Məhkəmə qərarları › İş №2(103)-6613/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6613/2022

26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6613/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: naturada ayrılmayan əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib şəkildə bölünməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “naturada ayrılmayan əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-550/2022 nömrəli qətnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(004)-550/2022 nömrəli əlavə qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(102)-3214/21 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(004)-4615/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X1 Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Cavabdeh mülkiyyətində olan KİA RİO minik markalı, AC235394 qeydiyyat nişanlı avtomobilin ½ hissəsində X1, ½ hissəsində Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1361/2021 saylı, 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4615/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1361/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

2. Ağazadə (Musayeva) Vəfa Şükür qızı tərəfindən Cavabdeh ünvanlanmış ərizədən görünür ki, “KİA RİO” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarı qiymətinin, yəni 10000 manat məbləğində pul kompensasiyasının ödənilməsi təklif edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri və hal-hazırda cavabdehin mülkiyyətində olan “KİA RİO” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölünməsi mümkün olmadığı üçün, həmin əmlakın qanunvericiliyə uyğun olaraq qiymətləndirilərək açıq hərracda satılması və hərracdan əldə edilən satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(102)-3214/21 saylı qərarına əsasən, cavabdehlə birgə nikah dövründə əldə edilən və hal-hazırda Cavabdeh mülkiyyətində olan “KİA RİO” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 (ikidə bir) hissəsində onun payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2, 220.3, 220.4-cü maddələrini rəhbər tutaraq 1 iyul 2021-ci il tarixdə Cavabdeh, iddiaçıya ayrılan payın pul məbləğində kompensasiya kimi ödənilməsinə dair ərizə ünvanlanmışdır. Ərizədə iddiaçının həmin avtomobil üzərində, yəni naturada bölünməyən əmlakda öz payının alınması ilə bağlı, avtomobilin dəyərinin yarı qiymətinin, yəni 10.000 manat məbləğində mənə pul kompensasiyasının ödənilməsini təklif edilmişdir. Lakin, Cavabdeh onunla heç bir razılığa gəlməmiş, Ali Məhkəmənin qərarını heçə sayaraq, naturada ayrılmayan əmlakda olan 1/2 (ikidə bir) hissə payının ona pul kompensasiyası kimi ödənilməsindən imtina etmişdir.

5. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş müstəqil qiymətləndirici “X2 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 004-020/2022 nömrəli mütəxəssis rəyindən görünür ki, KİA RİO” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda bazar dəyəri 9500 manat manat müəyyən edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)- 550/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh mülkiyyətində olan “KİA RİO” minik markalı, 90- UR-654 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq, yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilməsi, “KİA RİO” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 9500 (doqquz min beş yüz) manat müəyyən edilməsi və ödənilmiş 40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, göründüyü kimi, mübahisə predimeti olan əmlakın naturada bölünməsi mümkün deyildir. İddiaçı cavabdehə kompensasiyanın ödənilməsini təklif etsə də, cavabdeh buna razı olmamışdır. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, “KİA RİO” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli avtomobil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü, 220.6-cı maddələrinə eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(004)-550/2022 nömrəli əlavə qətnaməsi ilə iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər şəkildə olmaqla tərəflərə aid edilmiş və Cavabdeh tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri kimi ödənilmiş 400 (dörd yüz) manat pulun yarısı olan 200 (iki yüz) manat pulun İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

13. Qeyd olunan qətnamədən, eləcə də əlavə qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin və əlavə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi, “Yeni dövr” qiymətləndirmə mərkəzinin hesabına ödənilmiş qiymətləndirilmə üçün 400 (dörd yüz) manatın İddiaçı aid edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı X3 ilə birgə nikah dövründə yəni, xx.xx.2014-cü il tarixdə **-UR-*** dövlət qeydiyyat nişanlı KİA RİO minik markalı avtomobili əldə edilmişdir. Həmin avtomobil Cavabdeh adına qeydiyyata alınmış və hal-hazırda da, sonuncunun mülkiyyətindədir. İkincisi, mübahisə predmetini təşkil edən xx.xx.2014-cü il tarixdə **-UR-*** dövlət qeydiyyat nişanlı KİA RİO minik markalı avtomobili cavabdehə hədiyyə edilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən artıq huquqi qiymət verilmiş və qiymətləndirilmiş avtomobilin yenidən qiymətləndirilməsinə zərurət olmadığı halda iddiaçının qəsdən artıq xərclərin çıxmasına görə onun tərəfindən iddiaçının təşəbbüsü ilə təkrar qiymətləndirilməyə 400 manat pul ödənilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə iddiaçıdan tutulmalı olan 200 manat məbləğin deyil, “Yeni dövr” qiymətləndirmə mərkəzinin hesabına ödənilmiş 400 manatın tutulması qət edilməlidir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

18. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Qətnamədən eləcə də əlavə qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, hər iki qətnamənin ləğv edilməsi xahiş edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli avtomobilin ona hədiyyə verildiyini qeyd etsə də bu barədə mötəbər sübutlar təqdim etməmişdir, bunun əksi olaraq isə iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən görünür ki, KİA RİO minik markalı, AC235394 qeydiyyat nişanlı avtomobil X3 ilə Cavabdeh birgə nikah dövründə əldə edilmişdir və avtomobilin 1/2 hissəsində X1, 1/2 hissəsində Cavabdeh payları müəyyən edilmişdir.

25. Göründüyü kimi mübahisəli avtomobilə dair iddiaçı ilə cavabdehin ½ hissədə payları müəyyən edilmişdir və mübahisə predmeti olan əmlakın naturada bölünməsi mümkün deyildir. İddiaçı cavabdehə kompensasiyanın ödənilməsini təklif etsə də, cavabdeh buna razı olmamışdır.

26. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı mübahisəli avtomobilin bazar dəyəri müstəqil qiymətləndirici “X2 Mərkəzi” MMC tərəfindən müəyyən edilmiş və həmin rəyin şübhə altına alan hallar müəyyən edilməmişdir.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “KİA RİO” minik markalı, **-UR- *** dövlət qeydiyyat nişanlı avtomobilin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməsi eləcə də avtomobilin ilkin satış qiymətinin 9500 (doqquz min beş yüz) manat müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-7627/2021 saylı qərardadına əsasən iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “X2 Mərkəzi” MMC-yə tapşırılmışdır. Həmin qərardaddan görünür ki, qiymətləndirmə ekspertizası barədə iddiaçı deyil, məhz cavabdeh şifahi vəsatətlə müraciət etmişdir.

29. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə də iddia tələbi təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi əlavə qətnamə ilə iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini bərabər şəkildə olmaqla tərəflərə aid etmişdir.

30. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qətnamə və əlavə qətnamənin ləğvi üçün əsas deyildir.

31. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

33. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPMnin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-550/2022 nömrəli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(004)-550/2022 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar