Məhkəmə qərarları › İş №2(103)-6562/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6562/2023

13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6562/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-6562/23 (Açar sözlər: alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2964/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2011-ci il tarixində rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2012-ci il tarixli X5 doğulmuşdur.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)- 2797/2015 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşağın ananın yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq İddiaçı 120 manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün 50 manat məbləğində pulun tutularaq X1 verilməsi qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3738/2022 nömrəli qətnaməsi ilə aliment məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaitinin İddiaçı tutularaq X1 ödənilməsi, iddia tələbinin müalicə xərclərinin artırılaraq 100 manat müəyyən edilməsi hissəsində rədd edilməsi qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2011-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il tarixli X5 adında övladları anadan olmuşdur. Xarakterlərinin müxtəlifliyinə görə cavabdehlə aralarında mütəmadi olaraq söz-söhbətlər düşmüş və münasibətləri pisləşmiş, sonda isə ailə münasibətləri kəskin pisləşmişdir. Ailənin bərpa olunmasına səy göstərsə də, bunların müsbət nəticəsi olmamış və bu səbəbdən boşanmaq qərarına gəlmişdir. Bu məqsədlə 2015-ci il tarixində “nikahın pozulması” tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, sonradan Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın nikah pozulduqdan sonra anasının yanında saxlanılmasını və ondan uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay stabil olaraq 200 manat və müalicəsi üçün isə 200 manat miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)- 2797/2015 saylı qətnaməsinə əsasən nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, nikahın pozulmasından sonra yetkinlik yaşma çatmamış uşağın anasının yanında qalması, usağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq ondan 120 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün isə 50 manat məbləğində pulun tutularaq X1 verilməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh ona qarşı "aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-2797/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manat aliment məbləğinin və 50 manat müalicə xərclərinin dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki aliment məbləği hər ay 200 manat sabit pul məbləğində, müalicə xərcləri isə 100 manat olmaqla cavabdeh İddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3738/2022 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2797/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tutulan hər ay 120 manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı X3ma ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. “Alimentin azaldılması” tələbi ilə əlaqədar olaraq Mediasiya Şurasına müraciət etmişdir. Cavabdehin “ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00326 saylı arayış verilmişdir. Onun maddi vəziyyəti çox ağırdır, belə ki, heç bir yerdə işləmir, xəstə, eləcə də İİ qrup əlil olan anasının saxlanılması onun üzərindədir. Bu səbəbdən maddi vəziyyəti ağır olduğundan uşağın müalicəsi üçün ödənilməli olan 50 manat pulu ödəməkdə olduqca çətinlik çəkir. Nəzərə alınsa ki, hər il sabit pul məbləğində tutulmalı olan alimentin məbləği artır bu gələcəkdə vəziyyətini daha da çətinə salacaqdır. Bundan başqa, iddiaçı cavabdehlə 2015-ci ildən rəsmi boşanmışdır. xx.xx.2015-ci il tarixdən başlayaraq isə həm 120 manat sabit pul məbləğində aliment, həm də uşağın müalicəsi üçün 50 manat məbləğində əlavə xərc ödəyir. Düzdü, bu məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur və bu mübahisə olunmazdır. Lakin, hal-hazırda mübahisəyə açıq olan bəzi məqamlar vardır. Belə ki, 8 ildir ki, onun tərəfindən uşağın müalicəsi üçün əlavə xərclər ödənilir. Hal-hazırda isə uşağın nevroloji xəstəliyinin olubolmaması və ya varsa xəstəliyin hansı vəziyyətdə olması, uşağa xəstəlikləri bağlı müalicənin mütəmadi və yaxud müəyyən aralıqlarla aparılmalı olduğunu, uşağın sağlamlıq vəziyyətinin dəqiq müəyyənləşdirilməkdən ötrü həkim müayinəsindən keçirilməli olması zərurəti vardır. Hesab edir ki, onun qızı yatalaq xəstəsi deyildir və 8 il ərzində onun müalicəsi aradan qaldırılmadı idi. Bu səbəbdən, işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətili məqamlar aradan qaldırılmalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-2797/2015 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək müalicəsi üçün müəyyən edilmiş 50 manat məbləğində pulun ödənilməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-2797/2015 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək müalicəsi üçün müəyyən edilmiş 50 manat məbləğində pulun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 2964/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, iddiaçı bir valideyn kimi övladını maddi cəhətdən təmin etməyə borcludur.

8. Məhkəmə hesab etmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi hal-hazırda birgə nikahdan doğulmuş uşağın müalicəyə ehtiyacı olduğundan, bunun üçün də pul vəsaiti xərcləndiyindən iddiaçının nəinki həmin pul vəsaitinin ödənilməsində, hətta müayinə və müalicələrin aparılmasında bir valideyn kimi iştirak etmək vəzifəsi vardır. Odur ki, iddiaçı tərəfindən ondan müalicə xərci kimi 50 manat məbləğində pulun tutulmasının ləğv edilməsi tələbi əsassızdır və təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34cü maddələrnə, Ailə Məcəlləsinin 29.1, 29.2, 56.1, 75.1, 75.4, 81.1, 112-ci maddələrinə, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Qanunun 13, 19-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 8 ildir ki, onun tərəfindən uşağın müalicəsi üçün əlavə xərclər ödənilir. Hal-hazırda isə uşağın nevroloji xəstəliyinin olub-olmaması və ya varsa, xəstəliyin hansı vəziyyətdə olması, uşağa xəstəliklə bağlı müalicənin mütəmadi və yaxud müəyyən aralıqlarla aparılmalı olduğunun müəyyənləşdirilməsi, uşağın sağlamlıq vəziyyətinin dəqiq müəyyənləşdirilməkdən ötrü həkim müayinəsindən keçirilməli olması zərurəti vardır. Belə ki, mübahisələndirilən hissənin hüquqi əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən valideyn alimentdən əlavə, uşağın saxlanılması üçün yaranan əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Lakin bunun üçün əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmalıdır. Maddənin dispozisiyasında belə müstəsna halların bir qismi sadalanmışdır: uşağın ağır xəstəliyi, şikəstliyi, uşağa kənar xidmətin göstərilməsi zəruriliyi. Eyni zamanda, qanunla digər hallarda da valideynin əlavə xərclərin ödənilməsinə cəlb edilməsi imkanı müəyyən olunmuşdur. Bu səbəbdən uşağın ümumi xəstəliyi halında da uşağı yanında saxlayan valideyn digər valideyndən bu xəstəliyin müalicəsi üçün yaranan xərclərdə iştirakını tələb edə bilər. Lakin həmin tələbin təmini üçün uşağın xəstə olması, xəstəliyi ilə əlaqədar əlavə xərclərin yaranması və Ailə Məcəlləsinin 81.3-cü maddəsinə uyğun gələcək üçün də bu tələb irəli sürüldüyü halda, xərclərin gələcəkdə də çəkilməsinin zəruriliyi sübut olunmalıdır. Hesab edir ki, onun qızı yatalaq xəstəsi deyildir və 8 il ərzində onun müalicəsi aradan qaldırılmadı idi. Məhkəmənin heç bir sübut əldə etmədən, uşağın barəsində xəstəliyi ilə bağlı həkim ekspert komissiyası təşkil etmədən bu qənaətə gəlməsi özü özlüyündə hüquqların pozulmasına bir işarədir. Məhkəmənin qətnaməsində qeyd olunmuşdur ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7 xx.xx.2022-ci il tarixli, 5886 №-li tibbi sənəddən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə müayinədə olmuş və ona yüngül koqnitiv pozuntusu F06.7 diaqnozu qoyulmuş, nevroloji şikayətlərinə görə ixtisaslaşmış müəssisədə ətraflı müayinə və müalicə tövsiyə olunmuşdur. Məhkəməyə cavabdeh tərəfindən yuxarıda qeyd edilən sənəddən savayı xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarış, xx.xx.2023cü il tarixli tövsiyyə vərəqəsi, xx.xx.2023-cü il tarixli resept blankı, xx.xx.2023-cü il tarixli eynək üçün resept və tarixsiz resept blankı təqdim edilmişdir. Lakin, cavabdeh tərəfindən uşağın müalicə olunması və həmin müalicəyə çəkilən xərclə bağlı heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə isə öz növbəsində cavabdehin təqdim etdiyi tibbi sənədə və digər reseptlərə əsasən X2 psixi pozuntusu olduğu qənaətinə gəlmiş və iddanı təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34, hissə İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırki işdə iddia təmin edilmədiyindən və apellyasiya şilkayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7 xx.xx.2022-ci il tarixli, 5886№-li tibbi sənəddən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə müayinədə olmuş və ona yüngül koqnitiv pozuntusu F06.7 diaqnozu qoyulmuş, nevroloji şikayətlərinə görə ixtisaslaşmış müəssisədə ətraflı müayinə və müalicə tövsiyə olunmuşdur.

23. İşdə olan 2023-cü ilin müxtəlif aylarında verilmiş tövsiyyə vərəqələrindən və həkim-nevropatoloq tərəfindən tərtib edilmiş resept blankından görünür ki, uşağın müalicəsi üçün müxtəlif adlarda dərman vasitələri təyin edilmişdir.

24. Qeyd olunan sənədlər onu deməyə əsas verir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın müalicəyə ehtiyacı aradan qalxmamışdır. Belə olan vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uşağın müalicəsi üçün ödənilməli olan məbləğdən azad edilməsi uşağın üstün maraqlarının təminatı baxımından yolverilməzdir.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

26. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2964/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar