Məhkəmə qərarları › İş №2(103)-6586/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6586/2021

07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6586/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(006)-2953/21 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.03.2015-ci il təvəllüdlü X1 və 10.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi, X.Məmmədlinin və M.Məmmədlinin “X11” məktəbindəki təhsil ödənişlərinin 11 il üçün birdəfəlik tutularaq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-2953/21) iddia tələbi qismən təmin edilmiş, 03.03.2015-ci il təvəllüdlü X1 və 10.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 22.02.2014-cü il tarixli kəbin mərasimi, 12.09.2014-cü il tarixdə isə “Monte-Kristo” şadlıq sarayında qız toyu mərasimi keçirərək nikaha girmişlər. Cavabdeh ilə bu bərabərliyindən 03.03.2015-ci il tarixdə X5 və 10.02.2017-ci il tarixdə X6 dünyaya gəlmişlər. Artıq uzun müddətdir ki, cavabdeh dəbdəli həyat tərzinə baxmayaraq heç bir maddi köməklik göstərmir, eyni zamanda uşaqların təhsil haqqını ödəmir. Cavabdehin mülkiyyətində çoxlu əmlakları var. Bu əmlakların bir qismi xalası oğlu X3 adına qeydiyyata alınmışdır. Bütün bunlar onun lüks həyat şəraitinin və maddi rifahının göstəricidir. Bu maddi zənginliyə baxmayaraq cavabdeh uşaqlarına heç bir maddi yardım göstərmir və təhsil haqqını ödəmir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia tələbinin qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun öz ailəsi var və qanuni nikahdan 4 uşağı mövcuddur. Qazancın 1/3 hissəsinin tutulması digər uşaqların hüquqlarını poza bilər. Uşaqlardan ali təhsil müəssisəsində oxuyanı da var. O, sabit əmək haqqı alır və ailənin dolanışığını minimum həddə təmin edə bilir. Aliment tələblərinin heç bir hüquqi əsası yoxdur. O, uşaqlarına mütəmadi baxır və saxlama xərclərini ödəyir. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı qətnamə iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmiş, yalnız iddianın təmin olunan hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qətnamənin əsaslılığını mübahisələndirilən hissədə, yəni 03.03.2015-ci il təvəllüdlü X1 və 10.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və əldə etdiyi bütün gəlirlərin 1/3 hissəsi miqdarında alimentin tutulması hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflərin faktiki nikah münasibətindən iki uşaqları var: 03.03.2015-ci il təvəllüdlü Xədicə və 10.02.2017-ci il təvəllüdlü Məryəm. İddiaçının tələbi 03.03.2015-ci il təvəllüdlü X1 və 10.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi və X.Məmmədlinin və M.Məmmədlinin “X11” məktəbindəki təhsil ödənişlərinin 11 il üçün birdəfəlik tutularaq bank hesabına köçürülməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən – aliment tutulması hissəsində əsaslı sayaraq təmin etmiş, qalan hissədə təmin etməmişdir. İddiaçı qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirməmişdir. Cavabdeh isə qətnaməni alimentin tutulması hissəsində mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi alimentin tutulmasına dair hissədə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, “Uşaq hüquqları haqqında” Konvensiya, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə və s. istinad etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdehin rəsmi nikahda olduğu öz ailəsi var və bu nikahdan 4 uşağı mövcuddur. Qazancın 1/3 hissəsinin aliment kimi tutulması digər uşaqların hüquqlarını poza bilər. Uşaqlardan ali təhsil müəssisəsində oxuyanı da var. O, sabit əmək haqqı alır və ailənin dolanışığını minimum həddə təmin edə bilir. Aliment tələblərinin heç bir hüquqi əsası yoxdur. O, uşaqlarına mütəmadi baxır və saxlama xərclərini ödəyir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq qeyd edir ki, cavabdeh atadır, uşaqlara maddi dəstək və mənəvi qayğı göstərmək borcudur. Şikayətdə istinad etdiyi halların heç biri uşaqların belə qayğı və dəstəkdən məhrum edilmələri üçün əsas ola bilməz. Bu səbəbdən də yüksək qazanca malik atadan tutulmuş aliment məbləği tamamilə qayaşlı uşaqların mənafeyinə uyğun hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni 03.03.2015-ci il təvəllüdlü X1 və 10.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar