Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6604/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Gülməmmədova İddiaçı iştirakı ilə Gülməmmədova İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2-nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gülməmmədova İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin qiymətləndirilməsinə dair olan 27.08.2020-ci il tarixli ES- 45/2020 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs1 və onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin açıq hərraca çıxarılaraq satılması, mənzilin satışından əldə olunmuş pulun əmlakdakı bərabər hissədə olan paylara mütənasib surətdə onların arasında bölünməsi, ekspertiza dəyərinin cavabdehdən tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi verilmiş və qətnamənin icrası Yasamal rayon İcra şöbəsinə həvalə edilmiş, bundan sonra Yasamal rayon icra şöbəsinin 17/72-126592/31-19271 saylı 25.08.2020-ci il tarixli sifariş məktubu əsasında Cavabdeh1 MMC tərəfindən mənzilin qiymətləndirməsi aparılmış, əmlak 27.08.2020-ci il tarixli ES-45/2020 saylı hesabat əsasında 70 000 manat dəyərində qiymətləndirilmişdir. Mənzilə qiymət qoyan şirkət evə baxış keçirməmiş, işin ekspertizaya verilməsi barədə nə icra şöbəsi nə də ekspert onunla əlaqə saxlamamışdır. Mənzil tam təmirlidir, ayrıca 2 otaq və mətbəxdən ibarətdir, onun real bazar qiyməti 120 000 manatdan artıqdır. Cavabdeh2 tərəfindən paylı mülkiyyətdə olan həmin mənzilin göstərilən məbləğdə qiymətləndirilməsi, həmin əmlakın hazırkı real bazar qiymətini əks etdirməyərək reallığa uyğun olmayan məbləğə qiymətləndirilmişdir. Sözügedən hesabat əsasında Yasamal icra və probasiya şöbəsi əmlakın hərracdan satılması üçün “X1” MMC-yə göndərmiş, “xxxx” MMC tərəfindən hərracın keçirilməsi 02.11.2020-ci il tarixə təyin olunmuşdur. Hesab edir ki, qiymətləndirmənin rəyi ləğv olunmalıdır, çünkü əmlakın qiymətləndirilməsi, satılması üçün hərraca göndərilməsi barədə icra məmuru ona məlumat verməmiş, eyni zamanda hərracdan da ona məktub 16.10.2020-ci il tarixdə gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Maraqlı şəxs1 apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, mötəbər olmayan qiymətləndirici rəyinə istinad etdiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Maraqlı şəxs1, cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2-nin nümayəndələri, eləcə də üçüncü şəxslər - Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin və Yasamal Rayon icra şöbəsinin nümayəndələri məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən İddiaçı Gülməmmədova isə Maraqlı şəxs1la öz aralarında razılığa gəldiyini bildirməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbindən imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Gülməmmədova İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-524/2021 saylı iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6604/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6604/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver