Məhkəmə qərarları › İş №2(103)-6633/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6633/2025

15.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6633/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (açar sözlər: iddia ərizəsini qəbul etməkdən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ümumvətəndaş pasportunun alınması” tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-6998/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “ümumvətəndaş pasportunun alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 6998/2025 nömrəli qərardadı ilə (hakim L.M.Məmmədova) iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması qərara alınmışdır.

3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, müvafiq qanunvericiliyin tələblərinə əsasən yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) ölkədən valideynlərinin biri ilə və ya tək getməsi qaydasının nizamlayarkən onların valideynləri ilə birlikdə və ya ayrı yaşaması faktını nəzərə almadan, universal şərt kimi notariat qaydasında təsdiq edilmiş razılığın olmasını müəyyənləşdirmişdir. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir. Göründüyü kimi, müvəqqəti olaraq ölkə hüdudlarından kənara çıxarılmış uşağın (uşaqların) yenidən ölkəyə qayıtması üçün hər hansı bir icazənin alınmasına ehtiyac yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında qanuni qüvvəyə minmiş “valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması və qayıtması” barədə qətnamə olduğu halda, həmin qətnamə uşağa Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun verilməsi üçün əsasdır. İddiaçıya izah olunmalıdır ki, inzibati orqan tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun verilməsindən imtina edildiyi halda həmin imtinadan müvafiq inzibatı məhkəməyə müraciət hüququ vardır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından olan övladları X4 xx.xx.2017-ci il təvəllüdlüdür. Azyaşlının ümumvətəndaş pasportunun etibarlılıq müddətinin bitməsinə az qalmışdır. Atanın müvafiq pasportu almağa razılıq verməməsinə görə, azyaşlının müvafiq şəxsiyyəti təsdiqedici sənədləşməsinin həyata keçirilməsində problemlər yaranacağı bəllidir. Məhkəmə hüquqi müəyyənlik prinsipini əsas götürməklə, bu prosesin həllini həyata keçirməkdənsə, prosesi qeyri-müəyyən formada həll edilməsi müşkül bir vəziyyətə salır. Bu isə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan azadlıq hüququnun da pozulmasına səbəb olur. Belə ki, azyaşlının hərəkət azadlığı məhdudlaşır. Müvafiq pasportun əldə edilməsi üçün valideyn razılığının alınması zəruri şərtdir. Qanunda bu haldan hər hansı istisnaya yer verilməmişdir. Azyaşlının atasının müvafiq razılığı verməkdən imtina etməsini də diqqətdə saxlamaq lazımdır. Belə olan halda uşağın ölkədən çıxışı işlərində tətbiq edilən təcrübənin analoji qaydada bu hala da tətbiq edilməsi həm normativ aktların tətbiqi zamanı analogiyaya dair qanunvericiliyə, həm də hüquqi müəyyənlik prinsipinə uyğun olacaqdır. Göründüyü kimi, azyaşlının atası uşağın ümumvətəndaş pasportunun yenilənməsi üçün razılıq verilməsindən imtina edir. Belə olan halda isə, məhkəmənin prosesə müdaxilə etməsi və ümumvətəndaş pasportunun verilməsini təmin etməsi qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə və uşaq hüquqlarının məhdudlaşdırılmasının qarşısını almağa şərait yaradacaqdır. Əks halda, məhkəmənin müvafiq akt forması kimi hüquqi müəyyənlik yaratmayan və işi mahiyyəti üzrə həll etməyən qərardadla məsələyə münasibət bildirməsi və ölkədən çıxışa icazə qətnaməsinin eyni hüquqi mahiyyəti daşıması vurğulaması özü özlüyündə həm maddi, həm də prosessual normalarının pozulmasına səbəb olur. Məsələni tam tənzimləmək üçün qətnamə formasında hüquqi olaraq, sənədin verilməsinə icazə verilməsi mübahisəni həll edəcəkdir. İşin inzibati məhkəmə aidiyyətinə aid olması məsələsi iıə bağlı düşünürlər ki, mübahisənin sonrakı mərhələsidir. Belə ki, qanun ilk növbədə müraciət üçün atanın razılığını şərt kimi qoşur. Yəni, inzibati orqana müraciət edən zaman atanın razılığı olmalıdır. Belə olan halda, atanın razılıq vermədiyi zaman bu razılığı əvəz edən müvafiq qanuni qüvvəyə minmiş qətnamə olmalıdır ki, inzibati orqanının mahiyyəti üzrə məsələyə münasibəti alına bilinsin.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim R.N.Qoşqarlı) şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

9. Cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2017-ci il təvəllüdlü qızı – X1 ümumvətəndaş pasportunun verilməsinə razı olduğunu bildirməsinə dair notarial qaydada təsdiqlənmiş ərizə təqdim etmişdir.

Tətbiq edilən hüquq normaları:

10. “Pasportlar Haqqında” Azərbaycan Respulikası Qanunu Maddə 8. Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir. Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan, ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin halları təsdiqləyən sənədlər əlavə edilməlidir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 153.2.1. İddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-6998/2025 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

13. İşdən görünür ki, hazırda iddiaçı cavabdehin razılığı olmadan ümumvətəndaş pasportunun alınması ilə bağlı icazənin verilməsini tələb edir.

14. Belə ki, ümumvətəndaş pasportunun verilməsi haqqında müvafiq dövlət orqanına verilən ərizəyə əlavə edilməsi zəruri olan sənədlərdən biri də 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığıdır.

15. Kollegiya birinci instansiya məhkəməsinin tərəflər arasında qanuni qüvvəyə minmiş “valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması” barədə qətnamə olduğu halda, həmin qətnamə uşağa Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun verilməsi üçün əsas olması mövqeyi ilə razılaşmır.

16. Qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində və şikayətində cavabdeh tərəfindən sözügedən razılığın verilmədiyinə istinad edir.

17. Halbuki, cavabdeh tərəfindən məhkəməyə xx.xx.2017-ci il təvəllüdlü qızı – X1 ümumvətəndaş pasportunun verilməsinə razı olduğunu bildirməsinə dair notarial qaydada təsdiqlənmiş ərizə təqdim etmişdir.

18. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə tərəflərin iştirakı ilə baxılması imkanı nəzərdən keçirilməklə hazırda tərəflər arasında mübahisənin mövcud olub-olmaması aydınlaşdırılmalı, bundan sonra iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsi həll edilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 6998/2025 nömrəli qərardadı ləğv edilsin və qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iddianın icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar