Məhkəmə qərarları › İş №2(103)-663/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-663/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-663/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və onun əsasında “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olmuş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, ümumi sahəsi 0,0965 ha olan 341 “C” saylı torpaq sahəsinə dair onunla bacısı oğlu olan Cavabdeh arasında bağlanmış 15.12.2016-cı il tarixli “Alğı-satqı müqaviləsinin”, habelə həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, 24.01.2017-ci il tarixli “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən torpaq sahəsi, üzərində fərdi yaşayış evi tikmək üçün, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15.04.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin sahədə fərdi yaşayış evi inşa etdirmişdir. Evin inşası 2004-cu ilədək davam etmişdir. Torpaq sahəsinin alınması 1999-cu il tarixdən olmasına baxmayaraq, torpağın və fərdi yaşayış evinin sənədləşdirilməsi 2016-cı ilə təsadüf edir. DƏDRX Əİ tərəfindən 07.06.2016-cı il tarixdə iddiaçının adına həmin torpaq sahəsinə dair “Plan və ölçü” və RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarış” verilmişdir. İddiaçının bacısı oğlu olan Cavabdeh həmin ərəfədə ailə qurmuş, lakin yaşamağa evi olmadığı üçün iddiaçı ilə Cavabdeh razılığa gəlmişlər ki, Cavabdeh həmin evə köçərək yaşamalı, orada yaşaya-yaşaya 4 il ərzində 185.000 manat məbləğində pulu iddiaçıya hissə-hissə ödəməklə torpaq sahəsini və sahədə inşa edilmiş evi iddiaçıdan satın alacaqdır. Cavabdeh avtomobillərin alğı-satqısı ilə məşğul olduğundan iddiaçı inanırdı ki Cavabdeh vədlərinə əməl edəcək. Razılığa əsasən onlar arasında 15.12.2016-cı il tarixdə Bakı Şəhəri 18 saylı Notariat Kontorunda “Alğı-satqı müqaviləsi” bağlanmış və müqavilədə qeyd edilmişdir ki, torpaq sahəsinin qiyməti 4.000 manatdır. İddiaçı, razılığa əməl edərək torpaq sahəsini və evi Cavabdeh təhvil versə, Cavabdeh “Reyestrdən çıxarış” alsa da, iddiaçıya ödəniş etməmiş və iddiaçının ona dəfələrlə etdiyi müraciətlərə cavab olaraq bildirmişdir ki, hazırda maddi vəziyyəti çətin olduğu üçün pulu ödəyə bilmir, maddi vəziyyəti düzələn kimi ödəyəcək. İddiaçı, qohumluq münasibətlərini nəzərə alaraq 4 ildən çox müddət gözləmiş və 04.06.2021-ci il tarixdə Cavabdeh yazılı qaydada müraciət edərək Cavabdeh təklif etmişdir ki, 10 gün müddətində müqavilənin ləğvini həyata keçirsin, lakin bu da heç bir nəticə verməmişdir. Bu səbəbdən də, iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə əsassız olaraq keçmişdir. Cavabdeh iddiaçı ilə aralarında olan razılığın şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da, iddiaçıya zərər vurmuş, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Belə olan halda isə, müqavilənin qüvvədə qalmasına heç bir əsas mövcud deyil. Məhz buna görə də müqavilə və müqavilə əsasında DƏDRX Əİ tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh adına verilmiş “Çıxarış” ləğv edilməlidir. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.09.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş Cavabdeh, apellyasiya şikayətinin və iddia tələbinin dəlillərinə şərtlə etiraz etmişdir. O bildirmişdir ki, xalası olan iddiaçı ilə iddia ərizəsində qeyd edilən qaydada razılığa gəlsə də, özündən asılı olmayan səbəblərdən razılığa əməl edə bilməmişdir. Belə ki, o, Gürcüstandan münasib qiymətə avtomobillər alaraq Azərbaycana gətirir, onları bir qədər baha sataraq qazanc əldə edirdi. İddiaçı ilə razılığa gələn və müqavilə bağladığı zaman işləri yaxşı idi. O, iddiaçıya hissəhissə, ümumilikdə 20.000 manat pul ödəmişdir. Bundan sonra Gürcüstanda avtomobillərin qiyməti qalxmış, sərhəddə çətinliklər yaranmış və onun işləri pisləşmişdir. Bu səbəbdən o, iddiaçıya ödəniş edə bilməmişdir. Əgər ödədiyi pul vəsaiti iddiaçı tərəfindən ona qaytarılarsa, o, torpaq sahəsini və evi iddiaçıya qaytarmağa hazırdır. Cavabdehin izahatından sonra iddiaçının vəkili (nümayəndəsi) bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə hər hansı məbləğdə pul ödənilməmişdir. İş üzrə digər cavabdeh olan DƏDRX Əİ işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə DƏDRX Əİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə bildirir ki, iddia tələbinin əsasını o hal təşkil edir ki, Cavabdeh iddiaçı ilə aralarında olan razılığın şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da, iddiaçıya zərər vurmuş, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməmiş, müqavilə bağlanandan sonra isə Cavabdeh ilə iddiaçı arasında əldə olunmuş razılığın şərtlərini Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozması faktı sübuta yetmir. Məhkəmə Rayon Məhkəməsinin “müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməməsi barədə” mövqeyi ilə razılaşsa da, “müqavilə bağlandıqdan sonra Cavabdeh, onunla iddiaçı arasında əldə olunmuş razılığın şərtlərini əhəmiyyətli dərəcədə pozması faktının sübuta yetməməsi barədə” mövqeyi ilə razılaşmır. Çünki iş materiallarında (iş v. 63) Cavabdeh adından tərtib edilməsi və imzalanması qeyd edilən, Rayon Məhkəməsinə ünvanlanmış ərizə var. Həmin ərizədə bildirilir ki, Cavabdeh xalası olan iddiaçı ilə 2016-cı ildə razılığa gəlmişdir ki, mübahisəli torpaq sahəsini və evi, dəyərini 4 il ərzində hissə-hissə ödəmək şərti ilə cəmi 184.000 manata iddiaçıdan alacaq. Bundan sonra o, iddiaçıya 4.000 manat ödəmişdir. Bu və müqavilə bağlanan zaman rüsum az olsun deyə, “Alğı-satqı müqaviləsində” torpaq sahəsinin qiyməti 4.000 manat göstərilmişdir. Müqavilə bağlandıqdan sonra, özündən asılı olmayan səbəblərdən razılığa əməl edə bilməmişdir. Belə ki, o, Gürcüstandan aldığı avtomobillərin satışı ilə məşğul olaraq qazanc əldə edirdi. Sonradan işlərində problemlər əmələ gəlmiş və iddiaçı ilə aralarında olan razılığa əməl edə, iddiaçıya pul ödəyə bilməmişdir. Ümumilikdə iddiaçıya 20.000 manat pul ödədiyindən hesab edir ki, həmin məbləğ iddiaçı tərəfindən ona qaytarılarsa, o, torpaq sahəsini və evi iddiaçıya qaytara bilər. Bundan başqa həmin ərizədə qeyd edilir ki, Cavabdeh Rayon Məhkəməsində xahiş edir ki, işə onun iştirakı olmadan baxılsın. Ərizədən görünür ki, ərizə notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə iclas protokolundan isə görünür ki, ərizə məhkəmədə yazılmamışdır. Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə baxışı iclasının protokolundan və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən görünür ki, Rayon Məhkəməsi həmin ərizəni nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qətnamədən görünür ki, ərizənin “işə Cavabdeh iştirakı olmadan baxılması barədə” hissəsini qəbul etmiş Rayon Məhkəməsi ərizənin qalan hissəsini nəzərə almamış və bunu qətnamədə əsaslandırmamışdır. Apellyasiya baxışı iclasında iştirak etmiş Cavabdeh həm şifahi, həm yazılı qaydada etiraf etmişdir ki, yuxarıda qeyd edilən ərizə onun tərəfindən tərtib edilmiş və imzalanmışdır. Məhkəmə hesab edir ki, əgər Rayon Məhkəməsi ərizənin bir hissəsinin mötəbərliyinə şübhə ilə yanaşırdısa, onda ərizəni bütövlükdə nəzərə almamalı, Cavabdeh məhkəmə baxışı iclasına çağırılması barədə “məhkəmə bildirişi” göndərməli, yaranmış vəziyyətlə bağlı ona məlumat verməli və təklif etməli idi ki, o, məhkəmə baxışı iclasında iştirak edərək iddiaya dair münasibətini bilavasitə məhkəməyə bildirsin, yox, əgər iştirak etmək istəmirsə onda ərizəsini notarial qaydada təsdiq etdirərək məhkəməyə göndərsin. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi iş üzrə nəticəyə gəlmək üçün işin mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmadan iddianı rədd etməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Çünki iddia əsaslıdır və sübuta yetir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsi, üzərində fərdi yaşayış evi tikmək üçün, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15.04.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı bildirir ki, o, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Evin inşası 1999-cu ildə başlamış və 2004-cu ildə bitmişdir. İşdə olan sənədlərdən görünür ki, DƏDRX Əİ tərəfindən 07.06.2016-cı il tarixdə iddiaçının adına həmin torpaq sahəsinə dair “Plan və ölçü” və RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarış” verilmişdir. İddiaçı ilə Cavabdeh bildirdiklərindən müəyyən edilir ki, iddiaçı Cavabdeh xalasıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı Şəhəri 18 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-302 nömrə altında qeydə alınmış 15.12.2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, iddiaçı, özünə məxsus olan həmin torpaq sahəsini 4.000 manata Cavabdeh satmışdır. DƏDRX Əİ tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh adına verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olan əmlak kimi Cavabdeh adına qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh bildirdiklərindən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, “Alğı-satqı müqaviləsində” qeyd edilən məbləğ həqiqəti əks etdirmir. Əslində iddiaçı ilə Cavabdeh razılığa gəlmişlər ki, Cavabdeh həmin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş evə köçərək orada yaşamalı, orada yaşaya-yaşaya 4 il ərzində 185.000 manat məbləğində pulu iddiaçıya hissə-hissə ödəməklə torpaq sahəsini və sahədə inşa edilmiş evi iddiaçıdan satın almalıdır. İddiaçı ilə Cavabdeh arasında mübahisə doğurmur ki, iddiaçı, razılığa əməl edərək torpaq sahəsini və evi Cavabdeh təhvil versə, Cavabdeh “Reyestrdən çıxarış” alsa da, razılığa əməl etməmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 04.06.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh müraciət etmiş iddiaçı Cavabdeh təklif etmişdir ki, 10 gün müddətində müqavilənin ləğvini həyata keçirsin, əks halda o, müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət edəcək. İddiaçı ilə Cavabdeh arasında mübahisə doğuran hal yalnız ondan ibarətdir ki, Cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə pul ödənilib ya yox. Belə ki, Cavabdeh bildirir ki, o, iddiaçıya hissə-hissə cəmi 20.000 manat ödəniş etmişdir. İddiaçı isə bildirir ki, Cavabdeh tərəfindən ona ümumiyyətlə ödəniş edilməmişdir. İşin hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, həqiqətən də iddiaçı ilə Cavabdeh arasında mübahisəli torpaq sahəsinə dair müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməmişdir. Lakin yuxarıda artıq qeyd edildiyi kimi, hazırki apellyasiya baxışının predmetini təşkil edən iddia tələbinin əsasını o hal təşkil edir ki, Cavabdeh iddiaçı ilə aralarında olan razılığın şərtlərini, artıq müqavilə bağlandıqdan sonra əhəmiyyətli dərəcədə pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da, iddiaçıya zərər vurmuş, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). Mülki Məcəllənin 421-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Qeyd edildiyi kimi, iddiaçı ilə Cavabdeh arasında mübahisə doğuran hal Cavabdeh tərəfindən iddiaçıya 20.000 manat məbləğdə pulun ödənilib-ödənilməməsi ilə bağlıdır. Məhkəmə bildirir ki, həmin məbləğin Cavabdeh tərəfindən iddiaçıya ödənilib ödənilməməsi mübahisənin həllinə təsir göstərmir. Çünki əgər həmin məbləğ ödənilmiş olsa belə, ödənilməli olan məbləğin təxminən 1/9 hissəsini təşkil edir. Başqa sözlə müəyyən edilir ki, Cavabdeh iddiaçı ilə aralarında olan razılığın şərtlərini, artıq müqavilə bağlandıqdan sonra əhəmiyyətli dərəcədə pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da, iddiaçıya zərər vurmuşdur. İddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdeh isə iddiaçıya 20.000 manat məbləğdə pulu ödəyibsə, onda həmin pulun iddiaçıdan onun xeyrinə tutulması barədə iddia ilə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddia tələbinin “mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə Cavabdeh arasında bağlanmış 15.12.2016-cı il tarixli “Alğı-satqı müqaviləsinin” ləğv edilməsi barədə” hissəsi Mülki Məcəllənin 421-ci maddəsinin tələbinə görə əsaslıdır. İddia tələbinin digər hissəsi, cavabdeh DƏDRX Əİ tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, 24.01.2017-ci il tarixli “Çıxarışın” ləğv edilməsi barədədir. Məhkəmə bildirir ki, həmin “Çıxarışın” verilməsinə əsas iddiaçı ilə Cavabdeh arasında bağlanmış 15.12.2016-cı il tarixli “Alğı-satqı müqaviləsi” olmuşdur ki, Məhkəmənin artıq yuxarıda qeyd edilən mövqeyinə görə həmin müqavilə ləğv olunmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddianın müzakirə edilən bu hissəsi də əsaslıdır. Beləliklə yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və onun əsasında “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiası təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, ümumi sahəsi 0,0965 ha olan 341 “C” saylı torpaq sahəsinə dair satıcı olaraq İddiaçı ilə alıcı olaraq Cavabdeh arasında bağlanmış 15 dekabr 2016-cı il tarixli “Alğı-satqı müqaviləsi” ləğv edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, 24 yanvar 2017-ci il tarixli “Çıxarış” ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar