Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-659/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı, cavabdeh "Bakı şəhər X1 Rayonlararası Bölməsi" MMC-nin nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC-də dezinfektor vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə müəssisədə işin dayandırılması ilə əlaqədar bir qrup işçi ilə bərabər ödənişsiz məzuniyyətə buraxılmışdır. İddiaçı ödənilməmiş əmək haqqının ona ödənilməsi, həmçinin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbini təmin etməmişdir. İddiaçı göstərilən nəticə ilə razılaşmamış və qətnamədən apellyasiya şikayəti vermişir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "Bakı şəhər X1 Rayonlararası Bölməsi" MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdən etibarən “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC tərəfindən ödənilməmiş əmək haqqının ona ödənilməsi, məcburi boş dayanmaya görə ödənişlərin ödənilməsi, həmçinin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 1994-cü ildən etibarən “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC-də işləyir. Qeyd olunan tarixdən də, öz vəzifə öhdəliklərini qanunamüvafıq şəkildə yerinə yetirmişdir. Hal-hazırda da həmin şirkətin əməkdaşıdır. Vəzifə üzrə aylıq əmək haqqı 350 (üç yüz əlli) manat təşkil edir. xx.xx.2024cü il tarixdən etibarən “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC-nin rəhbərliyi onu idarəyə çağıraraq heç bir qanuni əsas gətirmədən bildirmişdir ki, idarə bağlanır gedib evdə otursun. İşəgötürənin təqsiri üzündən məcburi şəkildə boş dayanmaya görə xx.xx.2024-cü il tarixindən etibarən, düz bu günə qədər ona heç bir əmək haqqı ödənilməmişdir. Bu günə qədər də qanunvericilik ilə nəzərdə tutulmuş sənədlər, əmək müqaviləsinin bir nüsxəsi, aylıq əmək haqqı barəsində arayış, o cümlədən idarənin bağlanması barədə sənəd, sonhaqq hesaba dair qanunamüvafıq sənədlər də, rəsmi şəkildə ona təqdim olunmamışdır. İşəgötürən tərəfindən 30 il stajı olan işçiyə qarşı bu hərəkətləri, tam ədalətsiz və qanunsuz hesab edir. Öz üzərinə düşən əmək funksiyasını layiqincə yerinə yetirmişdir. Bir qazi anası kimi ona qarşı edilən bu hərəkəti ədalətsiz hesab edir. Oğlu Elvin 19 sentyabr 2023-cü il tarixdə Qarabağda keçirilən Lokal xarakterli antiterror əməliyyatlarında qəhrəmancasına döyüşərək minaya düşmüş və sağlamlığını itirmişdir. Oğlunun ailəsinə və azyaşlı körpəsinə o baxır. Digər oğlu isə hepatit xəstəliyindən əziyyət çəkir. Həmçinin hesab edir ki, xx.xx.2024-cü il tarixindən etibarən əmək haqqının gecikdirilməsi və ödənilməməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləği ödənilməlidir.
4. Birinci instansiya məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli (2(006)-3199/2024 nömrəli mülki iş üzrə, hakim Həbibə Miriyeva) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (ona qanuni əsas olmadan işə gəlməməsinin bildirilməsi, işəgötürənin təqsiri üzündən məcburi şəkildə boş dayanmaya görə xx.xx.2024-cü il tarixindən etibarən heç bir əmək haqqı ödənilmədiyinə) dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh müəssisə işçilərin ödənişsiz məzuniyyətə buraxılmalarına dair müvafiq əmrləri, habelə iddiaçının əmək haqqının ödənilməsini tələb etdiyi may və iyun ayları üzrə əmək haqqının iddiaçıya ödənilməsini təsdiq edən mühasibatlıq sənədlərini məhkəməyə təqdim etməklə öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsində də ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilən hallarda, habelə işəgötürənlə razılıq əsasında istifadə edilməsi müddəası nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmək haqqı tələbi barədə iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddianın əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, bu tələb əmək haqqının ödənilməsi tələbi ilə bağlıdır və onun təmin olunub-olunmamasından asılıdır. İddia tələbi əmək haqqı tələbinə dair hissədə rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və iddianı rədd edərkən qəbul etdiyi qətnamədə işlətdiyi ifadələrə diqqət yetirsək belə müəyyən olur ki, hakimin hazırkı mübahisənin mahiyyətindən xəbəri yoxdur. İşəgötürənin təqsiri üzündən məcburi şəkildə boş dayanmaya görə xx.xx.2024-cü il tarixindən etibarən, düz bu günə qədər mənə heç bir əmək haqqı ödənilməmişdir. Bu günə qədər də qanunvericilik ilə nəzərdə tutulmuş sənədlər, əmək müqaviləsinin bir nüsxəsi, aylıq əmək haqqı barəsində arayış, o cümlədən idarənin bağlanması barədə sənəd, son-haqq hesaba dair qanunamüvafıq sənədlər də, rəsmi şəkildə mənə təqdim olunmamışdır. İşəgötürən tərəfindən 30 il stajı olan işçiyə qarşı bu hərəkətləri, tam ədalətsiz və qanunsuz hesab edirəm. Məlum olduğu kimi, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. İşçi adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziqindən qorunmalıdır. İşəgötürənin öz xeyrinə olan sənədlərlə işçiləri məcburən öz hesabına məzuniyyətə göndərməyi haqsızlıqdır. İşçinin uzun illər ərzində müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan öz hesabına məzuniyyətə çıxması və yaxud da işdən çıxarılması şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. AR Mülki-Prosessual Məcəlləsinin 165-ci maddəsi AR Mülki-Prosessual Məcəlləsinin 165-ci maddəsində göstərilmişdir ki, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Birinci instansiya məhkəməsi işin düzgün araşdırılması üçün lazımı hərəkətləri etməmiş, beləki, xx.xx.2024-cü il tarixdən etibarən “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC-nin rəhbərliyinin əsaslandırıcı heç bir səbəb gətirmədən bizi öz hesabına məzuniyyətlə işdən kənarlaşdırmağı faktını tam, ətraflı və əsaslı araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdirlər.
11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 qərar verilərkən mülahizələrinin nəzərə alınmasını xahiş etmişdir.
12. Digər üçüncü şəxs isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ.Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 129. Məhkəmə qərarları və onların icrası Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. 2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə 154. Əmək haqqı 1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarı:
18.Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası iş üzrə ədalətli qərar çıxarılması üçün iddia tələbinə iki hissəyə bölünməklə qiymət verilməsini məqsədəmüvafiq hesab edir: 1) 2024-cü ilin mart və aprel ayları üzrə; 2) 2024-cü ilin may və iyun ayları üzrə.
23. İddiaçının 2024-cü ilin mart və aprel ayları üzrə əməkhaqqının verilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarını tənzimləyən normalar Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bundan sonra – Məcəllə) təsbit olunmuşdur. Sosial hüquqların tərkib hissəsi olan məzuniyyət hüququnu, habelə onun verilməsinin halları və qaydalarını müəyyən edən müddəalar isə Məcəllənin 5-ci bölməsində öz əksini tapmışdır. Sözügedən bölmədə işçinin məzuniyyət hüququları ilə yanaşı, müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasını tənzimləyən normalar da mövcuddur.
24. Belə ki, Məcəllənin 146-cı maddəsinin 1-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
25. Göründüyü kimi, xüsusi fors-major hallarda, işəgötürənin təqsiri olmadan müəssisənin fəaliyyəti dayanarsa onda işəgötürən işçiləri həm əmək məzuniyyətinə, həm də ödənişsiz məzuniyyətə göndərə bilər.
26. İş materiallarından isə müəyyən edilir ki, Məcəllənin 146-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq işəgötürənin əmri əsasında müəssisədə işin dayandırılması ilə əlaqədar iddiaçı da daxil olmaqla digər işçilər qrup halında 2 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Həmin müddətdə iddiaçı qanunla müəyyən olunmuş qaydada ödənişsiz məzuniyyətdə olmuş, yəni, hər hansı əmək funksiyasını yerinə yetirməmişdir. Ona görə də həmin dövrlər üzrə əmək haqqını tələb etməkdə haqlı deyildir. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsində də ödənişsiz məzuniyyətdən Məcəllə ilə müəyyən edilən hallarda, habelə işəgötürənlə razılıq əsasında istifadə edilməsi müddəası nəzərdə tutulmuşdur.
27. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Məcəllənin 146-cı maddəsinin ikinci hissəsində işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması qadağan edilmiş və bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilmişdir. Belə olan halda işçilərə Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilməlidir.
28. Beləliklə, iddiaçının 2024-cü ilin mart və aprel ayları üzrə əmək haqqının ödənilməsi barədə tələbinin təmin edilməsi üçün ilk növbədə işəgötürənin təqsiri üzündən boşdayanma halının mövcudluğu sübuta yetirilməli, bu hal təsdiqini tapdıqdan sonra onun tələbi təmin olunmalıdır.
29. Bu məqamda xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
30. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
31. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Hazırkı mübahisə üzrə isə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda bunu edə bilməmiş, tələbini sadəcə formal mülahizələrlə əsaslandırmışdır. 33.“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 34.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırda sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, lakin o, cavabdehin əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi “sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyü” prinsipini rəhbər tutaraq iddia tələbini rədd etməkdə haqlı olmuşdur
35. İddiaçının 2024-cü ilin may və iyun ayları üzrə əmək haqqının verilməsi tələbinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş may və iyun ayları üzrə əmək haqqının iddiaçıya ödənilməsini təsdiq edən mühasibatlıq sənədlərindən müəyyən olunur ki, iddiaçıya həmin aylar üzrə 677.12 manat əmək haqqı ödənilmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsində və apellyasiya baxışında iddiaçı 2024-cü ilin may və iyun ayları üzrə əmək haqqını almasını təsdiq etmiş və həmin aylara münasibətdə iddiasının rədd edilməsinə etirazının olmadığını bildirərək yalnız mart və aprel ayları üzrə əmək haqqının ödənilməsini xahiş etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi həmin hissədə tərəflər arasında mübahisənin olmadığını nəzərə alaraq iddia tələbinin təmin etməməkdə haqlı olmuşdur. 36.Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini bütövlükdə rədd etməklə qanunamüvafiq qətnamə çıxarmış, iddiaçı isə həmin qətnamədən apellyasiya şikayəti verərkən öz dəlillərini mötəbər sübutlarla əsaslandırmamış, sadəcə formal mülahizələrə istinad etmişdir. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Odur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etdiyi və şikayətinin dəlillərini əsaslandıra bilmədiyi üçün apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Bunlarla yanaşı, məhkəmə kollegiyası izah edir ki, apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, kollegiyanın qətnaməsinin iddiaçıya münasibətdə mübahisələndirilə bilən hissəsində iddia qiyməti beş min manatdan azdır. Belə ki, kollegiyanın qətnaməsinin iddiaçıya münasibətdə mübahisələndirilə bilən hissəsində iddia qiyməti 816,50 (408,25*2=816,50 qəpik) manatdır. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Odur ki, iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(006)-3199/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.