Məhkəmə qərarları › İş №2(103)-6583/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6583/2021

17.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6583/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1804/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, 20 mart 2007-ci il təvəllüdlü X2 və 04 noyabr 2010-cu il təvəllüdlü X1 üçün, onların yetkinlik yaşına çatana kimi hər ay əmək haqqından 1/3 hissəsi miqdarda xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olmuş, nikahlarından 20 mart 2007-ci il təvəllüdlü X5 və 04 noyabr 2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Həyat yoldaşı ilə dörd aydır ki, birgə yaşamır və birgə təsərrüfat aparmırlar. Uşaqları onunla kirayədə yaşayır və o, onları tək saxlayır, cavabdeh isə heç bir maddi kömək göstərmir. Asəf Zeynallı adına musiqi məktəbində fortepiano müəlliməsi işləyir, 500 manat maaş alır və 300 manat kirayə haqqı ödəyir. Cavabdehin iki yerdə daimi iş yeri və stabil qazancı vardır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrində və Maştağa qəsəbəsində yerləşən 10 nömrəli musiqi məktəbində çalışır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1804/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 20 mart 2007-ci il təvəllüdlü X2 və 04 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 mart 2021-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin İddiaçı xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1804/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə qismən razı deyil. O, məhkəmə baxışı zamanı övladlarıma aliment ödəməyə hazır olduğumu və aldığım əmək haqqının stabil olmadığını nəzərə alaraq alimentin hər bir uşağa görə 175 manat sabit pul məbləğində olmaqla, cəmi 350 manat miqdarında təyin edilməsini xahiş etmidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, o, 12.10.2020-ci 12.04.2021-ci il tarixləri ərzində 14.10.2020-ci il tarixdə 750,13 manat, 02.11.2020-c il tarixdə 668,78 manat, 30.11.2020-ci il tarixdə 668,78 manat, 23.12.2020-ci il tarixdə 668,78 manat, 03.02.2021-ci il tarixdə 652,86 manat, 01.03.2021-ci il tarixdə 652,86 manat, 15.03.2021-ci il tarixdə 30 manat, 02.04.2021-ci il tarixdə 652,86 manat, 12.04.2021-ci il tarixdə 6,15 manat məbləğində əmək haqqı əldə etmişəm. Bu da onu göstərir ki, onun aylıq qazancı stabil deyil, həmçinin işlədiyi iş yerlərinin biri əsas olmaqla, digəri əlavə iş yeridir. Bu isə onu göstərir ki, gələcəkdə onun iş saatlarının azaldılması uşaqlarının mənafeyinə pis təsir göstərəcəkdir. Ona görə də o, iddiaçının da işləyərək əmək haqqı almasını nəzərə alaraq uşaqlarının saxlanılması üçün stabil pul məbləğinin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı iddia ərizəsində özünün əmək fəaliyyəti və qazancı barədə məlumat verməsə də, məhkəmə baxışı zamanı məlum olmuşdur ki, o, Asəf Zeynallı adna musiqi məktəbində fortepiano müəllimi işləyir və onun aylıq qazancı 500 manatdan çoxdur. Lakin, birinci instansiya məhkəməsi qətnamənin təsviri-əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 78.2-ci maddələrinə istinad etsə də, məhkəmə həmin Məcəllənin 76.2-ci maddəsinin tələblərini nəzərə almamış, düzgün hüquqi mövqeyi əks etdirməmiş və qismən əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü və iddiaçının da stabil gəlirlərinin olmasını, həmçinin onun ailə vəziyyətini və diqqətəlayiq digər halları nəzərə almamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1804/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və 20 mart 2007-ci il təvəllüdlü X2 və 04 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanması üçün 15 mart 2021-ci il tarixdən başlayaraq hər bir uşağa 175 manat olmaqla, hər ay cəmi 350 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və İddiaçı gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq arvadı ilə barışdığını və iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirsədə bu barədə rəsmi sənəd təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı və Cavabdeh iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Bakı şəhəri Nizami rayon X4 Dövlət Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 aprel 2007-ci il tarixli, AZ-İ № 8984 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 20 mart 2007ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş matеriallarında olan, Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 dekabr 2010-cu il tarixli, AZ-İİ № 555340 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 04 noyabr 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təlim və Tədris Mərkəzindən verilmiş 07.04.2021-ci il tarixli, 760 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh aylıq əmək haqqı 807,64 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Baş İdarəsi 2 nömrəli Maliyyə və X7 08 saylı, 26.022021-ci il tarixli məktubundan görünür ki, 10 X10 Məktəbində klarnet ixtisası üzrə müəllim vəzifəsində işləyən Cavabdeh əmək haqqısı 780 manatdır. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, Cavabdeh 12.10.2020-ci 12.04.2021-ci il tarixləri ərzində 14.10.2020-ci il tarixdə 750.13 manat, 02.11.2020-c il tarixdə 668.78 manat, 30.11.2020-ci il tarixdə 668.78 manat, 23.12.2020-ci il tarixdə 668.78 manat, 03.02.2021-ci il tarixdə 652.86 manat, 01.03.2021-ci il tarixdə 652.86 manat, 15.03.2021-ci il tarixdə 30 manat, 02.04.2021-ci il tarixdə 652.86 manat, 12.04.2021-ci il tarixdə 6.15 manat məbləğində əməmk haqqı əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, Cavabdeh apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi, onun aylıq qazancının stabil olmaması, işlədiyi iş yerlərinin biri əsas olmaqla, digərinin əlavə iş yeri olması, gələcəkdə onun iş saatlarının azaldılmasının uşaqlarının mənafeyinə pis təsir göstərəcəyi, iddiaçının da işləyərək əmək haqqı almasını nəzərə alıb uşaqların saxlanılması üçün stabit pul məbləğinin müəyyən edilməli olduğu barədə dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1804/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1804/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar