Məhkəmə qərarları › İş №2(103)-6580/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6580/2022

21.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6580/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(009)-486/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-486/2022 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh Mixayil oğlundan 2901,15 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh Mixayil oğlu apellyasiya şikayəti vermiş, eləcə də, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, qətnamə onun ünvanına göndərilmiş və onun anası tərəfindən qəbul edilmişdir. Lakin anası yaşlı qadın olduğundan qətnaməni atmış və ona bu barədə heç nə bildirməmişdir. Daha sonra onun qətnamədən məlumatı olmuş və xx.xx.2022-ci il tarixdə qətnamənin ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra xx.xx.2022ci il tarixdə qətnamə ona rəsmi qaydada verilmişdir. Ona görə də, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(009)-486/2022 saylı qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-486/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh Mixayil oğlunun ərizəsi təmin edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək, Sabail Rayon Məhkəməsinin 16 iyun 2022-il tarixli, 2(009)- 486/2022 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, cavabdeh öz ərizəsində etiraf edir ki , məhkəmə qətnaməsi onun anasına çatdırılmışdır və anası qətnaməni qəbul etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, qətnamənin anası tərəfindən atılması, qətnamənin ana tərəfindən oğluna təqdim edilməməsinə dair Cavabdeh Mixail oğlu heç bir sübut təqdim etməmişdir . Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(009)-486/2022 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5 maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1 maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, cavabdehin ailə üzvü tərəfindən (cavabdehin özünün qeyd etdiyi kimi anası tərəfindən) qətnamə xx.xx.2022-ci il tarixdə sifarişli poçt qəbzini imzalamaqla alınmışdır. Cavabdeh xx.xx.2022-ci ildə məhkəməyə müraciət edərək, qətnaməni qəbul edən anası yaşlı qadın olduğu üçün qətnamənin ona verilməməsi səbəbindən qətnamənin yenidən ona verilməsini xahiş etmiş, qətnamənin surəti 19 may 2022-ci ildə ona təqdim olunmuş, apellyasiya şikayəti 02 iyun 2022-ci ildə verilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh qətnamədən apellyasiya şikayətinin vaxtında verilməməsinin üzürlü səbəbləri haqqında sübutlar təqdim etmədiyi halda, birinci instansiya məhkəməsi müddəti bərpa etmişdir. Qətnamənin cavabdeh tərəfindən yenidən 19 may 2022-ci il tarixdə alınması, müddətin bərpası üçün əsas hesab oluna bilməz. Kollegiya hesab edir ki, cavabdeh tərəf qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən, bununla bağlı sübutlar təqdim etmədiyindən, qərardad ləğv olunmalı, müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(009)- 486/2022 saylı qərardadı ləğv edilsin. Müddətin bərpası barədə Cavabdeh Mixayil oğlu tərəfindən verilmiş ərizə təmin edilməsin Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar