Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6575/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-5650/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iki uşağın – xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat aliment cavabdehdən (atadan) tutularaq iddiaçıya (anaya) verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin uşaqların saxlanması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat aliment cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində qətnamənin yalnız alimentin miqdarına aid hissəsi mübahisələndirilib və tələb olunub ki, alimentin miqdarı hər uşaq üçün 175 manat, cəmi 350 manat müəyyən edilsin. Apellyasiya şikayət onunla əsaslandırılıb ki, cavabdeh hər ay 700 manat əmək haqqı alır, həmin məbləğin 350 manatı nikah dövründə bankdan götürülmüş kreditə görə məhkəmə qətnaməsinə əsasən tutulur, qalan 350 manatla hər ay 470 manat aliment ödənilməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamə alimentin miqdarına aid hissədə mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Belə ki, qətnamə ilə 470 manat aliment tutulması qət edilib, cavabdeh alimentin miqdarının 350 manat müəyyən edilməsini tələb edir, bununla da alimentin 120 manata aid hissəsini (470 manat - 350 manat = 120 manat) mübahisələndirir. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Birinci instansiya məhkəməsi düzgün olaraq alimentin miqdarını hər uşaq üçün 235 manat, iki uşaq üçün 470 manat müəyyən edib. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilib. Cavabdehin əmək haqının məbləğinin az olması və banka kredit borcunun olması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Cavabdeh əmək qabiliyyətlidir, münasib qazanc əldə etmək, hər ay 470 manat aliment ödəmək iqtidarındadır. Sabit pul məbləğində tutulan alimentin miqdarının müəyyən edilməsində istifadə olunan amillər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində müəyyən olunub: 1) tərəflərin maddi vəziyyəti; 2) tərəflərin ailə vəziyyəti; 3) diqqətəlayiq olan digər hallar. Alimentin miqdarının hər uşaq üçün 235 manat, iki uşaq üçün cəmi 470 manat müəyyən edilməsi həmin maddənin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 5650/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6575/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6575/2024
06.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver