Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6623/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3956/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)-17/2023 nömrəli hökmü ilə barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş İddiaçı CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 11 ay 28 gün müddətin cəzasına hesablanmaqla çıxılması və üzərində 04 il 02 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-115/2023 nömrəli hökmü ilə təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, İddiaçı CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(091)-17/2023 nömrəli hökmünün ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi ilə ona bəraətin verilməsi, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-907/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmünun kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın əvəzi olaraq cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 200.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ağır cinayət törətməkdə törətməkdə təqsirli bilinməsi və 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 11 ay 28 gün müddətin cəzasına hesablanmaqla çıxılması və üzərində 4 il 2 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmiş, o cümlədən iş üzrə maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələlər də həll edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-115/2023 nömrəli hökmü ilə ona bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, İddiaçı CPM-in 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. O, yuxarıda göstərilən dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkmiş, şərəf ləyaqət alçaldılmışdır. Ona qarşı uzun müddət işgəncələr verilmiş, insan ləyaqətini alçaldan rəftara yol verilmişdir. Ona ağır ittiham - narkotik satma ittihamı irəli sürülmüşdür. Heç bir əsas olmadan ona qarşı bu cür qondarma, yalançı, ittihamın verilməsi barəmdə hökmlərin çıxması ona bir insan kimi çox dəhşətli şəkildə pis təsir etmiş, mənəvi cəhətdən çökdürmüş, həyata yaşamağa həvəsini öldürmüşdür. Belə bir ittihamla yaşamamaq üçün dəfələrlə özünü öldürmə həddinə çatmış, yaşamaq istəməmiş, intihar etmək istəmişdir. Hələ də psixologiyası düzəlməmiş, reabilitasiya olunmamışdır. Həbsdən sonra uzun müddətli depresiyalar yaşamışdır. Hesab edir ki, göstərilən dövlət orqanları ona vurduqları maddi və mənəvi zərərə görə kompensasiya ödəməlidirlər. İddia ərizəsində onun barəsində cinayət işi istintaq edilərkən əməliyyat, istintaq və prokurorluq orqanlarının yol verdiyi ciddi qanun pozuntularını ətraflı şərh etməyi zəruri hesab edir. Belə ki, törədilmiş qanunsuzluqların xarakteri və həyata keçirmə tərzi vəzifədən açıq-aşkar sui-istifadə edildiyini göstərir, bu isə hüquq mühafizə orqanlarının maddi və mənəvi məsuliyyətinin dərəcəsinə və ölçüsünə birbaşa təsir edir. Qeyd olunan dövr ərzində istintaq təcridxanasında ağır şəraitdə saxlanılmış, uzun müddət fiziki işgəncələrə məruz qalmış, kameralarda sıxlıq olduğundan xüsusilə yay aylarında yatmaq, istirahət etmək və başqa zəruri tələbatları təmin etmək imkanı son dərəcə məhdudlaşmışdır. Kamerada dəfələrlə halı pisləşmiş, müntəzəm dərman preparatlarını əldə etmək və qəbul etmək mümkün olmamışdır. Özü vətən müharibəsi iştirakçısıdır. Azadlıq hüququnun məhdudlaşdırılması himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarına qayğı və diqqət göstərmək imkanından məhrum edilmişdir. Həbsdən əvvəl daimi iş yeri olmuş, cəmiyyətdə sayılıb seçilən nüfuz sahibi olmuş, vətən müharibəsi iştirakçısıdır. Döyüşçü şərəfini qorumuş, ailədə yeganə işləmək qabiliyyəti olan və qazanc gətirən şəxs olduğundan, həbsindən sonra ailəsi ağır vəziyyətə düşmüş və ehtiyac içində yaşamağa düçar olmuşdur. Onun qanunsuz həbsindən dərin sarsıntılar keçirən ailə üzvləri dərin sarsıntı keçirmiş, cəmiyyətdə utanc hissləri keçirmişlər, narkotik satan kimi ağır bir maddə ilə məhkum olunmuş insanın ailəsinin özünün və yaxın qohumlarının keçirdikləri hiss həyəcan və dərin sarsıntılara əsasən hesab edir ki, əvəzini heç nə verə bilməz. Hüquq mühafizə orqanlarının və məhkəmələrin qeyd olunan qanunsuz hərəkətləri və sui-istifadəsi ona və ailəsinə ağır mənəvi ziyan vurmuşdur. Qeyd etdiyi kimi, həbsdən əvvəl daimi iş yeri olmuş təhqiqat, istintaq, məhkəmə və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində daimi işini itirmişdir. Hesab edir ki, onun həbsdə qaldığı müddət ərzində əmək haqqı da hesablanaraq ödənilməlidir.
6. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 3956/2025 nömrəli qətnaməsi ilə (hakim V.V.Musayeva) iddia qismən təmin edilmiş, iddiaçı Aİddiaçı vurulmuş mənəvi zərərə görə 21.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 11 ay 28 gün həbsdə olmuş, bundan başqa xx.xx.2023-cü il tarixdən isə yenidən həbs edilmiş və xx.xx.2023-cü il tarixdə isə bəraət alaraq həbsdən azad olunmuşdur, nəticədə iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır, həmçinin iddianın qanuni əsası da qanunvericilikdə nəzərdə tutulmuşdur və tələb müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur.
9. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının əsassız olaraq kifayət qədər uzun dövr üçün təqsirliliyinin sübuta yetirilmədiyi əmələ görə həbsdə saxlanması, barəsində kifayət qədər uzun illər ərzində araşdırma aparılması ona mənəvi narahatlıq hissələri yaradan hallardır. Odur ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni həbsdə saxlanma müddətinə mütənasib olaraq 21.000 manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 21.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 6, 7, 12-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Koinq Almaniyaya qarşı», «Artiko İtaliyaya qarşı», «Younq, Cames və X3rşı» iş üzrə qərarlarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanıdır. Yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Hesab edir ki, məhkəmə tərəfindən təmin edilən kompensasiya məbləği şişirdilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin mənəvi ziyanı həbsdə olmanın hər ayı üçün 1000 manat dəyərində hesablanması düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Həmçinin qeyd edirik ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qə ra rınd a mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməli olması vurğulanmış, ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsində iddiaçının hüquqmühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə qərarının nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessual Məcəlləsi, “Büdcə sistemi haqqında” Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayənlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
17. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
18. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun: Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 5.5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
20. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 №-li xx.xx.2025-ci il tarixli Qərarı: 4.45. Təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. 4.48. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının sözügedən normalarla əhatə olunmayan digər qanunsuz əməllərindən irəli gələn zərərə görə isə Azərbaycan Respublikasının məsuliyyəti yalnız həmin orqanların vəzifəli şəxslərinin bu əməlləri təqsirli olaraq törətməsi sübuta yetirildiyi halda yaranır. Məsələn, təhqiqat və ya ibtidai istintaq orqanının vəzifəli şəxsinin vəzifəsindən sui-istifadə etməklə, barəsində cinayət təqibi aparılan şəxsə işgəncənin verilməsində təqsirliliyi, onu qanunsuz tutması və ya digər şəxslərin ölkədən çıxışına qadağanın qanunsuz qoyulması qanuni qüvvəsini almış məhkəmə hökmü və ya digər qərarla təsdiq olunduqda, Azərbaycan Respublikası şəxsə bu əməllə vurulmuş zərərə görə məsuliyyət daşıyacaqdır. 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində, 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.
26. Zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.
27. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.
28. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
29. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.
30. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır».
31. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 21 ay müddətinə qanunsuz olaraq həbsdə saxlanılmışdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz azadlıqdan məhrum edilməsi, onun həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olması, mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşmasına görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
35. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
36. Beləliklə, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
37. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Bununla belə, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
38. Beləliklə, məhkəmə kollegiyasının belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmiş, formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq iddiaçının xeyrinə qanunsuz olaraq həbsdə saxlanıldığı hər aya görə 1.000 manat olmaqla, ümumilikdə 21.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə ədalətli qətnamə qəbul etmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3956/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR