Məhkəmə qərarları › İş №2(103)-6565/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6565/2023

13.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6565/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(006)-2795/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh BOKT ASC ilə kredit alan X6 və zamin İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən kredit alana 24 ay müddətinə 28 faiz dərəcəsi ilə 1810 ABŞ dolları məbləğində borcun verilməsi nəzərdə tutulmuşdur. 2.Zamin İddiaçı məhkəməyə müraciət edərək əsas borclunun ölməsi və zaminlik müqaviləsinin müddətinin başa çatmasını bildirərək zaminliyə xitam verilməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə X6 arasında bağlanmış 1810 ABŞ dolları məbləğində kreditin illik faizlə 24 ay müddətinə verilməsinə dair xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/474091 nömrəli kredit müqaviləsi üzrə kredit (borc) alan X2 öhdəliyinə Cavabdeh Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli PB/0xx/xx/474099 nömrəli zaminlik müqaviləsi onun öhdəliyinə kredit (borc) alan X2 vəfat etməsi və pul tələbinə dair iddia müddətinin üzrlü səbəb olmadan ötürülməsi əsası ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan X6 Cavabdeh Bank Olmayan Kredit X7 Cəmiyyətinin Bərdə filialından xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/474091 nömrəli kredit müqaviləsinə əsasən illik 28 faizlə 24 ay müddətinə 1810 ABŞ dolları kredit (borc) almışdır. Kreditin (borcun) təminatı olaraq Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC və onunla xx.xx.2015-ci il tarixli PB/0xx/xx/474090 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. X6 götürdüyü krediti ağır xəstəliklərdən müalicəsinə sərf etmiş, buna baxmayaraq xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Beləliklə də kredit götürən (borc alan) X6 müqavilə şərtlərinə sağlığında onun risk dairəsinə daxil olmayan üzrlü səbəblərdən, yəni ağır xəstəliyə tutulması, xəstəliyi ilə əlaqədar işləyib qazanc əldə etmək imkanından məhrum olması səbəbindən əməl edə bilməmişdir. X2 vəfat etməsi barəsində Cavabdeh Bank Omayan Kredit Təşkilatı ASC vaxtında xəbərar olmuşdur. Buna baxmayaraq cavabdeh xx.xx.2015-ci il tarixli PB/0xx/xx/474091 nömrəli müqavilə üzrə X4 öhdəliyinə nə onun ölməsi əsası, nə də pul tələbinə dair mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətinin üzürlü səbəb olmadan buraxılması əsası ilə Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsi ilə indiyədək xitam verməmişdir. Hesab etmişdir ki, cavabdeh onunla bağlanmış xx.xx.2015-ci il tarixli, 10xx/xx/474090 nömrəli zaminlik müqaviləsi üzrə onun öhdəliyinə də kredit götürən borcalan X2 ölməsi və pul tələbinə dair mülki qanunvericiliklə müəyyənləşdirilmiş 3 illik iddia müddətinin üzürlü səbəb olmadan buraxılması əsası ilə xitam verməli olduğu halda, bunları etmir. Halbuki, xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/474090 nömrəli zaminlik müqaviləsində kredit götürən (borc alan) X2 vəfat edəcəyi təqdirdə, kredit borcunun onun tərəfindən ödənilməli olması barədə öhdəliyi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin zaminlik müqaviləsinə əsasən onun zaminliyinin müddəti 24 ay müəyyənləşdirilməklə xx.xx.2017-ci il tarixdə başa çatmışdır, yəni təxminən 6 il bundan əvvəl başa çatmışdır. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 25 avqust 2023-cü il tarixli, 2(006)-2795/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Nail Abbasov) iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmidir. 6.Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, Cavabdeh BOKT ASC-nin cavabdehlər X5 və İddiaçı qarşı borcun və xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. 7.Kredit verən Cavabdeh BOKT ASC ilə kredit alan X6 və zamin İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə kredit alana 24 ay müddətinə 28 faiz dərəcəsi ilə 1810 ABŞ dolları məbləğində borcun verilməsi haqqında bağlanmışdır. 8.Cavabdeh BOKT ASC ilə kredit alan X6 və zamin İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqavilə zaminin X2 Cavabdeh BOKT ASC qarşısında olan öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi haqqında bağlanmışdır. 9.xx.xx.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə ölmüşdür. 10.Məhkəmə qeyd etmişdir ki, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir birgə məsuliyyət və subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Zaminliyin xitamı əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 11.Məhkəmə əlavə etmişdir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. 12.Məhkəmə iddiaçının zaminlik müqaviləsi üzrə öhdəliyinə müddətin keçməsi səbəbindən xitam verilməli olmasına dair dəlillərinə qarşı qeyd etmişdir ki, kredit verən Cavabdeh BOKT ASC kredit alan və zaminə qarşı borcun ödənilməsinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş lakin iddia ərizəsi baxılmamış saxlanmışdır. O cümlədən, zaminlik müqviləsinin 5.2-ci maddəsinə əsasən müqavilənin hər hansı şərtinin (şərtlərinin) qəsdlə və ya ehtiyatsızlıqdan pozulması tərəfləri və üçüncü aidiyyatı şəxsləri öhdəliyin icrasından azad etmir bəndi razılaşdırılmışdır. 13.Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 472.1, 472.2, 477: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına:Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, əsas borclu Yusif Qədimov vəfat etməmiş belə olsaydı, Cavabdeh BOKT ASC (kreditor) xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti olan 24 ayın başa çatdığı gündən– xx.xx.2017-ci il tarixindən sonrakı 1 il ərzində, yəni xx.xx.2018-ci il tarixədək ona-Həslənli Səlimə qarşı iddia tələbi irəli sürülə bilərdi, lakin bunu etməmişdir. Belə olan halda Nəsimi Rayon Məhkəməsi MM-nin 477-ci maddəsini tətbiq etməklə, iddia tələbini təmin etməli olduğu halda bunu etməmişdir. Həm əsas borclu Yusif Qədimovla, həm də zamin kimi onunla Cavabdeh BOKT ASC arasında bağlanmış müqavilələrin son icra müddəti xx.xx.2017-ci ilin tarixidir və həmin vaxtdan ötən təxminən 6 ildə cavabdeh kredit borcunun ödənilməsini nə mərhum Yusif Qədimovun qanun üzrə vərəsələrindən, nə də zamin kimi ondan tələb etməmiş, buna heç bir təşəbbüs göstərməmişdir, indi də göstərmir. Belə olan halda, məhkəmənin Cavabdeh BOKT ASC-nin mövqeyindən, həm də mülki qanunvericiliyin əsas borclunun ölməsi halında pul tələbinə dair məsələləri iddia müddətini tənzimləyən norma və prinsiplərini pozmaqla çıxış etməsini iddiaçı tərəf kimi onun hüquqlarının pozulması hesab edir. Pul tələbinə dair iddianın müddəti 3 il müəyyənləşdirilmişdir və bu müddətin buraxılması səbəblərini yalnız iddiaçı-kreditorun ərizəsinə əsasən məhkəmə üzürlü hesab edə bilər. Hazırkı işdə isə iddiaçı borc verən (kreditor) Cavabdeh BOKT ASC deyildir, əksinə vəfat etmiş əsas borclunun zamini kimi İddiaçıdir. Belə olan halda isə onun iddia müddətinin buraxılmasını üzürlü hesab etmək barədə məhkəməyə müraciəti qeyri-mümkündür, yalnız iddiaçı Cavabdeh BOKT ASC olardısa, məsələni Səlim məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edə bilərdi. Təəssüf ki, Nəsimi Rayon Məhkəməsi mülki qanunvericiliyin bu normalarını qətiyyən nəzərə almamış və onları tətbiq etməmişdir. İddiaçı tərəf olaraq məhkəməyə onun tərəfindən iddia tələbini əsaslandıran kifayət qədər sübutlar–xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələrinin surətləri, əsas borclu Yusif Qədimovun ölüm haqqında Şəhadətnaməsinin surəti, onun ölümü haqqında arayış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-25/2020 nömrəli qərardadının surəti təqdim edilmişdir. Cavabdeh tərəfindən isə məhkəməyə iddia tələbinə qarşı etirazlarını əsaslandıra biləcək hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sübutlarla əsas borclunun ölməsi və cavabdeh tərəfindən ona qarşı iddia tələbi irəli sürə bilmək üçün bütün prosessual müddətlərin üzürlü səbəb olmadan buraxılması tam əksini tapır. Təəssüf ki, məhkəmə bu sübutlarımı heçə saymışdır. Məhkəmə sübutların qiymətləndirilməsində də qərəzliliyə yol verərək qanunsuz olaraq “iddia müddətinin ötürülməsi öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir” nəticəsinə gəlmişdir. Hesab edir ki, bu məhkəmə hakiminin sübutlara məhkəmə adına deyil, subyektiv qanunsuz yanaşmasının nəticəsidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

18.İş üzrə tələflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 19.Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 20.Maddə 372.2.Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 21.Maddə 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 22.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 24.Maddə 477.0. 477.0.4. Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 27.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 31.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, zamin olan iddiaçı əsas borclunun ölümü səbəbi və müddətin keçməsi ilə bağlı zaminlik müqaviləsi üzrə öhdəliyə xitam verilməsini xahiş etmişdir. 32.Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 33.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 34.İddiaçı iddianın təmin edilməsinin əsası kimi əsas borclunun vəfat etməsi və iddia müddətinin keçməsini qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddianın hüquqi əsasını məhkəmə müəyyən edir. 35.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: -kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. -iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; -iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; -iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; -iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda bir başa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. 36.Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulubpozulmamasından asılı olmayaraq ona xitam verir. 37.Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdəndə cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdəndə məhkəmənin öz təşəbbüsü ilə (exofficio) tətbiq edilir). 38.Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməsi əsaslarınından biri kimi göstərilmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 39.Kollegiya hesab edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd olunan müddət hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün nəzərdə tutulmuş iddia müddəti deyil, zaminliyə xitam verilməsini nəzərdə tutan kəsici müddət olduğundan iddiaçı zaminliyə xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. 40.Buna görə də kollegiya hesab edir ki, məhkəmə tərəfindən iddia rədd edilərkən qətnamə maddi hüquq normasının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. 41.Belə ki, işin araşdırılmış hallarına və qanunvericiliyin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki,Cavabdeh BOKT ASC (kreditor) xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti olan 24 ayın başa çatdığı gündən–xx.xx.2017-ci il tarixindən sonrakı 1 il ərzində, yəni xx.xx.2018-ci il tarixədək zaminə qarşı iddia tələbi ilə müraciət etmədiyindən Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsasını nəzərdə tutuan 477.0.4-cü maddəsində göstərilmiş dispozisya şərtləri hazırki iddianın faktiki əsasları ilə uzlaşmaqla, iddia tələbi əsaslı hesab edilərək təmin edilməldir. 42.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(006)-2795/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, Cavabdeh BOKT ASC ilə zamin İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/474099 saylı zaminlik müqaviləsi üzrə öhdəliyinə xitam verilməlidir. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(006)-2795/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh BOKT ASC ilə zamin İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/474099 saylı zaminlik müqaviləsi üzrə öhdəliyinə xitam verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar