Məhkəmə qərarları › İş №2(103)-6632/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6632/2022

12.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6632/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3101/2022 saylı 02 avqust 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında xx.xx.2012-ci il tarixli qarışıq müqavilədən və hesabdan çıxarışdan görünür ki, həmin müqavilə "xxxx" Azərbaycan QSC ilə İddiaçı arasında bağlanmış, sonuncuya 3500 manat limitli kredit xətti ayrılmış və iddiaçı halhazırda həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixə yaranmış 3191,03 manat məbləğində borcun yarısını cavabdehdən tələb edir (xx.xx.2021-ci il tarixə isə dövri borcun məbləği 3460,19 manat təşkil edirdi).

2. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BRSP1799537A142 saylı Kredit müqaviləsi və ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış, müqaviləyə əsasən soncuya 15000 manat həddində kredit xətti açılmış, sonuncu dəfə həmin kredit xətti üzrə xx.xx.2021-ci il tarixdə əməliyyat aparılmış və xx.xx.2022-ci il tarixə 3600 manat məbləğində borc yaranmışdır.

3. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 11/1026-2020 saylı Daxili Maliyyə Lizinqi Müqaviləsindən görünür ki, həmin müqavilə BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən dəyəri 21500 manat olan Kia Sportage minik markalı avtomobil lizinq obyekti olaraq sonuncuya 36 ay müddətinə lizinqə vermişdir. Həmin müqavilənin 11.1-ci bəndində göstərilmişdir ki, “ ... bu müqavilə imzalandığı gündən 5 gün ərzində Lizinq verənin hesablaşma hesabına müqavilənin dəyərinin 10%-i həcmində olmaqla 1240 manat məbləğində xidmət haqqı və 9100 manat ilkin ödənişi, lizinq obyektinin ümümi dəyərinin 42,33% ödəməyi öhdəsinə götürür”.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırımışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan iki övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə məhkəmə qaydasında 17 avqust 2021-ci il tarixdə boşanmışlar. Cavabdeh iddiaçıya qarşı əmlak bölgüsü tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən mülkləri bölünmüşdür. Lakin tərəflərin birgə nikahı dövründə banklardan evlərinin təmiri üçün kreditlər götürülmüş və həmin borclar ödənilməmiş qalmışdır. Belə ki, "xxxx" ASC-dən iddiaçıya xx.xx.2020-ci il tarixdə 15.000 manat kredit xətti açılmış və xx.xx.2021-ci il tarixədək tərəflərin 3600 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda “YapıKredi” bankdan kart vasitəsi ilə pul çıxarılmış və ümumi təsərrüfata xərclənmiş və qalıq borc 3.191,03 manat təşkil etmişdir. Lakin cavabdeh iddiaçı ilə ayrılmış və borcu ödəməkdən imtina etmişdir ki, borc iddiaçının üzərində qalmışdır. Bundan başqa birgə nikahda olarkən "xxxx" BOKT-dan 4516/2020 nömrəli lizinq müqaviləsi ilə **-PT-*** dövlət qeydiyyat nişanlı “KİA Sportage” avtomobil əldə edilmiş və həmin avtomobil cavabdeh tərəfindən idarə olunur. Həmin avtomaşın lizinq müqaviləsi əsasında Cavabdeh adına götürülmüş və ilkin ödəniş kimi 13.000 manat ödənilmişdir, onun da 6500 manatı, eyni zamanda boşanana kimi maşının krediti də ödənilmişdir ki, həmin pulun yarı dəyəri, yəni 2.555 manatı iddiaçıya qaytarılmalıdır. Avtomaşına dair iddiaçıya sənədləri kredit təşkilatı verməkdən imtina edir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh ümumilikdə 12445 manat məbləğində pulun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3101/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddianın qismən təmin edilməsi, 8565,52 (səkkiz min beş yüz altmış beş manat əlli iki qəpik) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 88,10 (səksən səkkiz manat on qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 39,90 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36, 37.1 və 37.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin olunması hissəsində ləğv edilməsini və iddianın tam rədd olunması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə prosesində qeyd etmişdir ki, iddiaçı tərəfindən birgə nikah dövründə alınmış kreditlərdən onun xəbəri yoxdur. İddiaçının onları nə məqsədlə götürdüyündən və hara xərclədiyindən məlumatsızdır. Həmçinin cavabdeh iddiaçının aylıq gəlirlərinin nəzərə alaraq və belə kredit kartlarının götürülməsinə və oradan pulların istifadə edilməsinə zərurət olmadığını bildirmişdir. Cavabdeh iddiaçının bank kartlarından istifadə etdiyi pulları ailə təsərrüfatı üçün xərcləmədiyindən əmindir. Hesab edir ki, iddiaçı bank kartlarından istifadə etdiyi pulları özü üçün xərcləyib. Bu səbəbdən bank kartlarından istifadə edilmiş pulların yarısının cavabdehdən tutulması əsassızdır. Məhkəmə bank çıxarışlarında olan məlumatları düzgün şəkildə araşdırmamış, pulların bir dəfəyə və ya hissə hissə çıxarılmasını və haraya köçürülməsi məsələlərini müəyyən etməmişdir. Lizinqə götürülmüş avtomobilə bağlı cavabdeh qeyd edir ki, həmin avtomobilin ilkin ödənişini o, şəxsən özü, anasına məxsus avtomobili satmaqla ödəmiş və iddiaçı bu ödənişin edilməsində heç bir maddi dəstək göstərməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən (anasına məxsus avtomobil üçün digər şəxsə etibarnamə verilməsi) də aydın olur ki, lizinqə götürülmüş maşın cavabdehin anasına məxsus olan maşının satışından əldə olunan vəsait hesabına alınmışdır. O anasına məxsus maşını satdıqdan sonra həmin pulla lizinqə maşın götürmüşdür. Anasına məxsus avtomobilin satılması və onun lizinqə maşın götürməsi arasında bir neçə gün fərqin olması lizinqə götürülmüş maşının ilkin ödənişin iddiaçı ilə əlaqəli olmadığını təsdiqləyir. Sonradan avtomobil xarab olması və təmiri çox pul aparması səbəbindən o, avtomobili başqa şəxsə vermişdir. Həmin şəxs sırf insanlıq xatirinə ona etibarnamə vermişdir ki, Bakıda olmadığı vaxtda o, avtomobildən istifadə edə bilsin. Göstərilənlərə əsasən iddiaçının tələbləri tamamilə əsassızdır və rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 36 ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.

14. Maddə 37.1 ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 82.3 bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

18. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə xahiş etdiyindən apellyasiya baxışının hədlərini məhz iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı iddianın təmin edilməməsi hissəsidə qətnaməni mübahisələndirməmişdir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3101/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Cavabdeh apellyasiya şikayətindən kredit götürülmüş pulların ailənin ehtiyaclarına sərf edilməməsini qeyd etsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə olaraq, kredit xəttlərinin birgə nikah dövründə açılması və pulun tərəflərin birlikdə təsərrüfat apardığı dövrdə məxaric edilməsi müvafiq hesabdan çıxarışlarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1703/22 saylı qərarından görünür ki, “... müəyyən edilmişdir ki, iddiaçı (*Cavabdeh) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra da tərəflər bir ünvanda yaşamağa və birlikdə təsərrüfat aparmağa davam etmiş, cavabdeh (*X2) bu müddət ərzində azyaşlı uşaqların bütün xərclərini ödəmişdir. Tərəflər yalnız birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra (*xx.xx.2021-ci il) ayrı yaşamağa başlamışlar”.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

27. Cavabdeh həmçinin apellyasiya şikayətində avtomobilə görə ilkin olaraq ödənilmiş pul məbləğlərini anasına məxsus avtomobilin satışından əldə edilməsini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin anasına məxus avtomobilə dair müqavilə bağlanan dövrdə etibarnamələrin verilməsi, ilkin ödənişin avtomobilin satışından əldə edilmiş pul vəsaiti hesabına icra edilməsinə dəlalət etmir. Belə ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

28. Göründüyü kimi, 3191,03 manat, 3600 manat və 10340 (9100+1240) manat məbləğində pul ər-arvadın ümumi borcları olması iş materialları ilə təsdiq olunduğundan, məhkəmə haqlı olara hesab etmişdir ki, həmin məbləğlərin yarısı, yəni 8565,52 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirlən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3101/2022 saylı 02 avqust 2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar