən avtomobilə vurulmuş zərərin məbləği 695 manat müəyyən edilmişdir. O, məbləğlə razı olmamış, məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdehin hadisədən sonra hərəkətləri, dayanmadan ekspertizaların təyin edilməsi, əsassız şəkildə vaxtı uzatması onun mənəvi sarsıntı, stres və əsəb gərginliyi keçirməsinə səbəb olmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

14. Maddə 1097. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı

15. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən və yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsi mübahisələndirildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın təmin olunan hissəsində dəyişdirilməlidir.

24. Kollegiya hesab edir ki, iddiaçıya mənəvi ziyanın dəyməsi faktı ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəəyə gəlsə də, həmin ziyanla bağlı müəyyən olunan məbləğ işin hallarına münasibətdə adekvat olmamışdır.

25. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı idarə etdiyi “VAZ-21124” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi zərər vurulmuşdur. “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır.

26. Cavabdeh "xxxx" ASC tərəfindən baş vermiş hadisə sığorta hadisəsi hesab edilsə də, iddiaçıya məxsus olan avtomobilə dəymiş maddi zərərin məbləği "xxxx" ASC-nin X1 X4 xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən 1.010 manat müəyyən edilsə də, cavabdeh əsassız olaraq zərərin məbləğini aşağı göstərmiş, yəni sonuncu dəfə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 695 manat maddi zərər dəyməsi qənaətinə gəlmişdir. İddiaçı 695 manat sığorta ödənişi ilə razılaşmamış və hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 3187/2024 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 1.010 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,10 manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə çıxarılandan sonra cavabdeh 1010 manat vəsaiti iddiaçının hesabına ödəmişdir.

28. Hazırki işin hallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş maddi zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən 2 ilə yaxın vaxt ərzində yubadılmışdır. Bu vaxt ərzində iddiaçı avtomobilindən istifadə edə bilməmiş, avtomobilini təmir etdirə bilməmiş, gündəlik işə gedib gəlməsi, müəyyən məişət ilə bağlı çətinliklərlə qarşılışmış, yol xərcləri artmışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmaqla, iddiaçının uzun müddət stres, həyacan, mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur.

29. Göstərilənlərə əsasən kollegiya cavabdehin iddianın rədd edilməli olmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək iddiaçıya ona dəymiş mənəvi zərərə görə müəyyən bir məbləğin ödənilməli olduğunu qeyd edir.

30. Lakin birinci instansiya məhkəməsinin cavabdehdən 1000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş maddi zərərin özü 1010 manat həcmində olmuş, cavabdeh isə həmin zərərin ödənilməsini gecikdirsə də, sonda həmin mübahisəyə baxan məhkəmə tərəfindən də iddiaçıya ödənilməli olan məbləğ barədə tələb tam şəkildə təmin edilmişdir. Bu zaman iddiaçıya dəymiş maddi zərərin özü 1010 manat olduğu halda, həmin zərərin ödənilməsinin gecikdirilməsinə görə də cavabdehdən 1000 manat məbləğində pulun tutulması ədalətli olmamaqla bərabər cavabdehin üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnəcəkdir.

31. Belə ki, mənəvi zərər - bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

32. Ümumiyyətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə ayrıayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransa və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Həmin normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

33. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.

34. Habelə təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.

35. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilri ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

36. Beləliklə, qeyd olunanlar konteksində kollegiya hesab edir ki, işin halları və qanunvericiliyin bu yöndə olan tələblərinə görə iddiaçıya dəymiş mənəvi ziyanın həcminin 500 manat həcmində müəyyən edilməsi daha ədalətli və ağlabatandır.

37. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-4457/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 500 manat həcmində pul tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 10 (on) manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənməli, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 5 (beş) manat olan hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, həmin rüsumların qalan hissəsi isə onu ödəyən şəxslərin özünə aid edilməlidir.

44. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4457/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 10 (on) manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 5 (beş) manat olan hissəsi İddiaçı alınaraq cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar