Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6627/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından Fikrət oğlundan və Babayev Fuad ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı “X4” şirkətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X4” şirkətinə (şirkət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şirkətlə arasında bağlanmış hesab edilən xx.xx.2009-cu il tarixli “alqı-satqı və borc müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, şirkət məhkəmədə ona qarşı iddia qaldıraraq, onunla arasında yazılı şəkildə bağlanmış xx.xx.2009-cu il tarixli “alqı-satqı və borc müqaviləsi”nə görə şirkətə məxsus “Farqo yük” markalı, 2006-cı il buraxılışlı, özüboşaldan, mühərrik nömrəsi **********, şassi nömrəli NLC2F6LGD60150855 olan, açıq mavi rəngli, H-019-439 dövlət nömrə nişanlı avtomaşının 62 000 manata ona satıldığını, lakin onun avtomobili tanışı X2 adlı şəxsin adına kredit yolu ilə sənədləşdirəcəyini bildirdiyini, müqaviləyə əsasən avtomaşının dəyərinin 24 000 manatının dərhal ödənildiyini, qalan 38 000 manatının isə 1 ay müddətinə bankdan kredit götürülməklə ödənilməsinin şərtləşdirildiyini, şirkətin öz üzərinə düşən bütün öhdəlikləri icra etməsinə baxmayaraq, onun öhdəliklərini icra etmədiyini, buna görə də ondan 38 000 manat əsas, 52 000 manat faiz borcu olmaqla ümumilikdə 90 000 manatın və 20 manat dövlət rusumunun tutulmasını tələb etmişdir. Halbuki, xx.xx.2009-cu il tarixli “alqı-satqı və borc müqaviləsi” kimi təqdim olunmuş müqavilənin surətindən görünür ki, həmin müqaviləni o imzalamamış, müqavilə ümumiyyətlə mövcud olmamış şirkət mövcud olmayan müqaviləni hansısa bir şəkildə tərtib etmişlər. O, həmin şirkətdə işləmiş, avtomaşınların satışı ilə məşğul olmuş, lakin şirkətlə aralarında heç bir vaxt müqavilə imzalanmamışdır. Mövcud olmayan və üzərinə öhdəlik götürmədiyi müqavilə üzrə məsuliyyət daşıya bilməz. Müqavilə Mülki Məcəllədə nəzərdə tutulmuş qarışıq müqavilə kimi bağlanmışdır, lakin müqavilədə nəzərdə tutulmuş alqı-satqı və borc müqaviləsinin qanunvericiliklə nəzərdə tutulmuş mühüm şərtlərinə əməl edilməmişdir. Belə ki, alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürməlidir. Müqavilə ilə müəyyən olunmuşdur ki, müqavilənin predmeti olan nəqliyyat vasitəsi onun mülkiyyətinə deyil, R.Əhmədlinin mülkiyyətinə verilmişdir. Qanunvericilikdə alqı-satqı müqaviləsinin məcburi şərti olan nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi alıcının üzərinə deyil, həmin müqavilə üzrə üzərinə öhdəlik qoyula bilməyən cavabdehin üzərinə məsuliyyət qoyulmuşdur. Bağlanmış qarışıq müqavilədə nəzərdə tutulmuş borc müqaviləsinin ünsürlərinin mövcudluğunu yoxlayarkən belə qənaətə gəlmək olar ki, borc müqaviləsində nəzərdə tutulmuş imperativ tələbə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyaya mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürməyi, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. O, cavabdehə heç bir məbləğdə pul və qaytarılması şərti ilə əşya verməmiş və bununla da onların arasında borc müqaviləsinin şərtlərinə uyğun münasibətlər yaranmamışdır. Tərəflər arasında borc müqaviləsinin əsası ola biləcək mühüm şərtlər möcvcud olmamış və nəticədə onun üzərinə borc müqaviləsinin şərtlərinə əməl edilməsinin təmin edilməsi kimi öhdəlik qoyulması istisna olunur. Əlavə edilmiş sənədlərdən və müqaviləni analiz edərkən belə qənaətə gəlmək olur ki, aralarında bağlanmış müqavilə üzrə alqı-satqı və borc müqaviləsinin imperativ olan mühüm şərtləri mövcud olmadığına görə onun üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Müqavilə bağlanarkən həm alqısatqı müqaviləsinin, həm də borc müqaviləsinin bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara əməl edilməmişdir və müqavilə qanunvericilikdə nəzərdə tutulmuş məcburi qaydalara uyğun gəlmir. Ümumiyyətlə cavabdehlə aralarında heç bir müqavilə olmamış, onun imzası olan sənəddə müqavilə tərtib edilmiş, iradəsinin ziddinə olaraq üzərinə öhdəlik qoyulmuşdur. Müqaviləni diqqətlə oxuduqda və həmçinin müqavilənin görüntüsü, araya əlavə edilmiş cümlələr həmin müqavilənin saxta olduğunu təsdiq edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, “X4” şirkəti ilə İddiaçı arasında xx.xx.2009cu il tarixdə “alqı-satqı və borc müqaviləsi” bağlanmış, müqaviləyə görə İddiaçı etibar etdiyi R.X.Əhmədlinin adına H-019-439 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsi almaq şərtilə aıqı-satqı dəyəri 62 000 manat olan nəqliyyat vasitəsinin dəyərini əvvəlcədən 24.000 manat ödəmək, qalan 38 000 manatını isə bankdan kredit almaqla 1 ay müddətinə şirkətin “Texnikabank Proqress” filialında olan hesabına ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, “xxxxxxxxxx” ASC-nin 1 saylı filialı ilə İddiaçı arasında ona 26 500 manat kredit verilməsinə dair xx xxxxxx 2009-cu il tarixdə kredit müqaviləsi bağlanmış, öhdəliklərinin icrasının təminatı olaraq “Toyota FJ Cruiser”, mühərrik JTEBU11F970029377, buraxılış ili-2007, rəngi qara avtomaşına dair ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarından həmçinin aydın olur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərarı ilə “X4” şirkətinin kassasiya şikayəti qismən təmin edilmiş, şirkətin İddiaçı qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi barədə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, “X4” şirkətinin iddiasının qismən təmin edilməsi, İddiaçı «Farqo» markalı yük avtomobilinin ödənilməmiş qalan dəyərini təşkil edən 38 000 manatın və öhdəliyin tam icra edilməməsinə görə avtomobilin müəyyən olunmuş alqı-satqı dəyərinin 10 faizini təşkil edən 6.200 manatın, yəni cəmi 44 200 manatın alınaraq “X4” şirkətinə verilməsi qət olunmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, əslində sözügedən məhkəmə aktları ilə iddiaçının hazırda mübahisələndirdiyi müqaviləyə dolayısıyla qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi X1rşı iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Digər tərəfdən kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə (iddiaçı müqavilənin ləğvini tələb etsə də, faktiki olaraq onun etibarsızlığını irəli sürməkdədir) dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. Müqaviləni bağladığından xəbərsiz olması, müqavilələri imzalamadığı barədə iddiaçının apellyasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edir. Çünkü yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi olmuş, həmin mübahisəyə baxılarkən alınmış ekspert rəyi ilə müqavilədəki imzanın iddiaçıya məxsusluğu müəyyən edilmişdir. Bu kontekstdə kollegiya, iddiaçının iddia müddətini ötürmüş olması barədə birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-570/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6627/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6627/2020
27.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver