Məhkəmə qərarları › İş №2(103)-6559/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6559/2023

04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6559/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“subroqasiya qaydasında zərərin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3576/2023 saylı işi üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1589,8 manat məbləğində sığorta ödənişinin, 35,9 manat məbləğində dövlət rüsumunun və 0,4 xidmət haqqının, cəmi 1626,1 məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Yəni, iddiaçı hazırkı tələblə bağlı 10 ildən sonra məhkəmədə iddia qaldırmışdır. İddia müddətini tətbiq edib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3576/2023 saylı işi üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, ödənilmiş 35,9 manat məbləğində dövlət rüsumunun və 0,4 xidmət haqqının iddiçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 375.1, 375.2, 377.1, 922.1 , 926.1 , 936.1, 1096.1, 1097.1, 1108.1 , 1114.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1,107, 119.1, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh2 baş verən hadisəni törədən zaman qanuni əsaslarla avtomobili idarə etmişdir (qüvvədə olan etibarnamə əsasında), bu əsasdan subroqasiya hüququ Cavabdeh1 qarşı rədd edilməlidir.İddia müddəti ötürüldüyünə görə iddia Cavabdeh2 da qarşı rədd edilməlidir. İddiaçı sığorta şirkətinin subroqasiya hüququ xx.xx.2012-ci il tarixdə yaranmış, tərəflərində isə iddia ərizəsi xx.xx.2023-ci il tarixdə verilmişdir, yəni 10 il 5 ay sonra. Qeyd edildiyi kimi, cavabdeh iddia müddətinin tədbiq edilməsi barədə ərizə vermişdir. 3.İşin icraatı zamanı müəyyən edilmişdir: - AA seriyalı 720754 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, **-OZ-*** dövlət nömrə nişanlı "İj 2717-230 yük" markalı avtomobilin qanuni sahibi Cavabdeh1 olmuşdur; - MİB-SU-0023/07 №-li sığorta şəhadətnaməsinə əsasən, "Subaru İmpreza" markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də X4 tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "avtokasko" sığorta növü üzrə sığortalanmış, sığorta dəyəri 7744,11 manat, azadolma məbləği 700 manat müəyyən olunmuşdur; - xx.xx.2012-ci il tarixli 363/2012 №-li sığorta aktına əsasən 700 manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra ödənilməli olan sığorta ödənişinin məbləği 1589,8 manat müəyyən edilmişdir; - Sumqayıt şəhər DYPS-nin xx.xx.2012-ci il tarixli qərarına əsasən, Cavabdeh2 baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində AR İXM-nin 151.5-ci maddəsi təqsirli bilinmişdir (iş səh. 9-10, 11, 19-20, 61). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-3576/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 60 və 71-ci maddələrinə; “Məhkəmə və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, İHAM-ın "Delkart Belçikayı qarşı" iş üzrə 1970-ci il 17 yanvar tarixli və "Piersack Belçikaya qarşı" iş üzrə 1982-ci il 1 oktyabr tarixli qərarlarına, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6 və 13; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəllənin 372, 380; Mülki Prosessual Məcəllənin 4.1-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsi ilk dəfə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sübutları iddia ərizəsinə əlavə etməməsini əsas götürərək AR MPM-in 149-cu və 152-ci maddələrinə istinad etməklə iddia ərizəsini geri qaytarmışdır. Halbuki, AR MPM-in 149-cu maddəsi onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısının iddia ərizəsində göstərilməli olduğunu təsbit edir və tələbin əsaslandırdığı hallara dair sübutların təqdim edilməməsi iddia ərizəsini geri qaytarılması üçün əsas deyil. Tərəflərindən xx.xx.2023-cü il tarixdə verilmiş iddia ərizəsi də həmin qaydada verildiyi halda, məhkəmə bu dəfə iddia ərizəsini icraata qəbul etmişdir. Başqa sözlə, işdən müəyyən olunur ki, məhkəmə heç bir əsas olmadan birinci dəfə iddia ərizəsini əsassız olaraq geri qaytarmaqla iddiaçının hüquqlarını pozmuş, bundan sonra həmin qaydada verilmiş iddia ərizəsini icraata qəbul etmişdir. Bununla yanaşı, məhkəmə AR Mülki Məcəlləsinin 372-ci maddəsinə istinad edərək, iddia müddətinin ötürülməsi qənaətinə gələrkən, həmin Məcəllənin 380-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, AR Mülki Məcəlləsinin 380-ci maddəsinin tələblərinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Hazırkı halda da tərəflərindən xx.xx.2022-ci il tarixdə iddia irəli sürüldüyü üçün həmin tarixdən iddia müddətinin axımı kəsilməli və həmin tarixdən ümumi iddia müddəti yenidən hesablanmalıdır. Birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 380-ci maddəsinin tələblərini nəzərə almamaqla əsassız olaraq iddia müddətinin ötürüldüyü qənaətinə gəlmiş və iddia müddətinin ötürülməməsinə dair faktiki halları araşdırmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hal- iddiaçı "Bakı Sığorta” ASC tərəfindən iddia müddətinin ötürülməsi işdə olan sübutlarla öz təsdiqini tapmır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə-proses iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixili iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, birinci dəfə iddia tələbi ilə 24 oktyabr 2022-ci ilin tarixində məhkəməyə müraciət etdiklərini, həmin dövrdə iddia müddətini ötürmədiklərini, birinci dəfə iddia ərizələrinin tələbin əsaslarına dair sübutlar ərizəyə əlavə edilmədiyindən geri qaytarıldığını, yenidən eyni qaydada ikinci iddia tələbi ilə məhkəməyə müraciət etdiklərini və bu dəfə iddia ərizəsinin icraata qəbul olunduğunu bildirmiş, Mülki Məcəllənin 380-cı maddəsinə istinadən, xx.xx.2022-ci il tarixində ilk dəfə iddia tələbi ilə məhkəməyə müraciət etdikləri üçün iddia müddətinin axımı kəsilməli və ümümi idda müddətinin yenidən hesablanmalı olduğunu qeyd etməklə, birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərini pozduğundan qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 avtomobili Cavabdeh2 etibarnamə əsasında satdığını, iddia tələbinin ona hər hansı bir aidiyyatının olmadığını bildirmişdir. 7.Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 377. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. 380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 10.Kollegiya diqqətə çatdırır ki, iddiaçının dəlilləri iddianın vaxtında verilməsi və ona görə həmin vaxtdan müddətin kəsilməsi olmuşdur. Lakin mülki qanunvericilik norması müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsini ehtiva etdiyi halda, adı çəkilən iddianın məhkəmə tərəfindən qaytarılması bu müəyyənləşdirilmiş qaydaya riayət edilmədiyi, bununla da iddiaçının istinad etdiyi normanın dispozitiv şərtini yaratmadığı müəyyən edilir. Ona görə mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. 11.Kollegiya diqqətə çatdırır ki,mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır 12.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3576/2023 saylı işi üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar