Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6597/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, iddiaçı «xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin geri tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(006)-7379/2016 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin geri tələb edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(006)- 7379/2016 saylı qətnaməsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin geri tələb edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 5000 (beş min) manat ödənilmiş sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5030 (beş min otuz) manatın müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 məhkəməyə apellyasiya şikayəti daxil olmuş, qətnamədən apellyasiya şikayəti vermə müddəti tərəfindən ötürüldüyü üçün şikayətə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizə əlavə etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(006)-7379/2016 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizə təmin edilməmişdir. Hazırda Cavabdeh2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(006)-7379/2016 saylı qərardadından şikayət verərək, həmin qərardadının ləğv edilməsini və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(006)-7379/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi prosessual müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin geri tələb edilməsi” tələbinə iddia ərizəsi üzrə mülki işə 28 oktyabr 2020-ci ıl tarixdə baxaraq iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 (beş min) manat ödənilmiş sığorta ödənişi və 30 (otuz manat) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5030 (beş min otuz) manat müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-nə ödənilməsi qət edilmişdir. O, həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə vermişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən onun apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinə 25 fevral 2021-ci il tarixdə baxılaraq ərizənin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2016- cı il tarixli, 2(006)-7379/2016 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(006)-7379/2016 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(006)-7379/2016 saylı qətnaməsi Cavabdeh2 04.11.2016-cı il tarixli məktubla 10.11.2016-cı il tarixdə göndərilmişdir. Bununla bağlı onu qeyd edə bilər ki, birinci instansiya məhkəməsi qeyd edilən qətnamənin ona göndərilməsini qeyd etsə də həmin qətnamənin onun tərəfindən alınması ilə bağlı mülki işin materiallarında heç bir sübuta istinad edə bilməmişdir. Belə ki, mülki işin materiallarında həmin qətnamənin tərəfindən alınması ilə bağlı heç bir sübut ola bilməz. Çünki həmin qətnamə tərəfindən alınmamışdır. Həmçinin qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(006)-7379/2016 saylı qətnaməsinin göndərilməsi barədə məktubun tarixinə və onun göndərilmə tarixinə nəzər saldıqda belə görür ki, həmin məktub formal olaraq iş materiallarına əlavə edilmiş məktubdur. Belə ki, məktub guya 04.11.2016-cı il tarixdə tərtib edilsə də bundan 6 gün sonra, yəni 10.11.2016-cı il tarixdə göndərilmişdir. Əgər bu formal məktub deyildisə nə üçün 6 gün gözlədikdikdən sonra göndərilirdi. Qanunvericiliyin də tələbindən göründüyü kimi məhkəmə sənədinin alınması barədə imzalanmış sənəd, yəni sifarişli poçt göndərişində xəbərnamə müvafiq vəzifəli şəxsə imza etdirilməklə məhkəməyə qaytarılmalı və həmin xəbərnamə iş materiallarına əlavə edilməli idi. Lakin birinci instansiya məhkəməsi qətnamənin nə vaxt kimə təqdim edilməsi barədə heç bir sübuta istinad etməmişdir. Həmçinin qanunvericiliyin tələbindən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsindən qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti verilə bilər. Birinci instansiya məhkəməsi isə qətnamənin ona rəsmi qaydada verilməsi ilə bağlı heç bır sübuta istinad etmədən sadəcə formal mülahizələrə əsaslanaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi həmçinin qərardadında həmin qətnamə üzrə icra vərəqəsinin verilməsini, icra vərəqəsinin icraya yönəlməsini və buna görə də həmin qətnamənin varlığından onun xəbərinin olması qənaətinə gəlmiş və əziyyət çəkərək Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə sorğu verərək oradan sənədlər almışdır. Lakin birinci instansiya məhkəməsi Mülki-Prosessual Məcəlləninin normalarına düzgün hüquqi qiymət versəydi görərdi ki, qanunverici qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin qətnamədən hər hansı formada məlumat alma müddətindən deyil, məhz həmin qətnaməni qəbul etmiş məhkəmə tərəfindən qətnamənin surətini rəsmi qaydada tərəflərə verilmə müddətindən hesablanmasını şərtləndirmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi formal mülahizələrə əsaslanmış və nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu Məcəllənin 133.1 -ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından müəyyən edildiyi kimi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(006)-7379/2016 saylı qətnaməsi Cavabdeh2 04.11.2016-cı il tarixli məktubla 10.11.2016-cı il tarixdə, Nəsimi Rayon Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2(006)-7379/2016 saylı icra vərəqəsi isə Cavabdeh2 münasibətdə icra edilməsi üçün 21.02.2017-ci il tarixdə Şəki rayon icra qrupuna göndərilmişdir. Şəki rayonu üzrə İcra şöbəsi tərəfindən həmin icra sənədi üzrə icraata başlanılmışdır. Şəki rayonu üzrə İcra şöbəsinin icra məmuru Məmməd Məmmədov tərəfindən Cavabdeh2 icra sənədinin icra olunmamasının nəticələri barədə 08.06.2017-ci il tarixdə xəbərdarlıq olunmuş və qeyd edilən xəbərdarlıq məktubu Cavabdeh2 tərəfindən 14.06.2017-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Göründüyü kimi Cavabdeh2 tərəf olduğu mülki iş üzrə çıxarılmış qətnamədən məlumatlı olmadığı öz təsdiqini tapmamış, hətta Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2(006)-7379/2016 saylı icra vərəqəsi üzrə tərəfindən müəyyən ödənişlərin edildiyi müəyyən edilmişdir. Beləliklə cavabdeh tərəfindən apellyasiya şikayəti vaxtında verilməmiş, apellyasiya şikayəti verilmə müddəti 4 ildən artıq müddət üzrsüz səbəbdən buraxılmışdır. Beləliklə, cavabdeh tərəfindən apellyasiya şikayəti vaxtında verilmədiyindən, şikayəti vermə müddəti isə üzrsüz səbəbdən buraxıldığından Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(006)-7379/2016 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizənin təmin edilməməsi, verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(006)-7379/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6597/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6597/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver