Məhkəmə qərarları › İş №2(103)-6613/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6613/2023

24.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6613/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 20 sentyabr 2023cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən 03 iyun 2019-cu il tarixdə, 4Ə-528 reyestr nömrəsi ilə təsdiq edilməklə bağlanmış renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2449/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3794/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2449/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1506/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı1 hüquq varisi İddiaçı2 ilə əvəz edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı2 prosessual hüquq varisliyinə xitam verilmiş, İddiaçı1 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə icraata da prosessual hüquq varisliyinə yol verilməməsi əsası ilə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4176/2023 nömrəli 20 iyun 2023-cü il tarixli qərardadı ilə şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 20 sentyabr 2023cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı2 şikayət vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən tərtib olunmuş vəsiyyətnamənin məzmunundan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı2 vəsiyyət etmişdir. Halbuki işdə olan sübutlardan görünür ki, həmin mənzil iddiaçıya məxsus deyildir. Yəni, iddiaçı başqa şəxsə məxsus olan əmlakı vəsiyyət etmişdir. Belə olan halda iddiaçının bu sərəncamı etibarsızdır. Bu isə o deməkdir ki, İddiaçı2 iddiaçının vəsiyyətnamə üzrə vərəsəsi kimi prosessual hüquq varisliyinə malik deyildir. O, eyni zamanda iddiaçının qanun üzrə də vərəsəsi deyildir, belə ki, İddiaçı2 vəkilinin izahatından və iş materiallarından görünür ki, İddiaçı2 iddiaçının bacısının nəvəsidir (yəni bacısının oğlunun oğlu). İddiaçı2 atası Məmmədov Bəxtiyar və əmiləri (yəni iddiaçının bacısının oğlanları) hazırda sağ olduğundan və onlar iddiaçının ikinci növbə vərəsəsi sayıldıqlarından İddiaçı2 iddiaçının qanun üzrə vərəsəsi olması imkanı da istisna edilir. Çünki qanunvericilik əvvəlki növbənin vərəsələrinin mövcudluğu halında sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunanlara əsasən İddiaçı2 iddiaçının nə vəsiyyət üzrə, nə də qanun üzrə vərəsəsi olmadığından hazırki iş üzrə iddiaçının hüquqi varisi qismində çıxış edə bilməz. Belə olan halda mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə İddiaçı2 atası və əmilərinin sağ olması əsası ilə onun qanun üzrə vərəsə olması imkanın istisna edilməsi və onun hazırki iş üzrə iddiaçının hüquqi varisi qismində çıxış edə bilməməsi qənaətinə gəlmiş olsa da, yalnız İddiaçı2 münasibətdə onun prosessual hüquq varisliyinə xitam verməli olduğu halda hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, məhkəmənin əvvəlki qərardadını ləğv edən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4176/2023 nömrəli 20 iyun 2023-cü il tarixli qərardadında birbaşa göstərilmişdir ki, əvvəla məhkəmənin MPM-nin 261.0.7-ci maddəsinə əsaslanaraq hazırki işdə mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsi qənaətinə gələrək mülki iş üzrə icraata xitam verməsi qanuni olmamışdır. MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verir. Hazırki iddia tələbi renta müqaviləsinin ləğvi olmaqla, əmlak hüquqları ilə bağlı tələb olduğundan hüquq varisliyinə yol verilən hüquq münasibətidir. Ona görə də hüquq varisliyinə yol verilməməsi əsası ilə mülki iş üzrə icraata xitam verilməsi yolverilməzdir. Kollegiyanın göstərişinə baxmayaraq birinci instansiya məhkəməsi yenə də eyni nəticəyə gəlmişdir ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Kollegiya bir daha qeyd edir ki, hazırki iddia tələbi hüquq varisliyinə yol verilən hüquq münasibətidir. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə görə isə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı – mərhum İddiaçı1 vərəsələrinin dairəsi müəyyən edilərək o, hüquq varisi ilə əvəz edilməlidir. Hüquq varisi (varisləri) müəyyən edilənədək isə icraat dayandırıla bilər. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 20 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar