Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6629/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı6 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2237/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 22 may 2019-cu il tarixli 09 nömrəli əmrinə əsasən məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.
2. "xxxx" ASC-nin X3 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmrinə əsasən, İdarə heyətinin 22 may 2019-cu il tarixli 09 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin üç ay uzadılması, spirt istehsalı ilə əlaqədar olaraq “Spirtin istehsalı və spirtin saxlanması” və “Kompressor-qazanxana” sexinin işçiləri ödənişsiz məzuniyyətdən geri çağırılması, istehsal başa çatdıqdan sonra ödənişli məzuniyyətdə hesab edilmələri əmr edilmişdir.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 20 sentyabr 2019-cu il tarixli 11 nömrəli əmri ilə səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti yenidən 31 dekabr 2019-cu il tarixədək uzadılması əmr edilmişdir.
4. Sonuncu dəfə xx.xx.2021-ci il tarixli əmrlə Əmək Məcələsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023 il) 4,10-cü maddəsini əsas tutaraq rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyyəti xx.xx.2022 -ci il tarixdən 6 (altı) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışlar.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh "xxxx" ASC-yə qarşı məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olmasını nəzərə alınaraq onların hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 (üç yüz on ) manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7440 manat yəni, İddiaçı7 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı3 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, X2 -310 m x 36 ay =11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı6 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı5 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı1 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı4 -310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manatın və Mediasiya Şurasına ödədikləri ümumilikdə 350 manatın "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçıların tələbində göstərilir ki, onlar 1988-ci ildən "xxxx" zavoduna (hazırda Açıq Səhmdar Cəmiyyəti) ” işə daxil olmuş və hər birinin aylıq əmək haqqı 310 manat olmaqla əmək müqaviləsi bağlanmışdır. Lakin cavabdeh bağlanmış əmək müqaviləsinin sürətini onlara təqdim etməmişdir. Əmək müqaviləsi üzrə mühasibatlığın verdiyi məlumata əsasən iddiaçıların hər birinin əmək haqqı 310 manat müəyyən edilmişdir. 2019-cu ilə kimi heç bir nöqsan və töhmətləri olmamışdır. Lakin 2019-cu ilin may ayında müəssisənin rəhbərliyi “guya müəssidə istehsalat azaldığından” işə gəlməmələrini bildirmişdir. Bununla əlaqədar, onlar ailədə yeganə işləyən şəxs olduqlarını və işləməyəcəkləri təqdirdə ailənin maddi vəziyətinin çox pis vəziyyətə düşəcəyini bildirmişlər. Lakin buna baxmayaraq, müəssisənin rəhbərliyi bildirmişdir ki, müəssisə qısa müddətdə işə düşən kim onları işə çağıracaqlar. Müəssisə rəhbərliyi ilə konflikt yaratmamaq üçün rəhbərliyə qarşı mübahisə yaratmamaq üçün gözləmişlər. Bu zaman cavabdeh onların işə gəlməməyi barədə heç bir sənədləşdirmə aparmamış və bununla əlaqədar ərizə almamışdır. Çünki, rəhbərlik bildirmişdir ki, tezliklə onları işə çağırtdıracaqdır. Lakin müəssisənin rəhbərliyi - cavabdeh onları işə çağırmadığı üçün iddiaçılar dəfələrlə müəssisədə olmuş və işləmək istədiklərini bildirsələr də, cavabdeh “hər dəfə iş yoxdur gedin sonra çağıracaq” deyərək bizi sakitləşdirmiş və vaxt uzatmışdır. Digəri işçilər kimi onlar da cəmiyyətin rəhbərliyinin sözünə inanmış və gözləmişlər. Bir neçə müddətdən sonra onlar cəmiyyətin sədrinə müraciət edərək ailələrini qismən də olsun saxlamaq və qanunla nəzərdə tutulan qaydada müəssisənin günahı üzündən dayanmalar olduğu üçün əmək haqqının 2/3 hissəsinin ödənilməsini xahiş etmişlər. Lakin cəmiyyətin sədri onların şikayət və tələblərinə əhəmiyyət verməmişdir. 2019-cu ildə müəssisədə istehsalatın dayandırılması barədə hər hansı bir əmr olmamış və işçilərin kütləvi sürətdə işə buraxılmaması barədə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna məlumat verilməmişdir. Hazırda müəssisənin ərazisindəki sex və anbarlar yüksək məbləğə icarəyə verilərək böyük məbləğdə pul vəsaiti əldə olunmasına baxmayaraq, onlara və müəssisənin digər işçilərinə boşdayanmala görə heç bir vəsait ödənilmir. Müəssisənin sexlərini icarəyə götürən şəxs tərəfindən başqa işçilər götürərək işlədir və onlara əmək haqqı verilir. Müəssisənin icarəyə verilmiş sahələrində çalışan işçiləri ilə söhbətləri zamanı onlar bildirmişlər ki, icarə müqavilələri rəsmi və qeyri rəsmi bağlanmış və rəsmi müqavilələrlə ilə ödənilən məbləğlər müəssiənin hesabına köçürülsə də, müqavilədən kənar əldə edilən məbləğlər müəssisə rəhbərliyi tərəfindən mənimsənilir. Müəssisədə istehsalatın dayandırılmasına heç bir zərurət olmamışdır. Çünki müəsisədə iş başqa forma davam etdirirlir. Onlar heç bir yerdə işləmir və ailəni dolandırmaq üçün heç bir başqa təminatı yoxdur. Pensiya almırlar.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2237/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, iddiaçılar 1988-ci il tarixdən etibarən "xxxx" ASC-də işə başlamış və aylıq 310 manat məbləğində əmək haqqı almışlar. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 22 may 2019-cu il tarixli 09 nömrəli əmri ilə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. Həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmri ilə işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin üç ay uzadılması əmr edilmişdir. Eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 20 sentyabr 2019-cu il tarixli 11 nömrəli əmri ilə səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti yenidən 31 dekabr 2019-cu il tarixədək uzadılması əmr edilmişdir. Sonuncu dəfə bu müddət xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə uzadılmışdır. Hazırda iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olmasını nəzərə alınaraq onların hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 (üç yüz on ) manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla əmək haqqı hesablanaraq ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə hesab etmişdir ki, işəgötürənin işçiyə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göründüyü kimi iddiaçılar 2019-cu il tarixdən "xxxx" ASC tərəfindən ödənişssiz məzuniyyətə çıxarılmış və bu müddət ayrı-ayrı əmrlərlə sonuncu dəfə xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən 6 ay müddətə uzadılmışdır. Göründüyü kimi hazırkı mübahisə tərəflər arasında 2019-cu il tarixdən başlamış, lakin iddiaçılar tərəfindən iddia ərizəsi ilə məhkəməyə bir ildən çox müddət keçdikdən sonra müraciət edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində) “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddiaçılar birgə verdikləri apellyasiya şikayətində göstərirlər ki, 2019-cu ildə müəssisədə istehsalatın dayandırılması barədə hər hansı bir əmr olmamış və işçilərin kütləvi surətdə işə buraxılmaması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna məlumat verilməmişdir. Hazırda müəssisənin ərazisindəki sex və anbarların yüksək məbləğə icarəyə verilərək pul vəsaiti əldə olunmasına baxmayaraq, onlara və müəssisənin digər işçilərinə boşdayanmağa görə heç bir vəsait ödənilmir. Müəssisənin sexlərini icarəyə götürən şəxs tərəfindən başqa işçilər işlədilir və onlara əmək haqqı verilir. Eyni zamanda qeyd edək ki, müəssisənin icarəyə verilmiş sahələrində çalışan işçilər ilə söhbətləri zamanı onlar bildirmişlər ki, icarə müqavilələri rəsmi və qeyri-rəsmi bağlanmış və rəsmi müqavilələrlə ödənilən məbləğlər müəssiənin hesabına köçürülsə də, müqavilədənkənar əldə edilən məbləğlər müəssisə rəhbərliyi tərəfindən mənimsənilir. Bunu vergi idarələri yoxlayıb aydınlaşdıra bilərlər. Həmçinin, müəssisədə istehsalataın dayandırılmasına heç bir zərurət olmamışdır. Çünki müəsisədə iş başqa formada davam etdirilir. Bir daha bildirirlər ki, onlar heç bir yerdə işləmirlər və ailələrini dolandırmaq üçün heç bir başqa təminatları yoxdur, pensiya almırlar. Ona görə hesab edirlər ki, cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olması nəzərə alınaraq onların hər biri 2019cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 (üç yüz on ) manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7440 manat yəni , İddiaçı7 - 310 m x 36 ay = 11160 manat : 3 = 3720 m. x 2 = 7440 manat , İddiaçı3 -310 m x 36 ay = 11160 manat : 3 = 3720 m. x 2 = 7440 manat , X2 -310 m x 36 ay = 11160 manat : 3 = 3720 m. x 2 = 7440 manat , İddiaçı6 -310 m x 36 ay = 11160 manat : 3 = 3720 m. x 2 = 7440 manat ,İddiaçı5Bəbiş qızı - 310 m x 36 ay = 11160 manat : 3 = 3720 m. x 2 = 7440 manat , İddiaçı1 - 310 m x 36 ay = 11160 manat : 3 = 3720 m. x 2 = 7440 manat , İddiaçı4 -310 m x 36 ay = 11160 manat : 3 = 3720 m. x 2 = 7440 manat hesablanaraq cavabdeh “Şampan Şərab" Açıq Səhmdar Cəmiyyətindən alınaraq onlara ödənilməlidir. Əmək Məcəlləsinin 169-cu maddəsinin tələbinə əsasən, "Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir ". Lakin müəssisə qanunla onun üzərinə qoyulmuş vəzifələri kobud pozmuşdur. Cavabdeh tərəfindən boşdayanmaya görə əmək haqqlarının ödənilməməsi, gələcəkdə pensiyaya çıxarkən həmin dövrün iş stajı kimi nəzərə alınmamasına və sığorta kapitallarının az olmasına səbəb olacaq. Onlar uzun müddət həmin müəssisədə işlədikləri üçün dövlət müəssisələrin özəlləşdirilməsində iştirak etmiş və özəlləşdirmə çekləri müəssisənin səhmlərinin alınmasına ödəmişlər, müəssisənin səhmdarlarıdırlar. Lakin nədənsə müəssiənin bir səhmdarı böyük məbləğdə gəlir götürür, digər səhmdarı öz ailəsini saxlamaq üçün maddi təlabatını ödəyə bilmir. Həmçinin, müəssisənin səhmdarları olmalarına baxmayaraq, müəssisə onların səhmlərinə görə heç bir ödəniş etmir. Onlar məcburi boşdayanmaya görə müxtəlif orqanlara, o cümlədən AR Prezidentinə, Əmək və Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək onlara köməklik etmələrini və işlərinə bərpa olunmalarını xahiş etmişlər. Ona görə qanunvericiliyin tələblərinə əsasən, cavabdehlə aralarınada yaranan mübahisəni mediasiya qaydasında həll etməyə çalışmış və müəssisəyə təklif göndərmişlər. Lakin cavabdeh onların tekliflərinə cavab verməmişdir. Mübahisənin həllinin mediasiya qaydasında həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişlər, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bu barədə öz münasibətini bildirməmişdir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən yalnız cavabdehin bir tərəfli qaydada əmrlərini əsas götürmüşdür . Halbuki, müəssisə tərəfindən verilmiş əmrlərin heç biri işçilərə məlumat verilmədən qəbul edilmişdir. Müəssisənin işçilərə məlumat verilmədən və işçilərin razılıq ərizələri alınmadan onların davamlı müddətlərdə öz hesablarına məzuniyyətlərə göndərilməsi barədə Əmrlər əmək qanunvericiliyinin kobud pozuntusu hesab olunur. Mübahisəli iş üzrə qanunvericiliyin pozulması ilə qəbul edilmiş əmrlərə istinad etməsi məhkəmənin qərəzli olduğuna və sifariş əsasında qətnamə qəbul edilməsinə dəlalət edir. Məhkəmə mübahisəli iş üzrə qətnamə qəbul edərkən qətnamədə qeyd edir ki, guya mübahisəli iş üzrə iddia müddəti ötürülmüşür. Məhkəmə öz qətnaməsini onunla əsaslandırır ki, işçiyə qarşı ziyan vurulması məsələsi ilə əlaqədar işçi vurulmuş ziyanın aşkar edildiyi andan 1 il müddətində məhkəməyə müraciət etməlidir. Məhkəmənin həmin hala istinad etməsi qanunsuz və əsasızdır. Çünki, məhkəmənin göstərdiyi hallar işçiyə vurulmuş ziyanla əlaqədardır. Nəzərə alınmalıdır ki , onların tələbi vurulmuş ziyan ilə əlaqədar deyil, yalnız məcburi boşdayanma ilə əlaqədardır. Məhkəmənin qəbul etdiyi qətnaməni əsaslandırmaq üçün Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad etməsi məntiqsiz və əsasızdır. Həmin maddəyə o halda istinad edilməlidir ki, işəgötürənlə işçi arasında əmək münasibətlərinə xitam verilmiş olsun. Lakin onlarla işgötürən arasında əmək münasibətləri məhkəməyə müraciət etdikləri vaxta kimi davam etmişdir. Məhkəmənin Mülki Məcəllənin 373.2-ci və 375.2-ci madəsinə istinad etməsi də əsasızdır. Belə ki, əmək münasibətləri işçi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsi və işəgötürənlə işçilərinin hüquqlarının təminatçısı Həmkarlar Komitəsi tərəfindən bağlanan kollektiv müqavilədə nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əsasən, işəgötürənlə işçilərin adından bağlanmış kollektiv müqavillərdə bilavasitə məcburi boşdayanmaya görə müəssisə tərəfindən işçilərə əmək qanunvericiliyinə uyğun olaraq ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. İşəgötütən tərəfindən işçilərin əmək hüquqlarının pozulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Belə ki, Müfəttişliyin araşdırmalarında işəgötürən tərəfindən işçilərin davamlı olaraq işçilərin razılığı olmadan ödənişsiz məzuniyyətə buraxılması Əmək Məcəlləsinin 129-cu maddəsinin tələblərinin pozulduğu, ona görə də işəgötürənin İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmişdiredildiyi qeyd edilir. Cavabdeh məhkəməyə təqdim etdiyi əmrlərin heç biri məhkəməyə kimi işçilərin nəzərinə çatdırılmamışdır. Ona görə də, həmin əmrlər birtərəfli xarakter daşıdığından əssasız hesab edilməlidir. Belə ki, onlarla əmək müqaviləsi bağlamış müəssisə əmək müqaviləsində göstərilməyən hallar ilə əlaqədar yaranan mübahisələr Əmək Məcəlləsi ilə nizamlanmasına imza etmişdir. Eyni zamanda işçilərin kütləvi sürətdə işdən azad edilməsi, işçilərin iş yerlərinin ixtisara düşməsi ilə əlaqədar işəgötürən əmək qanunvericiliyinə əsasən, Əmək Müfəttişliyinə və Məşğulluq Mərkəzlərinə məlumat verməyə borcludur. Lakin bu vaxta kimi işəgötürən həmin orqanlara məlumat verilməmək və işçilərə xəbərdarlıq etməməklə əmək qanunvericiliyinin göstərilən tələblərini kobud pozmuş hesab olunur. b) Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı6 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, lakin sonuncu məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Konstitusiyasının:
12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 28.3. Kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir. Maddə 29. Kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir. Maddə 31.1. Kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər. Maddə 129.1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Maddə 129.2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddə 146.1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Maddə 146.2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə 169.1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsində eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan digər maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia qismən haqlı sayılırdı. Lakin birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozub, eləcə də müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib iddianı tam rədd etməklə düzgün olmayan qətnamə qəbul etmişdir.
21. Belə ki, işdən görünür ki, "xxxx" açıq səhmdar cəmiyyəti işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 22 may 2019-cu il tarixli 09 nömrəli əmrlə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq işçilərin, o cümlədən hazırki iş üzrə iddiaçıları ödənişsiz məzuniyyətə buraxmışdır. Cavabdeh tərəfindən bu cür əmrlər Əmək Məcəlləsinin 129-cu maddəsnin 2-ci hissəsində əsaslanmaqla davamlı olmuş və sonuncu dəfə xx.xx.2021-ci il tarixli əmrlə Əmək Məcələsinin 129-cu maddəsinin 2-ci hissəsi və kollektiv müqavilənin (2020-2023 il) 4.10-cü bəndi əsas götürülərək rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyyəti xx.xx.2022 -ci il tarixdən 6 (altı) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışlar.
22. Ancaq bu cür əmrlər verilərkən Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinin tələblərinə, yəni iddiaçıların bu barədə müraciətlərinin olub-olmamasına yaxud tərəflərin qarşılıqlı razılığına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Kollektiv müqavillərdə işçilərə ödənişsiz məzuniyyət verilə bilər. Lakin bu halda da işçilərin, o cümlədən hazırki iddiaçıların buna razılığı olmalı idi. Lakin iddiaçıların belə bir razılığı olmamışdır.
23. Bundan əlavə, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsi işçilərə ödənişsiz məzuniyyətin müddətini 6 ayla məhdudlaşdırmışdır, başqa sözlə ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox ola bilməzdi. Ancaq hazırki işdən görünür ki, cavabdeh 2019-cu ilin may ayından başlayaraq 2022-ci ilin iyun ayına qədər, yəni 36 ay müddətinə davamlı olaraq, 1, 3, 6 ay müddətlərində fasilələrdə iddiaçıları ödənişsiz məzuniyyətə buraxmışdır. Bu cür vəziyyətdə qeyd olunan maddənin tələblərini də açıq-aşkar pozmuşdur. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 129-cu maddəsinin tələblərinin pozulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinin 27 aprel 2022-ci il tarixli İddiaçı2 ünvanladığı məktubda da təsdiq olunmuşdur(bax.i.v.151).
24. Düzdü, işə əlavə edilmiş kollektiv müqavilənin 4.10-cu bəndində(bax.i.v.80) işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilməsi, qanunvericilikdə müəyyən edilmiş müddətdən çox olmayaraq bir təqvim ilində bir neçə dəfə ola bilməsi nəzərdə tutulmuşdur. Lakin bu o demək deyil ki, ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox ola bilər. Əmək Məcəlləsinin 146-cı maddəsinin 1ci hissəsinin axırıncı cümləsində də işəgötürənin təqsiri olmadan istehsalın və işin dayandırılması zamanı ödənişsiz məzuniyyətin müddətinin işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmaması imperativ qaydada müəyyən edilmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 146-cı maddəsinin tələblərinin pozulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinin 21 aprel 2022-ci il tarixli iddiaçılar Həsən Qəhrəmənova və İddiaçı3 ünvanladığı məktublarda da təsdiq olunmuşdur(bax.i.v.59-60).
25. Göründüyü kimi, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Buna baxmayaraq, iddiaçıların iddia ərizəsi birinci instansiya məhkəməsinə 26 aprel 2022-ci il tarixdə daxil olmuşdur. Lakin onların iddia tələbləri 2019-cu ildən 2022-ci ilin may ayına kimi olan, yəni 36 aylıq bir dövrü əhatə edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Cavabdeh tərəfindən isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edlməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Deməli, iddiaçılara sonuncu bir il üçün Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə görə işçinin təqsiri olmadan boşdayanma vaxtı üçün müəyyən edilmiş dərəcənin tarif(vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
26. İddia tələbində də göstərildiyi kimi iddiaçıların hər birinin aylı əmək haqqı 310 manat olmaqla, bir il üçün 3720 manat, 3720 manatın üçdə iki hissəsi isə 2480 manat təşkil edir. Lakin iddiaçılardan İddiaçı1, İddiaçı3 və İddiaçı4 hazırkı tələblə məhkəməyə müraciət edənədək əmək müqavilələri ləğv edilməsə də, iddiaçılardan İddiaçı7 ilə bağlanmış əmək müqaviləsinə 30 noyabr 2021-ci ildə, İddiaçı2, İddiaçı5 və İddiaçı6 ilə bağlanmış əmək müqavilələrinə isə 29 dekabr 2021-ci ildən xitam verilmişdir. Deməli, iddiaçılardan İddiaçı1, İddiaçı3 və İddiaçı4 hər birinə 2480 manat ödənilməli olduğu, İddiaçı2, İddiaçı5 və İddiaçı6 hər birinə 1550 manat, İddiaçı7 isə 1240 manat ödənilməlidir. Çünki, iddiaçılar İddiaçı7, İddiaçı2, İddiaçı5 və İddiaçı6 əmək müqaviləsinə xitam verilməsindən sonra cavabdehə qarşı başqa tələbləri ola bilər, lakin hazırki tələbləri əmək müqaviləsinə xitam verildiyi gündən sonrakı dövr üzrə təmin edilə bilməz.
27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2237/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətindən 2480 manat tutularaq İddiaçı1, 2480 manat tutularaq İddiaçı3, 2480 manat tutularaq İddiaçı4, 1550 manat tutularaq İddiaçı2, 1550 manat tutularaq İddiaçı5, 1550 manat tutularaq İddiaçı6 və 1240 manat tutularaq İddiaçı7 xeyrinə ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2237/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətindən 2480 manat tutularaq İddiaçı1, 2480 manat tutularaq İddiaçı3, 2480 manat tutularaq İddiaçı4, 1550 manat tutularaq İddiaçı2, 1550 manat tutularaq İddiaçı5, 1550 manat tutularaq İddiaçı6 və 1240 manat tutularaq İddiaçı7 xeyrinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.